I YAZI
Həmidə Banu bəyim moğol imperatoru Nəsrəddin Məhəmməd Humayunun ikinci xanımı (bəzi mənbələrdə dördüncü) və onun varisi üçüncü moğol imperatoru Əkbərin anası idi. Oğlu Əkbər şahın hakimiyyəti illərində imperator ona “Məryəm Məkani” titulu verib ki, bu da "Yaşayan Məryəm" deməkdir. Əkbər şahın hakimiyyəti illərində anası Həmidə Banu bəyimə “Padişah bəyim” titulu da verilmişdi. Həmidə Banu bəyim Ərdəbildən Hindistana gələn Şeyx Əli Əkbər Caminin və Əfruz bəyimin ailəsində 1527-ci il avqustun 29-da anadan olub.
Həmidə Banu bəyimin atası Şeyx Əli Əkbər Cami Böyük Moğol İmperiyasını yaradan imperator Zəhirəddin Məhəmməd Baburun kiçik oğlu, moğol şahzadəsi Hindal Mirzənin tərbiyəçisi olub.
Humayunun birinci və baş hərəmi Yadigar Mirzə Taqayın qızı Sahibə bəyim (Hacı bəyim) olub. Bu qadından şahzadə Alaman Mirzə adlı uşaq doğulub, körpə ikən ölüb. Bundan sonra imperator səkkiz dəfə evlənib. İmperator Humayunun bu evliliklərdən dörd oğlu, səkkiz qızı olub. Uşaqların bir neçəsi körpə ikən dünyasını dəyişib.
Humayun 1508-ci il martın 6-da Kabildə anadan olub. Humayun Böyük Moğol İmperiyasının birinci imperatoru Zəhirəddin Məhəmməd Baburun oğlu, üçüncü imperator Əkbərin atası idi.
***
Babur şahın arvadı, Humayunun ögey anası Dildar bəyim tez-tez sarayda ziyafətlər verərdi. Dildar bəyimin oğlu Hindal Mirzə və digər gənclər bu ziyafətlərdə iştirak ediblər. Şahzadə Humayunla on dörd yaşlı Həmidə Banu bəyim bu ziyafətlərdə tanış olublar.
Humayunun Həmidə Banu bəyimlə evlənməsi məsələsi ortaya çıxanda həm Dildar bəyim, həm də Hindal Mirzə əvvəl buna etiraz ediblər, evlilik reallaşanda isə razı olmağa məcbur qalıblar. Həmidə şahzadə Humayunla görüşməkdən imtina edib evliliyə razı olmasa da sonra onun səmimiliyinə inanır. Dildar bəyim qırx gün qızı öyrənəndən sonra və onun razılığı ilə şahzadə Humayunun Həmidə Banu bəyimlə evlənməsinə razı olur. Onların toyu olanda Humayunun 33, Həmidə Banu bəyimin 14 yaşı vardı. Sahibə bəyim Humayunun birinci arvadı olsa da, faktiki olaraq, baş hərəm rolu Həmidə Banu bəyimə məxsus idi. Humayun bütün məsələlərdə onunla məsləhətləşir, birgə qərarlar qəbul edirdilər. Onların 14 illik evliliyi ərzində Həmidə Banu bəyim həm də imperatorun yaxın dostu və sirdaşı olub. Həmidə bütün səfərlərdə Humayunu müşayiət edib.
Humayun taxta çıxır
1530-cu ildə Zəhirəddin Məhəmməd Babur rəhmətə getdikdən sonra həmin il dekabrın 26-da hakimiyyət şahzadə Humayuna keçir. Əfqanlar və racputlar Baburun ölümündən istifadə edərək onun tutduğu torpaqları geri almaq üçün hərəkətə keçirlər. Qucarat sultanı Bahadur şah açıq şəkildə gənc imperatorun mülklərinə iddia irəli sürür və 1531-ci ildə Malavanı ələ keçirir. 1535-ci ildə Humayunun qoşunları Qucaratı tutur, müharibə iki il sonra Bahadur şahın ölümü ilə başa çatır.
Bu vaxt Baburun keçmiş hərbi komandiri, Buxara hökmdarı Şer Xan Suri Humayuna qarşı çıxırdı. Humayun əvvəllər onu 1531-ci ildə Çünarın mühasirəsində məğlub etmişdi, lakin zaman keçdikcə Şer Xan Suri Moğal sülaləsinin hakimiyyətindən narazı qalan puştun əfqan tayfalarını öz ətrafına toplayır və onların köməyi ilə 1538-ci ilə qədər Benqal üzərində nəzarəti ələ keçirir.
Nəsrəddin Məhəmməd Humayunun ömrü 1540-cı il mayın 17-dək, Şer Xan Surinin köməyi ilə qardaşı Kamran Mirzənin ondan hakimiyyəti alan günədək müharibələrdə keçib, atasından miras qalan torpaqları qorumaq və növbəti imperatora ötürmək onun əsas vəzifəsi idi.
1539-cu il iyunun 27-də Çausa və 1540-cı ilin yazında Kanaujdakı məğlubiyyətlərdən sonra Dehli və Aqradan ayrılan Humayun Hindistan mülklərini qardaşı Kamrana vermək məcburiyyətində qalır. Humayun 1540-cı il mayın 17-də Kannauj döyüşünü uduzur və xilas olmaq üçün əvvəlcə Lahora, sonra Marvarda, daha sonra isə taxtını bərpa etmək ümidi ilə Kabil və Qəndəhara gedir. Lakin taxt üstündə qardaşlar arasındakı gərginlik buna mane olur.
1542-ci il avqustun 22-də İmperator Humayun və Həmidə Banu bəyim Umarkot şəhərinə gedirlər. İki ay sonra 1542-ci il oktyabrın 15-də səhər tezdən Umarkot qalasında Həmidə Banu bəyim gələcək imperator Əkbəri dünyaya gətirir.
Humayun Lahorda yuxuda ona deyilən adı oğluna qoyur: Cəlaləddin Məhəmməd Əkbər.
Səfəvilər dövlətindən kömək
Humayun və Həmidə Banu bəyim 14 aylıq körpə Əkbəri Qəndəhar yaxınlığındakı düşərgədə Humayunun qardaşı Əskər Mirzənin yanına aparır. Əskər Mirzə öz arvadına uşağa yaxşı baxmağı tapşırır.
Humayun və Həmidə Banu bəyim 40 kişi ilə yola çıxırlar.
Humayun Təbrizdə yaxşı qarşılanır, Səfəvi şahı I Təhmasib Humayunla əziz qonağı kimi görüşür, onu imperator kimi qəbul edir, qonaqların şərəfinə ziyafət verir.
Humayun Səfəvi şahı I Təhmasibin dəstəyini alır, Təhmasib ona lazimi qədər ordu verəcəyini bildirir və bunun müqabilində Humayun şiəliyi qəbul edir. Təhmasibın tək xahişi bu olur ki, Humayunun qüvvələri qalib gəlsə Qəndəhar onun olacaq.
Onlar təxminən 12 il Səfəvilər Dövlətində qalırlar. Humayun Həmidə Banu bəyimlə birlikdə Ərdəbilə gedir, Şah İsmayıl Səfəvinin ulu babası, Səfəviyyə təriqətinin banisi Şeyx Səfiəddin Ərdəbilinin türbəsini, Banu bəyimin Ərdəbildəki ulu babası Əhməd Caminin və digər şiə müqəddəslərinin məzarlarını ziyarət edir. Səfəvilər dövlətində olduğu müddətdə Humayun Həmidə Banu bəyimlə Təbriz və Ərdəbildən başqa Urmiya, İsfahan və digər şəhərləri də gəzir, Azərbaycan ədəbiyyatı, musiqisi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanır, Səfəvi memarlığına heyran qalır, xəttat və nəqqaşların, miniatür sənəti ustalarının, rəssamların əsərləri ilə maraqlanır, bu sənətkarların bəziləri ilə tanış olur. Azərbaycanda hansı şəhərə gedirsə hörmətlə qarşılanır. Miniatür rəssamı Mir Seyid Əli Təbrizi, memar Ağa Mirək Mirzə Qiyasi və digər sənətkarları Moğollar İmperiyasına dəvət edir. Burada olarkən Teymurilərdən Sultan Hüseyn Bayqara və onun əcdadı şahzadə Qauhar Şadın əl işlərini öz gözləri ilə görür.
“1555-ci ilin iyulunda Şah I Təhmasib Azərbaycan türklərindən 12 minlik Qızılbaş ordusunu Budaq bəy Qacar və Şahverdi bəy Ustaclının başçılığı ilə onun (Humayunun) ixtiyarına verib Hindistana yola salır” (Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti”, Bakı, 1993, s.95).
Yolda ikən Humayun eşidir ki, Şer Xan Suri Kələncər qalasının mühasirəsi zamanı döyüş sursatının partlaması nəticəsində ölüb və bu onu daha da cəsarətləndirir, axı Humayunun hakimiyyəti itirməsində Şer Xan Surinin böyük rolu olmuşdu.
Qəndəharda Humayun Dildar bəyim və oğlu Hindal Mirzə ilə görüşür. Heratdan 93 mil cənubda yerləşən Səbzavar düşərgəsində Həmidə Banu bəyim sonradan ölən iki qız uşağı dünyaya gətirir.
Humayun və Həmidə Banu bəyim Əkbəri yenidən görür. Bir qrup qadının arasında gənc Əkbərin anasını tanıması səhnəsi Əkbərin tərcümeyi-halında – “Əkbərnamə”də geniş təsvir edilib.
Hakimiyyətə qayıdış
Qızılbaşların köməyi ilə Humayun 12 minlik süvari ordu ilə əvvəl Qəndəharı alır, danışıldığı kimi şəhəri I Şah Təhmasibin adamlarına təhvil verir. Təhmasib isə oğlu Muradı Qəndəhara hakim olaraq göndərir, ancaq qısa müddətdən sonra Murad rəhmətə gedir.
Sonra Humayunun qoşunu qardaşı, Moğol hökmdarı Kamran Mirzənin hakim olduğu Kabilə yaxınlaşır. Humayunun qoşunlarına şəhərə yaxınlaşdıqca Kamran Mirzənin yüzlərlə əsgəri Humayunun əsgərlərinə qoşulur. Kamran Mirzə qaçıb şəhərdən kənarda ordu qurmağa çalışsa da heç nə əldə edə bilmir. Sonra ordu Lahoru ələ keçirir və Surid hökmdarı III İskəndər şahı məğlub edərək Aqra və Dehlini qaytarır.
1555-ci il iyulun 23-də Humayun yenidən Böyük Moğol imperatoru taxtına çıxır. Hümayun hakimiyyətə qayıtdıqdan sonra imperatorluğu sürətlə genişləndirir və oğlu Əkbərə böyük bir miras qoyur. Bununla belə 15 ildən sonra yenidən taxta çıxan Humayunun hakimiyyəti uzun sürmür.
Humayunun kiçik qardaşı Hindal Mirzə onun uğrunda döyüşərkən həlak olub. Digər qardaşı Əsgər Mirzə Həcc ziyarətinə gedərkən Dəməşqdən kənarda səhrada ölüb. Humayunun digər qardaşı Kamran Mirzə Humayunu öldürməyə dəfələrlə uğursuz cəhd edib. Humayun Kamran Mirzənin xəyanətləri qarşısında onu öldürmək əvəzinə gözlərini kor etdirib və günahlarını yumaq üçün Həcc ziyarətinə göndərib, lakin Kamran Mirzə 1557-ci ildə Ərəbistan yarımadasında Məkkə yaxınlığında vəfat edib.
Bədbəxt hadisə
Bir çox babaları kimi Humayun da astrologiya və astronomiya ilə məşğul olub. 1556-cı il yanvarın 24-də (bəzi mənbələrdə yanvarın 27-də) kitabxanadan enərkən azan səsl eşidir. Dindar hökmdar diz çökmək istəyir, lakin ayağı paltarının ətəyinə ilişir və pilləkənlərdən aşağı yıxılır, bir neçə gün sonra aldığı kəllə-beyin travmasından 48 yaşında dünyasını dəyişir.
Humayunun həyatını onun bacısı Gülbadam yazıb. Sultan Humayun vəfat etdikdən doqquz il sonra Humayunun arvadı Həmidə Banu bəyimin əmri ilə 1565 ildə Dehlidə Humayun türbəsinin tikilməsinə göstəriş verilir və Humayun türbəsi onun nəvəsi Şah Cahan tərəfindən tikilir və 1572 ildə hazır olur. Abidənin tikintisində Səfəvilər dövlətindən dəvət olunan memar Ağa Mirək Mirzə Qiyasın rəhbərliyi ilə memarlar iştirak edirlər. Bu nadir abidə 1993 ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınıb.
Humayun şahın ölümü bir müddət gizlədilib, bu vaxt döyüşdə olan 14 yaşlı şahzadə Əkbər 20 gün sonra Dehliyə qayıdıb və atası tərəfindən varis elan edildiyindən heç bir problem olmadan 1556-cı il fevralın 15-də Böyük Moğol İmperiyasının üçüncü imperatoru kimi taxta çıxıb. Həmidə Banu bəyim bu vaxt Kabildə idi, oğlu Əkbər hakimiyyətə çıxdıqdan bir müddət sonra Dehliyə gəlib, idarəçilikdə oğluna dayaq olub, imperator Əkbərin hakimiyyəti illərində dövləti faktiki olaraq Həmidə Banu bəyim idarə edib.
Böyük Moğol İmperiyasının 3-cü padişahı, Baburun nəvəsi Əkbər şah müsəlman ölkələri arasında çadranı qadağan edən ilk hökmdar olub. Baburilərin ən parlaq dövrü Əkbər şahın imperator olduğu dövr sayılır.
Sultan Əkbər şah hakimiyyəti dövründə Moğol İmperiyası güclü bir dövlətə çevrilib, üsyanların qarşısı alınıb.
“İmperatorluğu getdikcə genişləndirən Əkbər şah 1572-1573-cü illərdə Qucarat sultanlığını, 1575-ci ildə Benqalı, 1582-ci ildə Kəşmiri, sonra Dekan vilayətlərini imperatorluğa birləşdirib, Kabili öz hakimiyyətinə daxil edib” (Eynulla Mədətli “Pakistan:qısa tarixi-siyasi oçerklər”, Bakı 2022, səh.53).
1592-ci ildə Sind və 1594-cü ildə Qəndəharda imperiyanın torpaqlarına qatılıb.
Əkbər şah 1603-cü ildə xəstələnib və dili tutulub. Oğlu Cahangir Mirzəni vəliəhd elan edərək 1605-ci ildə ölüb. Ölümündən əvvəl Sikandarada özü üçün tikintisinə başladığı türbədə dəfn olunub. Sonra türbəni oğlu Cahangir şah başa çatdırıb.
Əkbər şah memarlar, alimlər, şairlər, yazarlar və rəssamlarla xüsusi münasibət qurub, onlara hörmətlə yanaşıb. Əkbər şahın dövründə türk memarlığının gözəl nümunələri yaranıb, bu abidələr indi də durur və insanları valeh edir.
Həmidə Banu bəyim Humayunun ölümündən 50 il sonra, oğlu Əkbərin ölümündən cəmi bir il əvvəl 1604-cü il avqustun 29-da Aqrada vəfat edib və Humayun türbəsində dəfn olunub.
***
Həmidə Banu bəyimin həyatı, fəaliyyəti, imperator Nəsrəddin Məhəmməd Humayunla evliliyi, bütün işlərdə onun yanında olması ilə bağlı Hindistanda filmlər və seriallar çəkilib, nəsr əsərləri yazılıb. Filmlərin bir neçəsini xatırlatmağı lazım bildik:
• 1945-ci ildə çəkilən “Himayun” epik filmində Həmidə Banu bəyim rolunu Nərgiz canlandırıb.
• 2008-ci ildə Aşutosh Qovarikerin rejissoru olduğu Hindistan epik filmi “Jodha və Əkbər” filmində Həmidə Banu bəyim rolunu Punam Sinha ifa edib.
• 2013-cü ildə Hindistanın Zee TV kanalında “Jodha və Əkbər” televiziya filmi yayımlanıb. Baş qəhrəman Həmidə Banu bəyim rolunu Çhaya Phadkar canlandırıb.
• 2017-ci ildə Hindistan televiziyasının çəkdiyi “Əkbərin taxtına səyahət” serialında Həmidə Banu bəyim obrazını Rişina Kandhari oynayıb.
•İmperator Humayun və Həmidə Banu bəyim 2021-ci ildə Hindistanda efirə gedən “İmperiya” televiziya serialının əsas qəhrəmanlarıdır.
Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd