Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə VIII–IX sinif şagirdləri arasında dünyaşöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş kimya və biologiya fənləri üzrə II Kimya-Biologiya Olimpiadasının rayon turu keçirilib.
Nazirliyin mətbuat xidmətindən mətbuata bildirilib ki, 8 mərkəzdə keçirilən olimpiadada məktəb turunda qalib olan 535 şagirddən 94 faizi iştirak edib. Şagirdlərə 30 sual təqdim olunub və 3 saat vaxt ayrılıb.
Olimpiadanın məktəb, rayon və muxtar respublika olmaqla, 3 turdan ibarət təşkili nəzərdə tutulub. Rayon turunda qalib olan şagirdlər fevralın 8-də keçiriləcək muxtar respublika turuna vəsiqə qazanacaq.
Rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunacaq.
Lelya İLKİNQIZI,
tələbə-jurnalist