2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Talış-Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşaraq şəhid olmuş Fərid İsmixan oğlu Cəfərov belə igidlərimizdən biridir.
Ailənin ikinci övladı olan Fərid 13 yanvar 1998-ci ilin qarlı-şaxtalı bir qış günündə Yevlax rayonunun Quşçu kəndində anadan olmuşdu. Bütün uşaqlar kimi sevilərək, əzizlənərək böyüyüb, orta məktəbi qurtarıb, sonra əsgərliyə getmişdi. Hərbi xidməti dövründə özünü nümunəvi əsgər, tərbiyəli, vətənsevər gənc kimi göstərmişdi.
Atası İsmixan Cəfərov Birinci Qarabağ müharibəsinin döyüşçüsü olduğu üçün Fərid əsgərlik dövründə özünü atasına layiq bir şəkildə aparmış, nümunəvi əsgər kimi də xidmətini başa vurub evinə-ailəsinə dönmüşdü. Bir müddət atasi ilə ə-ələ verib tikinti işlərində çalışıb özlərinə də ev-eşik tikirlər. Günlərin birində ata-anasının xeyir duası ilə Fəridə adlı xanımla ailə qrur, bir qız atası olur. 2020-ci ilin sentyabrında – qurtuluş savaşımız başlayanda körpə qızı Nurlananın 1 yaşı yenicə tamam olmuşdu. Amma həmin günü Fərid qərar verir; qızım bu torpaqlarda güllə səsi eşitmədən, xoşbəxt yaşaması üçün mən bu gün müharibəyə getməliyəm.
Səfərbərlik çağırışını eşidər-eşitməz komissarlığa gedib özünü cəbhəyə çatdırmaq üçün tələsib. Atası deyir ki, onu müharibyə yola salanda dedim ay oğul, düşməni məğlub eləmək bizə nəsib olmadı, Allah sizə qismət eləsin. Evə, balanın yanına üzüağ, zəfərlə qayıt: “İpək kimi yumşaq ürəyi vardı, hamıya qarşı mehriban və səmimi idi Fərid. Müharibə xəbərin eşidəndə o Fəriddən əsər-əlamət qalmamışdı. Hiss edirdim ki, xarakteri bir gündə dəyişdi. Deyirdi ata, düşməndən qisas almaq hissilə içimi alışıb-yanır”.
Birinci Qarabağ müharibəsinin döyüşçüsü olmuş İsmixan Cəfərov o ağrı-acıları yaşamışdı, müharibənin nə demək olduğunu, şəhid gəldiyi evə necə atəş düşdüyünü yaxşı bilirdi. Amma oğlunu özü yola salmışdı müharibəyə, sonun nə olacağını bilə-bilə: “İlk dəfə torpaqlarımızı işğal etmək niyyətilə düşmən baş qaldıranda subay və gənc idim. Nankor ermənlərin ayaqaltı etdikləri müqəddəs torpaqlarımızı qorumaq üçün döyüşlərə qatılsam da, nə yazıq ki, o dövrün şərtləri bizi bu savaşda məğlub etdi, silah-sursat yox, ordu yox, iqtisadi güc yox, xalqın müharibə psixologiyası heç yox... Nəhayət, sentyabr ayı gəldi, müharibəyə gedəcək deyə, uşağın üstünə gün doğmuşdu”.
Ata isə fəxr eləyirdi onun bu kişiyana hərəkətilə. Oğlu böyük şairimiz Bəxtiyar Vahabzadənin bir bənd şerini əzbər bilirdi:
Vətənin arxasında,
Biz həmişə dağ olduq.
Vətən bizimçün deyil,
Biz Vətənçün doğulduq.
Beləcə, atasının xeyir-duasını alıb, anası Aynur xanımın əllərindən öpüb həyat yoldaşı Fəridə xanımla halallaşıb, 1 yaşlı qızı Nurlananı bağrına basıb özünə verdiyi sözü yerinə yetirməyə gedir. “Qızım qanın-qadanın, müharibənin bitdiyi, azad və xoşbəxt bir ölkədə yaşasın”.
Ağır döyüşlərə qatılandan bir neçə gün sonra Fərid Talış-Suqovuşan və Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olur və doğulub böyüdüyü Quşçu kəndində torpağa tapşırılır. Cəfərov Fərid İsmixan oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə «Vətən uğrunda», «Suqovuşanın azad olunmasına görə» və «Cəsur döyüşçü» medalları ilə təltif olunmuşdur.
İsmixan Rəhimov övlad acısı yaşasa da, deyir ki, ölkəmizin əsl sahibi möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çevik siyasəti, polad iradəsi və yenilməz sərkərdəliyi ilə qüdrətli ordumuz illər boyu arzuladığımız şanlı Zəfər salnaməsinin müəllifi oldu. Bu gün azadlıqda olan, şəhid qanı ilə canlanan Qarabağ torpağına mənim yeganə oğlumun, Fəridimin də qanı qarışıb.
Fəridin yadigarı Nurlana xeyli böyüyüb, sevgisi, şıltaqlığı ilə anasının, nənə-babasının hüznlü evinə işıq, həyat gətirir, varlığı ilə onların yaralarını sarıyır, yaşama səbəbləri olur. Nurlana Fəridin şərəfli ömrünün davamçısıdır.
Şəhidin atası İsmixan Cəfərov deyir ki, istər rayonda olsun, istər Quşçu kəndində hər kəsdən hörmət, qayğı, sevgi görür ailəsi: “Dövlət başçısından tutmuş, sıravi vətəndaşa qədər hamıdan qayğı, sevgi, isti davranış görürük. Bu da bizi duyğulandırır, oğlumun adı gələn yerdə axan sular durulur, hamı ehtiram göstərir. Oğlumla qürur duyuruq. Yerli icra orqanları da hər bir arzu, təklif və müraciətlərimizi həssaslıqla dinləyir. Pay torpagı veriləcəyi də nəzərdə tutulub. Onunla təskinlik tapırıq ki, gözəl Qarabağda artıq üçrəngli bayrağımız dalğalanır.
Əminə YUSİFQIZI,
Əməkdar jurnalist