Dağların mavi gözü

post-img

Dumanlı dağların yaşıl qoynunda

Bulmuş gözəllikdə kamalı Göygöl! 

Yaşıl gərdənbəndi gözəl boynunda

Əks etmiş dağların camalı Göygöl! 

Hörmətli oxucular, bu gözəl misralar məşhur şair, repressiya qurbanı Əhməd Cavadın 1918-ci il aprelin 11-də qələmə aldığı məşhur “Göygöl” şeirindəndir. Lakin budəfəki söhbətimiz təkcə “gözəllər-gözəli” Göygöl barədə deyil, həm də bu bənzərsiz gölün də ərazisinə daxil olduğu Göygöl Milli Parkı haqqındadır. 

Göygöl təbiətinin gözəlliyi sayəsində daim diqqəti özünə cəlb etmişdir. XX əsrin əvvəllərində, 1910–1912-ci illərdə ərazidə qoruq yaradılması məsələsi qaldırılmışdır. 1925-ci ildə Azərbaycan Respublikasının ərazisində ilk qoruq olan Göygöl  Dövlət Təbiət Qoruğu yaradılmışdır. Sonralar qoruq ləğv edilmiş və ictimaiyyətin arzu və təkliflərinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 14 iyul 1965-ci il tarixli 475 nömrəli qərarına əsasən yenidən təşkil edilmişdir. 

Azərbaycan Prezidentinin 1 aprel 2008-ci il tarixli sərəncamına əsasən Göygöl Dövlət Təbiət Qoruğunun və Xanlar (indiki Göygöl), Daşkəsən və Goranboy rayonlarının inzibati ərazilərində Göygöl Milli Parkı yaradılmışdır. Milli Park statusu aldıqdan sonra ərazisi artırılaraq 12 min 755 hektara çatdırılmışdır.

Qeyd etmək lazımdır ki, Göygöl Milli Parkı zəngin bitki örtüyünə malikdir. Burada dağ-meşə, dağ-bozqır, subalp və alp dağ-çəmən bitki ekosistemləri yayılmışdır. 1100–2200 metr hündürlükləri əhatə edən dağ meşələri çox zəngin olub, 80-ə qədər ağac və kol növünə malikdir. 

Meşələrin əsas hissəsini kiçik yarpaqlı ağaclardan şərq fıstığı, şərq palıdı, Qafqaz vələsi, tozağacı, adi göyrüş, ağcaqayın, cökə, iynəyarpaqlı ağaclardan isə Kox şamı təşkil edir. 

Kol bitkilərindən zoğal, zirinc, itburnu, əzgil, gərməşov, böyürtkən və s. yayılmışdır. Ot bitkilərindən Qafqaz bənövşəsi, alp dişəsi, Steven zəncirotu, zəngçiçəyi, çobanyastığı, şırımlı topal, ağbığ, qırtıc və s. göstərmək olar. Bu növlər ən çox subalp çəmənliyində yayılmışdır.

Tədqiqatçılar hesab edirlər ki, milli parkın ərazisinin 2 min metrə qədər hündürlüyü əhatə etməsi, müxtəlif bitki formasiyalarının bir-birini əvəz etməsi heyvanlar aləminin də xeyli zənginliyinə şərait yaratmışdır. Burada məməli heyvan növlərindən Qafqaz maralı, Avropa cüyürü, qonur ayı, dağ keçisi, porsuq, meşə pişiyi, vaşaq, daşlıq dələsi, gəlincik, adi kirpi, tülkü, quş növlərindən bildirçin, meşə göyərçini, adi qur-qur, meşə, göl qağayısı, saqqallı quzugötürən, qara kərkəs, leşyeyən ağkərkəs və s. yayılmışdır. Milli parkın ərazisində nadir növlər olan Qafqaz maralı qorunur.

Göygöl Milli Parkında təbiət gözəlliyinin rəngarəngliyi, bitki və heyvanlar aləminin zənginliyi ekoturizm fəaliyyətinin təşkili və inkişafına, o cümlədən, əraziyə böyük sayda yerli və xarici turistlərin cəlb edilməsinə şərait yaradır. Son illər bura təşrif buyuran yerli və turistlərin sayı durmadan artır. Onların çoxu sonra hər yerdə fəxrlə deyirlər: Mən Göygölü öz gözlərimlə görmüşəm!  

Həqiqətən, Göygölün bənzərsiz gözəlliyi dillər əzbəridir. Onu təkcə sözlə vəsf etmək azdır, bu barədə söz düşəndə bu yerlərə həsr olumuş tanış mahnı və melodiyalar canlanaraq ruhumuza zövq və qida verir. 

Dahi bəstəkar Fikrət Əmirovun görkəmli şair Teymur Elçinin sözlərinə bəslədiyi “Göygöl” mahnısı isə fikrimcə, son onillərin ən gözəl bəstələrindən biridir:   

Göygöl, Göygöl,

Elimin gözəl qızı.

Göygöl, Göygöl,

Könlümün vurğun qızı...

M.HACIXANLI 
XQ

 

Sosial həyat