“At igidin qardaşıdır”

post-img

(əvvəli https://xalqqazeti.az/az/sosial-heyat/208813-at-igidin-qardasidir)

Ənənə yaşadılır

Bir neçə il bundan qabaq Şabran RİH-ə başçılıq edən Novruz Novruzovun təşəbbüsü ilə keçmiş bir ənənəyə yeni həyat verildi. Qədimdən qədim Şabranda Novruz bayramı şənliklərində Ataçaydan Vəlvələ çaya qədər uzanan Ağzıbir düzündə cıdır yarışları keçirilirdi.

Bu dəfə üçrəngli bayrağımıza bürünmüş çaparların Koroğlu nərəsi tamaşaçıların da qanını coşdurdu. Bu cıdır yarışı əziz bayrama yeni bir yaraşıq, növraq verdi. Atlılar dördnala çapdı, ağzı köpüklü, yalı tərli kəhərlərin kişnərtisi düzü-dünyanı başına götürdü. Yəhər üstdəki cavanlara atlardan coşqunluq, təpər, hünər, ərdəmlik gəldi.

Və vaxt gəldi, at belindəki o igidlərin hər biri Ali Baş Komandandanın əmri ilə "müxənnət ölkəsi talanmaq gərək!" hayı-harayı ilə işğal altında olan torpaqlarımızı azad etmək üçün düşmən üzərinə yürüdülər. Vətən müharibəsində Şabran 29 oğlunu şəhid verdi.

RİH başçısının təşəbbüsü ilə qoyulan bu ənənənin nəticəsində Şabranda atlara, atçılığa maraq xeyli artdı. Bu da rayonda atların baş sayının ildən-ilə oxalmasına səbəb oldu. Keçən müddət ərzində atların sayı bir qədər artaraq 1500 başa çatdı.

Yeri gəlmişkən, burasını da qeyd edək ki, hələ ümummilli liderimiz Heydər Əliyev Respublikamıza rəhbərliyinin birinci dövründə ölkəmizdə bu mühüm sahənin inikişafına böyük önəm vermiş, onun təşəbbüsü ilə Azərbaycan KP MK və Nazirlər Soveti 1981-ci ildə "Atçılığı inkişaf etdirmək tədbirləri barədə" xüsusi qərar qəbul etmişdi.

Kəhər at necə qayıtmışdı?

Ötən əsrin 40-cı illərində Şabran rayonunun Çuxurəzəmi sovetliyində Ərzuman adlı 70-80 yaşlı bir qoca yaşayırmış. Onun öz atı ilə dostluğu, yoldaşlığı ətraf kəndlərin camaatı arasında nağıla-dastana dönübmüş. Ərzuman kişi pirə, ocağa möhkəm etiqad bəsləyən çox mömün bir adam imiş. Hər ay öz kəhəri ilə 3-4 dəfə bu yerlərdə müqəddəs ziyarətgahlardan olan Pirməhəmməd pirini ziyarət edərmiş.

1941-ci ildə almanlarla müharibə başlayanda Ərzuman kişinin atını da suvari ordu üçün səfərbər ediblər. Atları vaqonlara mindirəndə onun öz kəhəri ilə vidalaşması müharibə dövrünün Şabranda kövrək, təsirli səhnələrindən biri olub.

Ərzuman kişi atın yalını qucaqlayıb dodaqlarını onun üz-gözünə, boynuna sürtür, qulağına nəsə pıçıldayırmış. Sahibi susandan sonra at yavaşca kişnəyib. Ərzuman kişinin hıçqırtısı, atın da gözlərindən yaş süzülməsi hamını təsirləndirib.

Adamları qəribə bir maraq bürüyübmüş. Görəsən, Ərzuman kişi atın qulağına nələr deyirmiş. Bu suala kişinin cavabı qısa olub: "Kəhərimə ürək-dirək verib toxtatdım ki, ürəkli olsun, dəfələrlə Pirməhəmməd babanı mənimlə birgə ziyarət edib, savab qazanıb. Allah da onu bunun müqabilində od-alovdan qoruyacaq".

Aradan aylar ötüb, 3 il keçib. 1943-cü ilin qışında çöldə çovğun tüğyan edirmiş. Gecədən xeyli keçmiş birdən Ərzuman kişi yerindən dik qalxıb oğlunu səsləyib: "Ay oğul, ay bala, eşidirsənmi, kəhərim qayıdıb. Kişnəyib məni haylayır".

Yerindən səksəkəli qalxan oğlu atasının yuxu gördüyünü zənd edib, lakin həyəcanlanmış kişini sakitləşdirib çölə çıxanda gözlərinə inanmayıb: Kəhər qayıdıbmış!

Kəndə hay düşüb.Tanış-biliş cəbhədən geri dönən bir əsgər kimi kəhərin başına toplaşıb. Ora-burasına keçib ata çox nəzər yetiriblər. Birdən atın sarğısında damğa yeri görüblər. Damğada alman dilində nəsə yazılıbmış. Məlum olub ki, at almanların əlinə keçibmiş. Amma kəhər bu əsirlikdən necə xilas olmuşdu, uzaq yoldan yurd-yuvaya nə sayaq salamat gəlib çıxa bilmişdi, sirr olaraq qaldıb...

Ərzuman kişi isə qışın şaxtasına baxmayaraq, elə həmin gün kəhəri ilə Pirməhəmməd babanı ziyarətə yollanıb...

At demişkən...

Tarixdə ağır yara kimi qalmış İkinci cahan savaşı Şimali Qafqaza qədər gəlib çatıb. Bu tarix sonralar o yerlərdə əbədiləşdirilmişdi. Şimali Osetiyanın paytaxtı Vladiqafqazda turist marşrutlarına salınmış bir abidəni indi də unuda bilmirəm.

Onda ötən əsrin 70-ci illəri idi. Biz turistləri şəhərin ən hündür təpəsində ucaldılan bir tarixi abidəni ziyarətə aparmışdılar. Qəbiristanlıq və...

Naməlum əsgərin qəbri üstündəki başdaşına tərəf əyilmiş tuncdan tökülən nəhəng bir at heykəli!.. Kəhərin təkcə iri gözlərindən yox, yalından da qəm, ələm yağırdı.

İndi mənə belə gəlir ki, o vaxt biz səbrimizi basıb o qəbrin üstündə bir az da çox dayansaydıq, tunc atın öz sahibi üçün iri qara gözlərindən süzülən acı göz yaşlarının da şahidi olardıq...

“Yaşasın at!”

Bədxahlarımız paxıllıqlarından, qısqanclıqlarından yanıb töküldülər, bağırları çatladı. Dünyanın gələcək xilasına yönəlik COP-29 respublikamızda öz işini uğurla başa çatdı. Belə mötəbər tədbirlər öz yerində, ancaq ekologiyanın qorunması həmişə olduğundan daha çox “Demokl qılıncı” kimi bəşəriyyətin başı üstündə yellənməkdədir.

COP-29-a ev sahibliyi etməyimizdən, öz işini uğurla yekunlaşdırmasından ən çox darılan Fransanın paytaxtı Parisdə, təxminən, 50 il bundan qabaq ilıq bir may günü şəhərin küçələrində 300 nəfər atlı belə bir şüarla mitinqə çıxıbmış: "Avtomobil öldürür! Avtomobil zəhərləyir! Yaşasın at!"

Yox, bu gün həyatımızı avtomobilsiz təsəvvür etmək mümkün deyil. Amma...Atları da yaşatmalıyıq.

At muraddır, deyiblər. Arzu, istəklərimizə çataq.

Artıq ən böyük muradımıza qovuşmuşuq. Cıdır düzündə Qarabağ atlarının cövlanına şahid olduq, at yarışını da görək!...

Aydın TAĞIYEV,
yazıçı-publisist

Sosial həyat