Dövlət Neft Şirkətinin vitse-prezidenti Ziba Mustafayeva “Dayanıqlı ətraf mühit: yaşıl enerjiyə keçid” mövzusunda keçirilən beynəlxalq elmi konfransda qeyd edib ki, Azərbaycan bu il iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə daha bir uğura imza ataraq BMT-nin 29-cu konfransına yüksək səviyyədə ev sahibliyi etdi. Bu sessiya Azərbaycanın ekoloji problemlərin həllində və bərpa olunan enerji mənbələrinə keçid sahəsindəki liderliyini bir daha dünyaya göstərdi. Eyni zamanda, iqlim dəyişikliyinə qarşı mübarizədə əsas vasitələrdən birinin elm və innovasiya olduğunu nümayiş etdirdi.
Z.Mustafayeva bildirib ki, karbon emissiyalarının azaldılması və ekoloji problemlərin həllində yalnız yeni və kreativ tədqiqat yanaşmaları ilə uğur qazanmaq mümkündür: “Azərbaycan bu istiqamətdə təhsil və elmi tədqiqatların dəstəklənməsinə xüsusi diqqət yetirir. Məsələn, Bakı Ali Neft Məktəbinin İnnovasiya və Tədqiqat Mərkəzi bu mövzuda yeni yanaşmaların inkişafına ciddi töhfə verir. Eyni zamanda, Şuşa şəhərində həyata keçirilən ekoloji layihələr və digər regional tədbirlər bu sahədə mühüm addımlardandır”.
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov beynəlxalq elmi konfransda qeyd edib ki, BMT-nin 29-cu iqlim sessiyası tarixi bir hadisə, Qafqazın, eləcə də dünyanın diqqətini çəkən ən böyük ekoloji forumlardan biri kimi tarixə yazıldı.
Rektor çıxışında ekoloji mədəniyyətin inkişafı üçün hər kəsin töhfə verməli olduğunu vurğulayıb: “Məsələn, ağacların kəsilməsinə qarşı mübarizə aparmaq təkcə bir məsuliyyət deyil, həm də sosial bir vəzifədir. BANM-də “YES” adında ekoloji mərkəz yaradılıb. Mərkəz ekoloji maarifləndirmənin artırılmasına yönəlib. Bu işin genişlənməsi üçün hər kəs öz töhfəsini verməlidir”.