Müəllimlərimiz “Erasmus+” layihəsinin İsveç təlimində

post-img

Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti İsveç Krallığının Stokholm şəhərində səfərdə olub. Ölkəmiz Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda  “Erasmus+” layihəsi çərçivəsində həyata keçirilən konsorsiumunun üzvüdür. 

Mingəçevir Dövlət Universitetinin (MDU) layihə koordinatoru olduğu səfər çərçivəsində KTH Kral Texnologiya Univerisitetində sahibkarlıq və innovasiya mövzularında faydalı təlimlər keçirilib. Təlimlərdə koordinator universitetin rektoru Şahin Bayramov, digər tərəfdaş universitetlərin prorektorları, inzibati və akademik heyət üzvləri, o cümlədən Polşanın Bydgoszc İqtisadiyyat Univeristetinin əməkdaşları iştirak ediblər. 

Səfərin əsas məqsədi universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq fəaliyyətlərinin səmərəli təşkili istiqamətində İsveç təcrübəsinin öyrənilməsi olub. 

 Azərbaycan Turizm və Menecment Universitetinin tədris işləri üzrə prorektoru, professor Zaur Bağırov və Karyera və kommunikasiya şöbəsinin müdiri, layihənin universitet koordinatoru Səidə Məmmədova təlimlərdə iştirak ediblər. Səfərin ilk günü Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov layihənin önəm və əhəmiyyətindən bəhs edib. Rektor səfərin Azərbaycanda ali təhsil müəssisələrinin, xüsusilə də region universitetlərinin sahibkarlıq və innovasiya fəaliyyətlərinin gücləndirilməsində, təşəbbüskar və innovativ ideyaların yaranması və dəstəklənməsində mühüm rol oynayacağını vurğulayıb. 

Koordinator Eşqin Bayramov layihənin məqsədləri və fəaliyyət planı ilə əlaqədar ətraflı təqdimatla çıxış edib. KTH Kral Texnologiya Univerisitetinin müvafiq sahələr üzrə məsul nümayəndələri Viktor Kordas, Oleksii Pasichnyi, Kristina Nyström, Johan Blaus, Olga Kordas, Donnie Lygonis, Pia Schmidt sahibkarlığın gücləndirilməsi-sahibkarlıqda təhsil, innovasiya, texnologiya əsaslı sahibkarlıq, ali təhsil və tədqiqatda innovasiyalar, sahibkarlıq və innovasiyaların inkişafında beynəlxalq layihələr  kimi mühüm mövzularda təqdimatlar nümayiş etdiriblər. 

Təqdimatlar üzrə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri xarici partnyorlarla geniş müzakirələr və fikir mübadilələri aparıblar. İsveç təcrübəsi ilə yanaşı nümayəndə heyəti ali təhsildə sahibkarlıq və innovasiyanın tətbiqi üzrə Polşanın WSG Universitetinin təcrübəsi ilə tanış olublar.

Qeyd edək ki,  Global Sahibkarlıq Monitorinqi tədqiqatçılarının 2022-ci il hesabatına əsasən yüksək gəlirli ölkələr qrupuna daxil olan 31 ölkə içərisində 18-ci yeri tutan İsveç, eyni zamanda “Global İnnovasiya İndeksi”nin 2022-ci il hesabatında  yer alan 132 iqtisadiyyat arasında 3-cü yerdədir.  2023-cü ilin QS reytinq sisteminə görə Nordic regionunda 1-ci, Avropada 20-ci, dünyada 73-cü yerdə olan KTH  Kral Texnologiya Univerisiteti Times Higher Education reytinqi üzrə isə dünyada 155-ci, xüsusilə mühəndislik və texnologiya ixtisasları üzrə reytinqdə 53-cü yerdə qərarlaşıb. 

Sahibkarlıq və innovasiyanın qarşılıqlı inkişafı üzrə aparıcı mövqedə olan İsveçdə  müvafiq tərcübənin öyrənilməsi Azərbaycan ali təhsil müəssisələrinin sözügedən istiqamətdə inkişafına mühüm töhfələr verəcəkdir.

Təlimlərin yekununda layihə tərəfdaşları növbəti fəaliyyətlər və koordinasiya məsələləri üzrə müzakirələr aparıblar.

 

Zərifə BƏŞİRQIZI,
XQ 



Təhsil