Zəngəzur Milli Parkı 2003-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun inzibati ərazisində yaradılmışdır. Park təşkil olunan zaman onun sahəsi cəmi 12 min 131 hektar idi. Parkın ərazisi tədricən Şahbuz, Culfa, Ordubad rayonlarının yaşıllıqları hesabına genişləndirilərək 42 min 797 hektara çatdırılmışdır.
Zəngəzur Milli Parkı Azərbaycan təbiətinin dərin bilicisi və vurğunu akademik Həsən Əliyevin adını daşıyır. Sadə, səmimi və mehriban insan kimi şöhrət qazanan görkəmli alim Azərbaycan təbiətinin yaxın dostu olmuşdur. O, bölgələrimizi qarış-qarış gəzərək, ölkəmizin zəngin flora və faunasının qorunub saxlanılması üçün böyük əmək sərf etmişdir.
Qeyd etmək lazımdır ki, Zəngəzur Milli Parkının ərazisinin 27 min 870 hektarında Ordubad Dövlət Təbiət Yasaqlığı yerləşir. Orta hündürlüyü 3 min 200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün silsilələrindən yüksəkdir. Ən yüksək zirvəsi isə 3 min 906 mətrə çatan Gəmiqayadır.
Bu, eyni zamanda Kiçik Qafqazın ölkəmizin ərazisində ən yüksək zirvəsidir. Zəngəzur silsiləsinin sonuncu, üçüncü hissəsi Soyuqdağdır ki, o da Zəngəzur Milli Parkının ərazisinə daxildir. Bu zirvələr hətta yay aylarında belə bəyaz qarla örtülü olur. Milli Parkın ərazisinin çox hissəsi dağlıqdır. Yayı quraq keçən soyuq iqlimi var. Burada boz, çəmən-boz, allüvial-çəmən, dağ-meşə, çimli, dağ-çəmən torpaqlar geniş yayılmışdır.
Parkın su şəbəkəsini əsasən ərazidən axan çaylar təşkil edir. Ərazidəki çaylardan Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay, Ordubadçay, Gənzəçay, Kotançay, Kilitçay öz mənbələrini bulaqlardan, yağış və qar sularından götürür. Başlanğıcını Göygöldən götürən Sağarsu çayı Gilançaya tökülür.
Naxçıvan Muxtar Respublikası ərazisində 38 növ və yarımnöv sürünənlər mövcuddur. Bunlardan 5 növ tısbağa, 12 növ və yarımnöv ilanlara rast gəlmək olar. Xəzər tısbağası, Aralıq dənizi tısbağası, yovşanlıq girdaban kərtənkələsi, Kiçik Asiya gürzəsi, Kiçik Asiya kərtənkələsi, Zaqafqaziya təlxəyi, ox ilanı “Qırmız Kitab”a salınmışdır.
Ərazidə 217 növ və yarımnöv quşa rast gəlinir ki, bunlardan 15 növü “Qırmızı Kitab”a daxil edilmişdir. Naxçıvan Muxtar Respublikasında 62-yə qədər məməli heyvan növünə və ya yarımnövünə təsadüf edilir.
Bunlardan 32 növ və ya yarımnövə Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisində rast gəlinir. Milli Parkın ərazisində canavar, çaqqal, adi tülkü, zolaqlı kaftar, daşlıq dələsi, porsuq, meşə pişiyi və s. rast gəlmək mümkündür.
Zəngəzur Milli Parkının və Ordubad Dövlət Təbiət Yasaqlığının ərazisi ali və nadir bitkilərə görə də zəngindir. Belə ki, Muxtar Respublika ərazisində bitən 110 növ ali və nadir bitkidən 77 növü Milli Parkın və Yasaqlığın ərazisində mövcuddur.
Sonda qeyd etmək lazımdır ki, Ordubadın meyvə bağları, dağ bulaqları, kəhrizləri və gül-çiçəkli aurası tarixən səyyahların diqqətini cəlb edib. Məsələn məşhur fransız etnoqraf İ.İ.Şopen 1862-ci ildə Qafqazın, o cümlədən İrəvan və Naxçıvan xanlıqlarının tarixinə və coğrafiyasına həsr etdiyi əsərində əla meyvələri – üzümü, əriyi, şaftalısı, albuxarası, heyvası olan Ordubad bağlarının Qafqazda, hətta Şərqdə şöhrət tapdığı barədə yazıb.
Səyyah həmçinin bu yerlərin sağlam iqlimi haqqında məlumat verib: “Dağlarla əhatə olunmuş Ordubad al-əlvandır, sağlam iqlimə malikdir, şəhər sudan boldur. Burada çaydan başqa, bütün bağları və evləri su ilə əsasən təmin edən 70-ə qədər bulaq var. Ordubadı, mübaliğəsiz, bütün Qafqazın ən şairanə, ən dilbər guşələrindən biri adlandırmaq olar”.
M.HACIXANLI
XQ