Səbəblər çox olsa da, çıxış yolları da az deyil
Ölkəmizdə ərzaq təhlükəsizliyinin mühüm istiqamətlərindən biri də daxili bazarda ət və ət məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi ilə bağlıdır. Bununla belə, gündəlik qida rasionumuzda mühüm yer tutan ətin qiymətində son zamanlar kəskin bahalaşma müşahidə olunur. Belə ki, hazırda daxili bazarda istehlakçılara quzu əti 18–20 manata, dana əti isə 15–16 manata təklif olunur. Bu da izafi xərclərə səbəb olduğundan istehlakçıların haqlı narazılığına gətirib çıxarır.
Rəsmi statistikaya görə, ölkəmizdə adambaşına düşən illik ət və ət məhsullarının istehlakı 42 kiloqrama yaxındır. Bunun da 16 kiloqramı mal ətinin payına düşür. Bundan əlavə, qoyun və keçi əti istehlakı adambaşına 9 kiloqram, quş əti istehlakı isə 15,4 kiloqram təşkil edir. Bu isə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə aşağı göstərici hesab olunur. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələrindən ət istehlakına görə, təxminən, 40 faiz geri qalır.
Yeri gəlmişkən, Hesablama Palatası ət və ət məhsulları bazarında bir müddət əvvəl apardığı auditə əsaslanaraq mediada yaydığı məlumatda yerli istehsalın bazası olan damazlıq heyvandarlığın lazımi səviyyədə inkişaf etdirilməməsi ölkədaxili ət və ət məhsullarının qiymətlərinin optimallaşdırılmasına mane olan əsas amil kimi bildirilirdi. Vurğulanırdı ki, satış qiyməti idxal qiyməti ilə müqayisədə daha əlverişli yerli istehsal heyvan toxumlarının müvafiq standartlar üzrə kənar (müstəqil) sertifikatlaşdırılması mexanizminin tətbiq edilməməsi üzündən yerli toxumun keyfiyyətinə əminlik yaranmır. Bu səbəbdən də müvafiq fermer təsərrüfatları yerli istehsal olan heyvan toxumuna üstünlük vermir və həmin toxumların idxalını həyata keçirir. Beləliklə, yerli heyvan toxumu və ondan alınan damazlıq heyvanların, eləcə də heyvandarlıq məhsullarının ixracı perspektivləri məhdudlaşır.
Araşdırma nəticəsində məlum olub ki, ölkədəki mayalana biləcək iribuynuzlu heyvanların çox az bir hissəsi (14,6-15,8 faiz) süni mayalanmaya cəlb edilir, bu yolla doğulan buzovların sayının isə mayalana bilən müvafiq heyvanlara nisbəti hər 100 iribuynuzlu heyvana qarşı orta hesabla 8,8 faiz təşkil edir. Beləliklə, doğulan buzovların, təxminən, 50 faizi erkək olmaqla qısa müddətli bəslənmə dövründən sonra ət istehsalı üçün kəsimə verilir. Belə bir şəraitdə süni mayalanmanın faktiki əhatəliliyi ilə ölkə üzrə heyvandarlıqda cins tərkibin yaxşılaşdırılması (optimallaşdırılması) üçün 20 ildən çox müddət tələb edilir ki, bu da mövcud süni mayalanma mexanizminin bir o qədər də səmərəli və nəticəli olmadığını deməyə əsas verir. Eyni zamanda, bütün bunlar ölkədaxili tələbatın diri halda idxal edilən heyvanların kəsimi hesabına ödənilməsi səviyyəsinin nə qədər yüksək olduğunu göstərir.
Qeyd edək ki, son zamanlar ət idxalının həcmində artım müşahidə olunur. Bu da idxaldan asılılığın artmasına gətirib çıxarır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana 104 milyon 834 min ABŞ dolları dəyərində 48 min 241 ton ət idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, idxal edilən ətin miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,4 faiz, dəyəri isə 49,8 faiz və ya 34 milyon 839 min dollar artıb.
Son vaxtlar ölkədə bu məhsulun bahalaşmasının bir səbəbi də ət idxalına məhdudiyyət qoyulması nə ilə bağlıdır. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarından ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, Fələstinin Ramallah və Əl-Bireh əyalətində dabaq, Fransanın Korsika regionunda, Almaniyanın Berlin şəhərində blutanq, Əlcəzairin Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa, Skikda əyalətlərində nodulyar dermatit, ABŞ-nin İllinoys ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Onu da deyək ki, Rusiya – Ukrayna müharibəsindən sonra Azərbaycanda quşçuluq məhsullarının idxalı da, demək olar ki, dayanıb. Bu da ölkədə ət məhsullarının qiymətinin bahalaşmasına öz təsirini göstərib. Paytaxt sakinlərinin sözlərinə görə, əvvəllər 17–18 manata aldıqları hind toyuğu ətinin qiyməti artıq 19–20 manata yüksəlib. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Mürvət Həsənli qiymət artımının müxtəlif səbəbləri olduğunu, xüsusən hind toyuğu, qaz, ördək kimi quş növlərinin kütləvi şəkildə istehsal olunmamasının bahalaşmaya təsir edən əsas amillər sırasında yer aldığını vurğulayıb.
Ekspertlər bütün bunlarla bərabər, ət idxalının artmasını digər səbəblərlə də, məsələn, örüş sahələrinin azalması, yem komponentlərinin bahalaşması ilə əlaqələndirərək bütün bunların heyvandarlığın inkişafına mənfi təsir göstərdiyini bildirirlər. Onlar, eyni zamanda, həm iri, həm də xırdabuynuzlu heyvanların saxlanılmasına çəkilən xərclərin 2-3 dəfəyə qədər artmasını isə bu sahə ilə məşğul olan sahibkarların profillərini dəyişmək məcburiyyətində qaldıqlarını qeyd edirlər.
Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox istehlak edildiyi üçün bu sahəyə də xüsusi diqqət yetirilir. Başqa sözlə, yetişdirilən qoyun cinslərinin ət, süd, pendir, dəri, piy və yunundan geniş istifadə edilir. Təəssüf ki, yüksək məhsuldarlığına və sadalanan digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illər ölkəmizdə qoyunçuluğun inkişaf dinamikasında da azalma müşahidə olunur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin bu barədə yaydığı məlumatda qeyd edilir: “BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Azərbaycan arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi üzrə hazırlanan hesabatda respublikamızda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilir. Belə ki, iqlim dəyişiklikləri və torpaqların deqradasiyası, eləcə də tələblə təklifin dəyişməsi fonunda tələbin yüksəldiyi, eyni zamanda, əhalinin damaq dadı və ət seçimində daha çox quzu ətinə üstünlük verildiyi, bununla da, qoyunçuluğun inkişafının zəiflədiyi bildirilir.
Məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə ünvanladığımız sorğuya cavab olaraq bildirildi ki, bu ilin ötən dövründə ölkənin iri və xırdabuynuzlu heyvan əti bazarında rəqabət vəziyyətinə dair araşdırmalar aparılıb. Təhlillər nəticəsində bazarda inhisarçı meyillərin olmadığı və qiymətlərin tələb-təklif mexanizmi əsasında formalaşdığı müəyyən edilib.
Ətin qiymətində müşahidə olunan dəyişikliyə gəldikdə isə qurumun məlumatında qeyd olunur ki, tələbin və ya təklifin mövsümi amillər səbəbindən artması və ya azalması istehlak bazarında qiymətlərə təsir edə bilir. Məlumatda daha sonra bildirilir: “Bəzi mövsümlərdə müəyyən məhsulların istehsal edilməsi mümkün olmur və ya müəyyən dövrlərdə bəzi məhsullara olan tələbin həcmi kəskin dəyişir. Mövsümi faktorlardan biri kimi bayramlar ərəfəsində istehlak bazarında yaranan vəziyyəti nümunə gətirmək olar. Belə ki, bayramöncəsi, adətən, istehlakçıların iqtisadi davranışlarında müəyyən dəyişikliklər müşahidə edilir və müxtəlif sosial-iqtisadi səbəblərə görə bəzi məhsullara olan tələbin həcmi dəyişə bilir. Lakin müşahidələr göstərir ki, mövsümi faktorlar aradan qalxdıqdan sonra, adətən, istehlak bazarında qiymətlərdə azalma qeydə alınır”.
Dövlət Xidmətinin məlumatında o da qeyd olunur ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə ət məhsulları təklif olunur, istehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı sərbəst seçmək hüququ var.
“İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iqtisadi əsası olmadan məhsulların qiymətində dəyişiklik edilməsi hallarına yol verilməməsi üçün qanunamüvafiq tədbirlər həyata keçirir. Dövlət Xidməti əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır. Rəqabət qanunvericiliyinin tələblərinin pozulduğu aşkar edildiyi təqdirdə qanunamüvafiq tədbirlər görülür”, – deyə məlumatda qeyd olunur.
Elçin BAYRAMLI,
“Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri, sosioloq
Kənd təsərrüfatının vacib sahələrindən sayılan heyvandarlığın problemləri bütün dünyada aktuallıq kəsb edir. Bu sahədə ən vacib məsələ mühüm növ heyvandarlıq məhsulu olan ət istehsalı və istehlakı ilə bağlıdır. Bir sıra qlobal qüvvələr heyvanların metan qazı buraxaraq ozon qatına zərər vurmaqla və qlobal istiləşməyə səbəb olmaqla atmosferdə ciddi problemlər yaratdığını düşünürlər. Onlar iddia edirlər ki, ət və süd istehsalının artırılması üçün heyvanların sayının iri fermalar şəklində süni surətdə çoxaldılması, təbii balansdan artıq mal-qara saxlanması iqlimə zərər vurur.
Bununla yanaşı, dünyada süni ət texnologiyasının hazırlanması prosesi də artıq başa çatdırılıb. Yəni süni hüceyrələrin laboratoriya şəraitində artırılması formasında, eyni zamanda, tərkibinə digər geni modifikasiya olunmuş soya və digər elementlər qatılaraq süni ət texnologiyasını bütün dünyada yaymağa çalışırlar. Yeri gəlmişkən, süni ətin 1 kiloqramının maya dəyəri əvvəllər 15 dollar civarında olsa da, son texnoloji yeniliklər sayəsində bu məbləğ 5 dollara endirilib. Göründüyü kimi, hazırda təbii ət və ət məhsullarının istehsalı ilə bağlı qlobal miqyasda məhdudlaşmalar gedir. Müxtəlif Avropa ölkələrində, ABŞ-də və digər dövlətlərdə heyvan saxlamaqla bağlı məhdudiyyətlər artır. Hətta bir çox hallarda insanlara öz şəxsi təsərrüfatlarında heyvan saxlamağa belə imkan verilmir, əlavə vergilər qoyulur, müxtəlif məhdudiyyətlər tətbiq olunur. Bu yolla da təbii əti sıradan çıxararaq süni ət texnologiyasını dünyada qəbul etdirməyə çalışılır. Beləliklə, qida sənayesində iri transkorporasiyaların tam hegemonluğunun təmin olunmasına səy göstərilir. Bu da müxtəlif ölkələrin ərzaq təminatının qlobal resurslardan, qlobal korporasiyalardan asılılığına gətirib çıxarır.
Eyni proses broyler sistemində də mövcuddur. Bir çox ölkələrdə təbii toxumları sıradan çıxarmağa səy göstərilir. Əvəzində geni modifikasiya olunmuş toxumlar təklif edilir. Genetik toxumlar isə reproduksiya vermədiyinə görə ölkələr hər il qlobal şirkətlərdən toxum almağa məcbur olur. Yəni bir sıra qlobal qüvvələr dünyanın qida sənayesini, qida zəncirini, qida istehsalını qlobal bir mərkəzdə formalaşdırmağa, prosesə nəzarəti öz əllərində saxlamağa çalışırlar. Bunun üçün müxtəlif texnologiyalar tətbiq olunur. Bu qüvvələr “karbon izi”, “heyvandarlıq atmosferə zərər vurur”, “filan bitkiləri əkmək olmaz” və s. məsələlər üzərindən manipulyasiyalar edərək dövlətləri təzyiq altında saxlayırlar.
Son illər ölkəmizdə ətin qiymətində davamlı şəkildə bahalaşma gedir. Bu da istehlakçıların gəlirlərinə uyğun deyil. Bir çox aztəminatlı ailələr ət və ət məhsullarından istifadədə çətinlik çəkirlər. Bu da, ilk növbədə, mühüm növ heyvandarlıq məhsullarından olan ət istehsalının azalması ilə bağlıdır. Yerli istehsal daxili tələbatı ödəmədiyindən idxaldan asılılıq artır. Ət istehsalında azalmanın əsas səbəblərindən biri son zamanlar bir çox örüş sahələrinin əkinə transformasiyası ilə bağlıdır. Bu da örüş yerlərinin azalmasına gətirib çıxarıb. Əhalini ciddi narahat edən bu problemi aradan qaldırmaq üçün, ilk növbədə, örüş sahələri ilə bağlı yaranmış çətinliklər öz həllini tapmalıdır. Eyni zamanda, son illər heyvandarlığın yem bazasının da zəifləməsi müşahidə olunur. Bunun da nəticəsində otun, presin qiyməti artır. Digər bir faktor taxıl məhsullarında müşahidə olunan qiymət artımı ilə bağlıdır. Sadaladığım bütün bu amillər heyvandarlığın xərclərinin artmasına və nəticədə, istehsalın azalmasına səbəb olur. İstehsalın azalması isə, özünü qiymət artımında büruzə verir.
Ölkədə heyvandarlığı inkişaf etdirmək üçün fermerlərə subsidiyalar və ya digər müxtəlif stimullaşdırıcı tədbirlər vasitəsilə lazımi dəstək göstərilməlidir. Bununla yanaşı, iri təsərrüfatlara müəyyən şərtlər daxilində güzəştlər edilməlidir ki, onlar özləri təsərrüfatlarını genişləndirə bilsinlər. Yaxud kəndlərdə təsərrüfat sahiblərinə özünüməşğulluq proqramı çərçivəsində kiçik həcmli kreditlər verilə bilər. Eyni zamanda, sözügedən proqram çərçivəsində insanlara iri və xırda buynuzlu heyvanlar verilməklə həm yerlərdə məşğulluğu artırmaq, həm də istehsalın genişləndirilməsinə nail olmaq olar. Bununla da, ölkədə məhsul bolluğu və ətin qiymətində ucuzluq yarana bilər. Özü də sadaladığım bu məsələlər xüsusi proqram şəklində həyata keçirilməlidir.
Heyvandarlığın inkişafı üçün mümkün olan bütün resurslardan istifadə etməliyik ki, ətin qiyməti qalxmasın və idxaldan asılı vəziyyətə düşməyək. Eyni zamanda, təbii ətdən məhrum olub, gələcəkdə xaricdən süni məhsul almaq məcburiyyətində qalmayaq. Bunun üçün ölkəmizin potensial imkanları kifayət qədərdir. Əksər rayonlarımızda heyvandarlığın inkişaf etdirililməsi üçün yaxşı imkanlar var. Məsələn, Ceyrançölün ərazisi çox böyük bir düzənlikdən ibarətdir. Yeri gəlmişkən, vaxtilə orada böyük heyvandarlıq təsərrüfatları olub. Bu potensial indi də var və onu bir qədər də artırmaq lazımdır. Bundan əlavə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində tarixən iri heyvandarlıq kompleksləri mövcud olub. Bu ərazidə heyvandarlığın inkişaf etdirilməsi üçün indi də çox böyük potensial var. Orada böyük və kiçik heyvandarlıq təsərrüfatları yaradılmalı, fermerlərə dövlət dəstəyi artırılmalı, subsidiyalar verilməlidir. Bundan əlavə, özünüməşğulluq proqramı çərçivəsində kiçik fermerlərə, kəndlilərə heyvanlar verilməli, onların baş sayının artırılması təmin olunmalıdır. Göründüyü kimi, ət və ət məhsullarına olan daxili tələbatı ödəmək üçün yaxşı imkanlarımız var. Bu imkanlardan yararlanmaqla idxaldan asılılığı azalda və özümüzü qlobal proseslərdən sığortalaya bilərik.
Yeri gəlmişkən, bəzi ölkələr müxtəlif heyvandarlıq məhsullarını idxal etməyə məcbur olsalar da, bizdə mənzərə tamamilə fərqlidir. Belə ki, Azərbaycanın ərazi, iqlim şəraiti, torpaq fondu, örüş sahələri imkan verir ki, biz heyvandarlığı yüksək səviyyədə, effektiv şəkildə inkişaf etdirək. Bu yolla daxili bazarın tələbatını ödəməklə idxaldan asılılığı azalda, hətta bu növ məhsulları ixrac da edə bilərik. Son nəticədə, ölkədə qiymətlər də münasib olar. Fikrimcə, buna nail olmaq üçün kənd təsərrüfatı mütəxəssislərindən ibarət komissiya yaradılmalı, xüsusi proqram işlənib hazırlanmlıdır. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi ölkənin heyvandarlıq potensialını, perspektiv imkanları yenidən qiymətləndirməlidir.
Azərbaycan azsaylı ölkələrdəndir ki, aqrar sektorda xüsusi dövlət proqramları həyata keçirir, subsidiyalar, kreditlər ayırır, sektorun inkişafı üçün imkanlar yaradır. Ucqar ərazilərdə rahat yaşayışı təmin etmək, təsərrüfatların yaradılmasını asanlaşdırmaq üçün yollar çəkilir, infrastruktur qurulur. Bununla belə, effektiv idarəetmədə bəzi problemlərin həllinə ciddi ehtiyac duyulur. Bunların aradan qaldırılması ilə yanaşı, aqrar sahədə elmi-tədqiqat institutlarının bazaları genişləndirilməli, rayonlaşdırma məsələsinə xüsusi diqqət yetirilməlidir. Düşünürəm ki, məsələlərə planlı, elmi və sistemli şəkildə yanaşılsa, Azərbaycan özünün ərzaq təhlükəsizliyini tam təmin edə bilər. Çünki ölkəmizdə bu sahədə siyasi iradə mövcuddur. Cənab Prezident tərəfindən mühüm dövlət sənədləri imzalanıb. Dövlət tərəfindən böyük vəsaitlər ayrılır. Sadəcə olaraq, bunlar effektiv şəkildə idarə olunmalı, məsələyə daha düzgün, daha strateji yanaşılmalıdır.
XQ-nin analitik qrupu