Sosial xəbərlər

post-img

Qayıdışdan sonra 262 nəfər kiçik biznes qurub

Böyük Qayıdış proqramına uyğun olaraq Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizə köçürülən sakinlər üçün fəal məşğulluq tədbirlərini davam etdirir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən XQ-yə verilən məlumatda bildirilir ki, qurum Füzuli və Cəbrayıl rayonlarında özünüməşğulluq proqramına cəlb olunan bir qrup sakinə seçdikləri biznes fəaliyyəti üzrə avadanlıq verib. Bu dəstəklə proqram iştirakçıları avtotəmizləmə, un məmulatlarının istehsalı, gözəllik salonu və qəssab xidmətləri yaradıblar. Onlar qurduqları təsərrüfatları genişləndirməyə səy göstərirlər.

Doğma yurdlarına köçürülənlərdən belə kiçik təsərrüfat quranların sayı 262-ə çatıb. Onlardan 66 nəfəri Füzuli və Cəbrayıl rayonlarına köçürülmüş sakinlərdir.

Qazilərə 610 ədəd protez verilib

Vətən müharibəsindən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə ilə əlaqədar əlil olan 493 hərbçini 610 ədəd yüksək texnologiyalı, son nəsil protezlə təmin edib. 14 hərbçiyə isə 15 ədəd idman protezi verilib.

Rahatlığı və etibarlığı ilə seçilən yüksək texnologiyalı protezlər qazilərin köməkçi vasitələr olmadan sərbəst, sabit, inamlı hərəkətinə imkan yaradır. Onlar belə protezlərlə sosial həyata daha tez və rahat qoşulur, idmanla da məşğul olur, yarışlarda iştirak edirlər.

Türkiyə heyəti DOST Mərkəzində

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ailə və sosial xidmətlər nazirinin müavini Sevim Sayım Madakın rəhbərlik etdiyi nümayəndə heyəti 5 saylı DOST Mərkəzində olub.

Burada əhaliyə göstərilən xidmətlərlə, Tibbi-Sosial Ekspert Komissiyasının fəaliyyəti ilə tanış olan qonaqlara DOST konsepsiyasına və sosial sahədə rəqəmsal xidmətlər barədə təqdimatlar edilib.

Qonaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat Mərkəzi və Bakı Reabilitasiya Mərkəzi ilə də tanış olublar. Onlara son illər ölkəmizdə reabilitasiya sisteminin müasir tələblərə uyğun qurulduğu, əlillərin bərpa xidmətləri və vasitələri, yüksək texnologiyalı, son nəsil protezlərlə təminatı barədə ətraflı məlumatlar verilib.

Türkiyə heyəti 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsində də olub.

1 milyarddan çox pensiya ödənişi

İlin birinci rübündə pensiyaçılara ötən ilə nisbətən 10 faiz (156 milyon manat) çox – 1 milyard 768 milyon manat vəsait ödənilib.

2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb. Fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

1-ci rübdə 13 min, 2019-cu ilin əvvəlindən isə 150 min pensiya təyinatı e-sistemlə həyata keçirilib.

Əlil uşaqlara sosial xidmətlər göstərilir

Sosial Xidmətlər Agentliyi hazırda 983 uşağa xidmət göstərir. Onlardan 676 nəfəri stasionar, 307 nəfəri isə yarımstasionar formada sosial xidmətlərlə əhatə olunub.

Bu xidmətlər qurumun Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisələri və uşaq evlərində, Sosial Xidmət mərkəzlərində və digər müəssisələrdə göstərilir.

Müasir yaşayış və reabilitasiya şəraitinə malik həmin müəssisələrdə uşaqlarla bağlı fərdi inkişaf planı tərtib edilir, onlarla iş aparılır və sosial tədbirlərə cəlb edilirlər.

Zərifə BƏŞİRQIZI
XQ





Sosial həyat