“Yüksəliş” müsabiqəsinə qeydiyyatdan keçən şəxslərdən bakalavriat üzrə 15 min 601 nəfəri Azərbaycanda təhsil alanlardır. Onlardan 713 nəfəri xarici ölkələrdə, 239 nəfəri isə hər ikisində təhsil alır. Bununla yanaşı, magistratura üzrə Azərbaycanda 7016 nəfər, xaricdə 1205, hər ikisində isə 391 nəfər təhsil alır.
Bunu “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev mətbuat konfransında deyib.
İşçi qrupunun rəhbəri qeyd edib ki, bu il doktoranturada təhsil alan iştirakçıların sayında artım var: “Müraciət edən şəxslərdən 921-i Azərbaycanda, 213-ü xarici ölkələrdə, 9 nəfəri isə hər ikisində doktoranturada oxuyur”.
Ərazi bölgüsünə nəzər yetirdikdə isə namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarından müraciət ediblər: “Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti 21-51 yaşarası müəyyən edilib. Qeydiyyatdan keçənlər arasında 21 yaşını tamamlamış 106 nəfər, 51 yaşını tamamlamış 33 nəfər namizəd yer alır. Müsabiqəyə müraciət edən namizədlərin 56.48 faizi dövlət sektorunda, 41.05 faizi özəl sektorda, 1.49 faizi qeyri-hökumət təşkilatlarında (QHT), 0.98 faizi isə beynəlxalq qurumlarda çalışır”.
F.Hacıyev bildirib ki, qarşıda müsabiqənin növbəti mərhələsi olan onlayn mərhələnin Ümumi biliklər üzrə ilk sınaq imtahanı gəlir. Bu mərhələdə iştirakçılara Azərbaycan və dünya üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, idarəetmənin əsasları, eləcə də müasir trendləri əhatə edən 4 blok üzrə 25 sual təqdim olunacaq".