2016-cı ilin məlum Aprel döyüşlərində fərqlənərək Milli Qəhrəman adına layiq görülmüş, İkinci Qarabağ müharibəsində doğma rayonu Qubadlının işğaldan azad edərkən şəhadətə qovuşmuş polkovnik Şükür Həmidovun ölməz ruhuna sayğılarla
El qeyrəti çəkən oğul doğuldun,
Vətən sevdalısı, igid, ər oldun!
Döyüş meydanında oddan yoğruldun!
Sandın sönən ocaq – sinəndə kösöv...
Qəhrəman polkovnik Şükür Həmidov!
Aprel döyüşləri – zabit sınağın,
Lələtəpə oldu döyüş bayrağın!
“Milli Qəhrəman”lıq – cəsur sorağın!
Görmək istəyirdin Vətəni bütöv,
Qəhrəman polkovnik Şükür Həmidov!
Qorudun bayrağın ucalığını,
Bağrına basaraq Azərbaycanı!
Vətən savaşında sözünün canı –
Düşmənin gözünü Qarabağda oy!..
Qəhrəman polkovnik Şükür Həmidov!
Xilaskar Ordumuz, şanlı Ordumuz
Tarix yazmaqdadır! O, qürürumuz!
Əsgərə guvənir, əmin yurdumuz...
Qanınla yazmısan: yağıları qov!..
Qəhrəman polkovnik Şükür Həmidov!
Qubadlı elinin bərəsi-bəndi,
Dünyaya gəldiyin Armudluq kəndi,
Şəhidlik zirvənlə bir boy dikəldi...
Qisas xəncərinə çəkildi bülöv,
Qəhrəman polkovnik Şükür Həmidov!
Tapdıq ƏLİBƏYLİ