Qızıl taxıl dənəsidir yaxşılıq...

post-img

Şəfqət, mərhəmət insanlığı ucaldır 

Müasir təqvimdə beynəlxalq səviyyədə qeyd edilən əlamətdar günlərin “cavan”larından biri də Xeyriyyəçilik Günüdür. Onun cəmi 13 yaşı var. Beynəlxalq Xeyriyyəçilik Günü 2012-ci ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilib. Əsas məqsəd Nobel Sülh Mükafatı laureatı Tereza Ananın vəfatının ildönümü gününü əbədiləşdirmək idi. Bildirilir ki, dünya şöhrətli missioner və katolik rahibə olan Tereza Ana 50 ilə yaxın əvvəlcə Hindistanda, sonra isə başqa ölkələrdə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub: yoxsullara, xəstələrə və yetimlərə xidmət edib.

Ancaq dünya siyasətçilərinin lüğətində “Beynəlxalq Xeyriyyəçilik  Günü” termininin olmadığı bütün dövr ərzində Azərbaycan xalqının görkəmli nümayəndələri bəşəri dəyər və insani keyfiyyətlərin uca tutulmasını bacarmış və çoxsaylı nümunələrini yaratmışlar. Xalq şairi Söhrab Tahir yaxşılığın, xeyirxahlığın bədii tərifini belə ifadə edib: 

Qızıl taxıl dənəsidir yaxşılıq... 
Zəmilərə dönəsidir yaxşılıq. 

Folklorumuzda, xüsusən, dastanlarda bu barədə kifayət qədər məlumat olsa da, bu qısa yazıda real həyatda mövcud olmuş, həm də cəmi üç-dörd xeyriyyəçimiz barədə söz açmaq istəyirik. 

Birincisi, bir neçə istiqamətli fəaliyyətinə görə milli tariximizin unudulmaz simalarından birinə çevrilmiş Həsən bəy Zərdabidir. Onun haqqında qələmə alınmış çoxsaylı materiallardan oxuyuruq ki, görkəmli mütəfəkkir, maarifçi alim, publisist və təbiətşünas Həsən bəy Zərdabi xalqın mədəni tərəqqiyə qovuşması yolunda böyük əmək sərf etmiş, əsl fədakarlıq göstərmişdir. Əlavə edilir ki, xalqın yoxsul və yetim uşaqlarının təhsili məsələsi Həsən bəy Zərdabini hər zaman düşündürürdü. Xeyirxahlıq əməlləri ilə yaşayan böyük alim-pedaqoq xalqına təmənnasız xidməti özünə ən ali məqsəd seçmişdi. 

Professor İzzət Rüstəmov yazır ki, Həsən bəy Zərdabinin xeyriyyə cəmiyyəti yaratmaq təşəbbüsü də məhz bu amaldan irəli gəlirdi. Belə nəcib, şərəfli və çətin işə Bakı Realni Məktəbində müəllim olarkən başlamışdı. Bu məqsədlə 1871-ci ilin yayında Qafqazın məşhur şəhərlərinə səfər etməyi müəyyənləşdirmişdi. Əvvəlcə cəmiyyəti-xeyriyyənin nizamnaməsini tərtib edərək, təsdiq üçün Qafqaz canişini idarəsinə göndərmiş və sonra cəmiyyətə üzvlük haqları yığmaq üçün “qaytanlı dəftəri notaryusa möhürlədib” tələbəsi Nəcəf bəy Vəzirovla birlikdə səfərə çıxmışdı. Qeyd edək ki, onun dəst-xətti ilə yazılmış nizamnamə 46 maddədən ibarət olmaqla sənəddə xeyriyyə cəmiyyətinin vəzifələri geniş şərh olunmuşdu.

Haqqında söz açmaq istədiyimiz ikinci xeyriyyəçi soydaşımız görkəmli messenant Hacı Zeynalabdin Tağıyevdir. Onun bir çox xeyriyyəçilik əməlləri, o cümlədən qızlar məktəbinin inşası, müsəlman qadınların hüquqları, Bakıya Şollar suyunun çəkilməsi layihəsinin maliyyələşdirilməsi, Quranın Azərbaycan dilində tərcüməsinin çapı və “Nəşr və maarif” kimi cəmiyyətlərin yaradılması hamıya məlumdur. Bu soydaşımız həmçinin azadlığa çıxan dustaqlara yardım edib, toxuculuq fabriki tikdirib və milli mətbuatın inkişafına dəstək göstərib. 

***

Növbəti xeyriyyəçilik ünvanımız isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondudur. Bildirilir ki, cəmiyyətin sosial problemlərinə və onların həllinə daim diqqət yetirən Heydər Əliyev Fondu özünün çoxşaxəli fəaliyyəti çərçivəsində humanitar və xeyriyyə layihələrini uğurla həyata keçirib və həyata keçirməkdə davam edir. Bu təşəbbüslərin miqyasını və mahiyyətini göstərmək bəlkə də mümkün deyil. Çünki həmin fəaliyyətin coğrafiyası olduqca böyükdür. 

Məsələn, bir sıra məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin tikintisi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklər ilə təmin olunması, məktəblərdə, internat məktəblərində xeyriyyə tədbirlərinin keçirilməsi,   yeni səhiyyə müəssisələrinin tikintisi və mövcud müəssisələrin yenidən qurulması, diaqnostika və müalicə, reabilitasiya mərkəzlərinin yaradılması, şəkərli diabet və talassemiyalı xəstələrə qulluq və müalicə, qanvermə aksiyalarının keçirilməsi, tarix və memarlıq abidələrinin mühafizəsi və bərpası, muzeylərin yaradılması və onların bərpası, uşaq musiqi məktəblərinin tikintisi, beynəlxalq musiqi festivallarının və incəsənət sərgilərinin keçirilməsi, mədəniyyət mərkəzlərinin yaradılması.

Mətbuatdan demək olar ki, hər gün oxuyuruq: “Heydər Əliyev Fondu 44 günlük İkinci Qarabağ müharibəsindən sonra – işğaldan azad edilmiş Azərbaycan ərazilərində quruculuq-bərpa işləri çərçivəsində dağıdılmış tarixi, dini, mədəniyyət və memarlıq abidələrinin bərpası, həmçinin bu diyarın, onun şəhər və kəndlərinin dirçəlişi istiqamətində irimiqyaslı layihələr həyata keçirir”.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva müsahibələrinin birində  xatırladıb ki, xeyriyyəçilik işlərinin dairəsi konkret, özü də bir qayda olaraq, əhalinin sosial baxımdan zəif təbəqələrini təmsil edən insanlara – əlillərə, yetimlərə, qocalara və başqalarına bu və ya digər şəkildə kömək göstərilməsi ilə məhdudlaşır: “Bu mənada xeyriyyəçilik anlayışının kökləri qədim dövrlərə, təmənnasız könüllü fəaliyyətin, əsasən, zəiflərə və ehtiyacı olanlara kömək göstərilməsi ilə məhdudlaşdığı vaxtlara gedib çıxır. Bununla bərabər, müasir anlamda xeyriyyəçilik daha geniş məna daşıyır, cəmiyyətin rifahı naminə hər cür təmənnasız könüllü fəaliyyəti əhatə edir”.

***

Bu məqamda bir faktı xüsusilə vurğulamaq zərurəti var. Bəzi mətbuat vasitələri bir dövlətin başqa dövlətə humanitar yardım göndərməsini xeyriyyəçilik kimi deyil, siyasi addım kimi qiymətləndirməyə çalışırlar. Fikrimizcə, belə düşünənlər səhv edirlər. Çünki söhbət məhz zəiflərdən, qayğıya, köməyə ehtiyacı olanlardan gedirsə, həmin qayğının, köməyin kim tərəfindən – hansısa xeyriyyəçi şəxs, qurum və ya dövlət – göndərilməsindən asılı olmayaraq, məram və nəticə eynidir.  Ona görə də Azərbaycan dövlətinin Fələstin qaçqın-köçkünlərinə (dəfələrlə) və Rusiya – Ukrayna müharibəsinin zərərdidəsinə çevrilmiş Ukrayna sakinlərinə göndərdiyi humanitar və texniki yardım da məhz xeyriyyəçilik əməllərinin dövlət səviyyəsində davam etdirilməsidir. 

Bu zaman xatırlatmaq istərdim ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il avqustun 11-də Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Energetika Nazirliyinə vəsait ayrılması haqqında sərəncam imzalamışdır. Bildirilir ki, Azərbaycan Respublikası humanizm prinsiplərinə söykənərək, ikitərəfli və çoxtərəfli əsasda dünyanın bir çox ölkəsinə humanitar yardım göstərir. Son illərdə Ukraynada yaranmış vəziyyətlə əlaqədar Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına da bir neçə dəfə humanitar yardım göndərilmişdir.

Kütləvi informasiya vasitələri sentyabrın ilk günündə xəbər yaydılar ki, Azərbaycandan göndərilən humanitar yardım Ukraynaya çatıb. Bu barədə məlumatı Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” hesabında paylaşıb.  Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu il avqustun 11-də imzaladığı sərəncama uyğun olaraq göndərilən humanitar yardım bu gün Ukraynaya çatıb və ölkənin Energetika Nazirliyinin rəsmilərinə təhvil verilib. 

Bəli, Azərbaycan xalqının görkəmli nümayəndələri kimi dövlətimiz də humanist addımların atılmasına xüsusi önəm verir və xeyriyyəçiliyin daha mükəmməl nümunələrini formalaşdırır. 

İttifaq MİRZƏBƏYLİ 

 

Sosial həyat