Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı və Dövlət Vergi Xidmətinin dəstəyi ilə cari il iyulun 1–5-də Məktəbli Gənclərin İnkişafı Yay Düşərgəsi keçiriləcək.
Bu barədə XQ-yə Dövlət Məşğulluq Agentliyindən məlumat verilib.
Bildirilib ki, düşərgənin əsas məqsədi VII və IX sinif şagirdlərinin fərdi potensiallarının üzə çıxarılması, onların əmək bazarı, müasir bacarıqlar, düzgün ixtisas seçimi və karyera planlaması istiqamətlərində bilik və bacarıqlarının artırılmasıdır. Eyni zamanda, proqram çərçivəsində iştirakçılarda məqsədin müəyyənləşdirilməsi, şəbəkələşmə, innovativ düşüncə və məşğulluq imkanları barədə məlumatlılığın gücləndirilməsi nəzərdə tutulur.
Düşərgə 5 gün davam edəcək və Dövlət Vergi Xidmətinin Şamaxı rayonunda yerləşən Tədris Mərkəzində təşkil olunacaq. Bu müddət ərzində iştirakçılar üçün müxtəlif təlimlər, master-klasslar və interaktiv görüşlər keçiriləcək. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
Düşərgədə iştirak üçün müraciətlər qeydiyyat linki vasitəsilə qəbul edilir. Seçim mərhələsini uğurla tamamlayan 100 məktəbli proqramda iştirak hüququ qazanacaq.
Mayın 22-si son müraciət tarixidir.

