Sertifikatlaşdırma imtahanları təhsildə stimullaşmaya xidmət edir

post-img

Getdikcə inkişaf edən, qloballaşan dünyada yeni texnologiyaların bütün sahələrə tətbiq edildiyi bir zamanda, cəmiyyətimizdə böyük diqqət yetirilən təhsil sistemi də yeniləşmə tələb edir. Ölkəmizin ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikatlaşdırılması bu istiqamətdə görülən ən mühüm işlərdəndir və bu addım təhsilin keyfiyyətinə təsir etmək baxımından növbəti təkan olacaq. 

Artıq dünən Təhsil İnstitutu sertifi­katlaşdırılma imtahanlarına hazırlaşan müəllimlərə dəstək məqsədilə sınaq im­tahanları keçirib. Onlayn formada təşkil edilən imtahanlarda Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif müəllimləri iştirak ediblər. İmtahan linkinin bütün gün açıq olmasına baxmayaraq, hər bir müəllimin yalnız bir dəfə 120 dəqiqə ərzində sınaq imtahanında iştirak etmək imkanı qaza­nıb.

Qusar rayonu Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin direktoru Baba­can Zəkiyev ölkəmizdə təhsil sistemin­də böyük islahatların aparıldığını bildir­di: “Məktəbimizin həm ibtidai sinif, həm də azərbaycan dili müəllimləri budəfəki imtahanda özlərini sınayıblar. Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlərin sertifikasiya imtahanlarına cəlb edilmə­si, prosesin daha da inkişaf etdirilməsi istiqamətində davamlı təkmilləşdirmə tədbirlərinin həyata keçirilməsi bu sahə­nin inkişafı istiqamətində atılan müsbət addımlardır. 

Sertifikasiyanın nəticələri 50-dən yuxarı bal toplayan müəllimlərin əmək­haqqına 30 faiz, digər müəllimlərin əməkhaqqına isə 10 faiz əlavələr tətbiq ediləcək. Bu da əməyin stimullaşdırıl­ması baxımından çox önəmlidir. Sertifi­katlaşdırma imtahanları hamı tərəfindən birmənalı qarşılanmasa da, ümumilikdə cəmiyyətdə müsbət qarşılanır. İnsanla­rın öz üzərində çalışması baxımından bu addım çox önəmlidir. Düşünürəm ki, bu proses şagirdlərin nailiyyətlərinin ar­tırılmasına da təsirini göstərəcək.

Astara şəhəri C.Babayev adına 3 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Arzu Həbibova cəmiyyətin tərəqqisinə təsir edən müəllimlik peşə­sinin vacib və kifayət qədər ciddi peşə olduğunu bildirdi: “Məsuliyyəti başa düşüb, mütəmadi olaraq biliklərimizi artırmağa səy göstəririrk. Artıq 24 ildir ki, gənc nəslin təlim-tərbiyəsi ilə məş­ğul oluram. Sertifikasiyanın məqsədi ildən-ilə inkişaf edən təhsildə müəllim­lərin biliklərini qiymətləndirməkdir. İn­diyədək diaqnostik imtahanda iştirak etmişəm. 80 faiz nəticə göstərmişəm. Sertifikatlaşdırılma imtahanlarına ha­zırlaşan müəllimlərə dəstək məqsədilə keçirilən sınaq imtahanları biliklərimi­zi qiymətləndirmək baxımından bizim üçün önəmlidir”. 

Sınaq imtahanından sonra fikirlə­rini bölüşən gənc müəllimə Pərvanə Əlibəyli qeyd etdi ki, sertifikasiyanın müəllimlər arasındakı rəqabəti güc­ləndirəcəyi şəksizdir: “Müəllimlərin bi­liyinin düzgün qiymətləndirilməsi onlar arasında rəqabətin artmasına səbəb olacaq. Düşünürəm ki, bu, həm də bi­zim üçün stimul olacaq. Kim yaxşı nəti­cə göstərəcəksə, onun biliyi də yüksək qiymətləndiriləcək. Biz gənc müəllimlər daim inkişafa can atırıq. Sertifikasiya kimin biliklərinin hansı səviyyədə oldu­ğunu göstərəcək. Əminəm ki, bu addım təhsilimizin inkişafına mühüm töhfələr verəcək”.

Azərbaycan dili və ədəbiyyat müəl­limi Səfurə İmanova isə dedi ki, fərlən­mək üçün sınaq imtahanı əsl fürsətdir: “Gələcək perspektivlər məhz inkişafla bağlıdır. Ümid edirik ki, səylərimiz əbəs olmayacaq”. 

Kamran Əsədov, təhsil məsələləri üzrə ekspert:

– İlk növbədə, qeyd edim ki, sertifika­siya olduqca lazımlı və yerində bir pro­sedurdur. Müəllimlərin sertifikasıyasının attestasiyadan fərqi ondan ibarətdir ki, attestasiya işçinin yalnız müvafiq intizam tələblərinə cavab verib-verməməsini müəyyən edirsə, sertifikasiya müəllimin öz ixtisasını hansı səviyyədə bilməsini müəyyənləşdirir. Diaqnostik qiymətlən­dirmədən fərqli olaraq, bu, ixtisasla prak­tiki fəaliyyətdə hansı nailiyyətlərin əldə edilməsini də müəyyən edə biləcək. Di­gər fərq isə ondadır ki, müəllim attesta­siyanın nəticəsindən asılı olaraq ya işini saxlayır, ya da itirir. Sertifikasiya prose­sində isə müəyyən imtahandan keçərək sertifikatını alır və fəaliyyət göstərir.

Azərbaycan müstəqilliyini əldə edən­dən sonra keçid dövründə bəzi məlum çətinliklər səbəbindən əsl peşəkarlarla yanaşı, çoxsaylı təsadüfi insanlar da təhsilə üz tutdular. 2014 -2019-cu illər­də mərhələ-mərhələ bütün müəllimlər diaqnostik qiymətləndirmədən keçiril­di. Diaqnostik qiymətləndirmə pedaqoji heyətin nəzəri, bəzi hallarda əzbərçi bi­liklərini müəyyən edə bilsə də, praktiki səriştəsini, müəllimin dünyagörüşü, etik davranış səviyyəsini, mənəvi dəyərlərə, azərbaycançılıq ideologiyasına sə­daqətini yoxlaya bilmədi. Bu baxımdan, attestasiya nəzərdə tutulsa da, onun tətbiqi üçün olduqca mürəkkəb, uzun prosedurlar lazım olduğundan reallaşa bilmədi. 

“Təhsil haqqında” Qanuna müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Bunu Milli Məclis dəstəklədi və Prezi­dent tərəfindən imzalanaraq qüvvəyə mindi.

Onu da qeyd edim ki, sertifikasiya və attestasiya diaqnostik qiymətləndirmə formatında deyil. Diaqnostik qiymətlən­dirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınsa da, onun peşə­karlığı ilə bağlı bütün cəhətlər diqqətdən kənarda qalır. Attestasiya zamanı ola bilər ki, müəllim test imtahanı ilə yanaşı, həm də müsahibə mərhələsindən keç­sin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imta­hanı verməsi də tələb olunsun.

Əmək Məcəlləsində göstərilmiş qay­dada attestasiya sovet dövründə və 1995-ci illərdə Azərbaycanda həyata keçirilib. Sözün düzü, heç vaxt effektiv nəticə verməyib. 

Digər bir məsələ Təhsil haqqında 2009-cu ildə qəbul olunmuş qanuna at­testasiya, akkreditasiya, nostrifikasiya, lisenziya kimi anlayışlar daxil edildiyi halda, sertifikasiya nəzərdə tutulma­mış, yalnız 2015-ci ildə bu məsələ yada düşərək qanuna müvafiq əlavə edilmiş­dir. Həmin qanuna əsasən attestasiya – hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətlən­dirilməsi prоseduru kimi dəyərləndiril­miş, təhsil sahəsində dövlət standartları fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun оlaraq, elmi-pedoqоji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (5 ildən az оlmayaraq) üçün vahid döv­lət tələblərini əks etdirən ümumi nоrma­lar məcmusundan ibarət olduğu qeyd edilmişdir.

 

Leyla SABİRQIZI, 

“Xalq qəzeti”







Təhsil