Geriyə baxıb, irəlini görən ədib – İlyas Əfəndiyev

post-img

XX əsr ədəbiyyatımızın ünlü klassiki, milli nəsrimizin, dramaturgiyamızın, səhnəmizin, ədəbi-bədii və ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan İlyas Məhəmməd oğlu Əfəndiyev sənət kəhkəşanının sönməz ulduzlarından biridir. Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli Xalq yazıçısı bir-birindən gözəl əsərləri ilə neçə-neçə oxucu nəslinin mənəvi dünyasını zənginləşdirmiş, milli teatr tariximizdə “İlyas Əfəndiyev mərhələsi” yaratmışdır. 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində onun zəngin dramaturgiyasının böyük rolu olmuşdur. 

...Vaxtilə ulu öndər Heydər Əliyev görkəmli nasir və dramaturq İlyas Əfən­diyevin yaradıcılığına yüksək qiymət verərək demişdir: “İlyas Əfəndiyev Azər­baycan teatrına çox böyük töhfələr ve­ribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiye­vin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiy­yat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə, xalqı­mızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstər­mişdir, tarixi bilmək üçün xalqımıza yar­dım etmişdir, eyni zamanda, yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, Vətənə və millətə sədaqət ruhunu aşıla­mışdır”.

...1914-cü il mayın 26-da Füzuli şəhə­rində dünyaya göz açmış İlyas Əfəndiye­vin ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili al­mış savadlı axund və üləmalar, Qarabağ­da tanınan, kasıblara əl tutan, xeyirxah və alicənab insanlar olublar. 

Yazıçının babası Bayram bəy dövlət idarələrində məmur işləmiş, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışmışdır. Ötən əsrin 30-cu illərinin repressiya dalğası Əfəndiyevlər ailəsindən də yan keçmə­miş, yazıçının atası Məhəmməd Əfəndi­yevə “kulak” damğası vurulmuş, davamlı təqiblərə, təzyiqlərə tab gətirməyən bu nurani insan1934-cü ildə, 50 yaşında dünyasını dəyişmişdir.

İlyas Əfəndiyevin bir gənc kimi for­malaşmasında, onda kitaba, ədəbiyyata maraq yaranmasında anası Bilqeyis xa­nımın əvəzsiz xidmətləri olub. O, ömür-gün yoldaşının vəfatından sonra övladına müəllimlik, yoldaşlıq, həm də atalıq edib. 

Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışıb, mütaliəyə böyük maraq göstərib. 1921-ci ildə 1-ci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi “əla” qiymətlərlə bitirib. O, 1934-cü ildə Azər­baycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olsa da, orada ali təhsil alması çox uzun sür­mür, “kulak" balası olduğu üçün institut­dan uzaqlaşdırılır. Amma sonra həmin ali təhsil ocağının coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirir. Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” re­daksiyalarında işləyir. İlk mətbu əsəri olan “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında,“Berlində bir gecə” adlı ilk hekayəsi isə 1939-cu ilin yanvarında “Ədəbiyyat qəzeti”nin dərc olunur.

İ.Əfəndiyevin 1939-cu ildə yazıçı Əbülhəsənin xeyirxahlığı ilə nəşr edil­miş “Kənddən məktublar” kitabı müəlli­fin böyük ədəbiyyata yolunda yaşıl işığa dönüb. İlk hekayələr kitabı onun oriji­nal fərdi ifadə tərzinin göstəricisi, daha sonra qələmə aldığı “Aydınlıq gecələr” isə ədəbi-estetik görüşlərinin əsası olub, – desək, yanılmarıq. Həmin dövrdə Ya­zıçılar İttifaqının sədri Rəsul Rzanın xe­yir-duası ilə İttifaqa üzv qəbul olunub.

Sonralar çoxşaxəli yaradıcılıq yolu keçən yazıçı “Söyüdlü arx”, “Körpüsalan­lar”, “Dağlar arxasında üç dost”, “Sarı­köynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan”, digər roman və povest­ləri ilə oxucuların sevgisini qazanmışdır. “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mə­nim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mah­nı dağlarda qaldı”, “Bağlardan gələn səs” pyesləri teatr repertuarlarının bəzə­yi olmuşdur. Dramaturq “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın müstəqilliyi uğrunda apar­dığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının bədii tərənnümçü­sünə çevrilmişdir.

Ədəbiyyatımızda lirik-psixoloji üslu­bun ustalarından olan, yeni obrazlar, xü­susilə də maraqlı qadın obrazlarının ma­hir yaradıcısı sayılan İlyas Əfəndiyevin bütün pyeslərinə Azərbaycan Dövlət Aka­demik Milli Dram Teatrında səhnə həyatı verilib. Bu xüsusda qeyd edək ki, Azər­baycan ədəbiyyatında heç bir drama­turqun onun qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi olmayıb. 1990-cı ildə İstanbul və Ankara səhnələrində “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” uğurla oynanılıb, bu əsərlər haqqında Türkiyə mətbuatı onlar­la sanballı məqalələr verib.

... Altmış ildən çox yaradıcılıq yolu keçmiş görkəmli sənətkar ömrünün son illərində də məhsuldar bir yazıçı kimi ya­zıb-yaradıb, sovet rejimi, partiya qadağa­ları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim edib. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın na­ğılı” povestini dərc etdirib, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və digər pyeslərini tamaşaya qoydu­rub, bir sıra yeni kitablarını nəşr etdirib.

... İlyas Əfəndiyevin müraciət etdiyi ədəbi janrların hər birindən xalqın tale­yüklü məsələlərinin, mühüm siyasi və mənəvi dəyərlərin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlili boy göstərir. Ya­radıcılığı boyu hakim ideologiyanı tərən­nüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan və müha­cirət mövzularında əsərlər yazıb. 

Uşaqlıq və yeniyetməlik illərinin acı­lı-şirinli minbir xatirəsinə ünvan olmuş Qarabağ, o cümlədən Şuşa yazıçının gələcək əsərlərində sevimli mövzular­dan olub. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanət­karlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləyib, əsərlərində Qarabağın qədim tarixini əks etdirib.

... Böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərin­də dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub. İçərişəhərdəki küçələrdən birinə və “Elitar” Gimnaziyaya onun adı verilib. Ulu öndərin tapşırığı ilə ədibin “Seçilmiş əsərləri”nin yeddi, Prezident İlham Əliyevin sərəncamı ilə üçcildliyi nəşr edilib. Onun əsərləri son illər rus, türk və digər dillərdə dəfələrlə nəşr olu­nub, yaradıcılığı haqqında monoqrafiya­lar, doktorluq, namizədlik dissertasiyaları yazılıb.

Ədəbiyyatşünas Yaşar Qarayev bö­yük nasir haqqında yazırdı: “Əsərlərindən biri ”Geriyə baxma, qoca” adlansa da, o, həmişə irəlini görmək üçün geriyə bax­mağın tərəfdarı olub, gələcəklə keçmiş arasında bir körpünün üzərində dayana­raq həyata və insanlara buradan boyla­nıb-baxıb”.

Filologiya elmləri doktoru Vaqif Yusif­li isə bir məqaləsində qeyd edib: “ İlyas Əfəndiyev haqqında düşünəndə bir də quruyub xəzəl olsa belə, öz ətrini, rayihə­sini itirməyən, elə bil yenicə dərilən boy çiçəyini xatırlayırsan. İnsanlar arasında ən zərif, ən kövrək, ən bakirə hissləri də həmin boy çiçəyinin ətri ilə müqayisə eləmək olar. Bir də ona görə ki, İlyas Əfəndiyevin nəsri və dramaturgiyası bü­tünlükdə bu incə hissləri şairanə bir dillə tərənnüm edir”.

Unudulmaz yazıçı-dramaturqun se­vimli müəllifləri kimlər idi? Bu barədə söz düşəndə Çexovun, Tolstoyun, Şekspi­rin... adlarını çəkib. Heminqueyi sevdiyini belə izah edib ki, onda heç bir hoqqabaz­lıq-zad yoxdu, hər şey təbiidi, hər şey hə­yatda olduğu kimidi. Sonra Flober gəlir, “Madam Bovari”. Bir də Stendal. Ən çox sevdiyi əsər “Robinzon Kruzo” idi...

Onun sənət yolunu oğlu Elçin Əfəndi­yev layiqincə davam etdirir. Müsahibələ­rinin birində İlyas Əfəndiyev “Oğlunuz Elçinin ən çox hansı cəhətini bəyənirsiz, hansını bəyənmirsiz?” sualına səmimi cavab verərək deyib: “Sözün düzü, mən Elçini həm çox istedadlı, həm də intellek­tual adam hesab eləyirəm. Əsərlərimə onun sözü qədər heç kəsin fikrini qiymət­ləndirmirəm. Onun balaca bir qeydi olsa, mən o əsəri üzə çıxartmaram. Yazıçılığı da ki, məlumdu”.

Xalq yazıçısı Elçin isə atası haqqın­da böyük sevgi ilə danışıb: “Çox güclü yaddaşı vardı. Vəfat edəndə stolunun üstündə yarımçıq yazısı vardı. Əski əlif­bada yazırdı. Yazıçılar İttifaqında usta bir makinaçı vardı, rəhmətlik Sona Sa­dıqova, üzünü kirillə köçürürdü, redaktəni isə atam özü kirillə edirdi. Uzun düzəliş olanda, ya da hansısa hissə əlavə etmək lazım gələndə yenə keçirdi əski əlifbaya. O mürəkkəbli qələmlə yazırdı, mən ma­kinada. Bir dəfə makinanın səsinə işarə edib dedi ki, bu səslə necə yazırsan? Mən də dedim, bəs sən bu səs olmayan­da necə yazırsan? (Gülür.) Məndən fərqli olaraq onun ən böyük kabineti evdəki iş otağı idi. Bilirsən ki, partiyanın üzvü de­yildi. Axıracan da olmadı. Rəsmi iclasları, idarələri xoşlamazdı. Ən böyük ictimai işi Yazıçılar İttifaqında olub. Onda orda bir sədr vardı, bir də məsul katib. Mehdi Hüseyn sədr seçiləndə, o da, məsul ka­tib seçilmuşdu. 8 ay işlədi, sonra nə illah elədilər, işə çıxmadı. Dedi, mənlik deyil. Bundan sonra ümumiyyətlə işləmədi. Evdə oturub yazı-pozu ilə məşğul olur­du. Onun rəsmiyyətlə bağlı işlərini mən görürdüm. Arxiv-zad da saxlayan deyil­di. Ağlım kəsməyə başlayandan nələrisə mən topladım və 7 cildliyini çap eləyəndə xeyli köməyimə çatdı”.

Elçin Əfəndiyev müsahibəsində bəhs etdiyi yarımçıq yazıya da aydınlıq gətirib: “Hə, rəhmətlik Qəndab Quliyeva haqqın­da idi. Görünür, hansı redaksiyadansa xahiş etmişdilər. Qəndabın ifasını çox bəyənirdi. Ümumiyyətlə, musiqini çox xoşlayırdı, xüsusən də bizim xalq mah­nılarımızı. Həmin yarımçıq yazının səhəri günü rəhmətə getdi”...

Duyğu və düşüncələrimizin böyük tər­cümanı olan İlyas Əfəndiyev 27 il əvvəl bizi cismən tərk etsə də, ruhən sağdır və müasirimiz olaraq qalır. 

 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”



Mədəniyyət