O, Güneydə Milli Hökumətin qurucularından olub
Şair Musa Ələkbərli və publisist Rauf Vəliyevin birlikdə ərsəyə gətirdikləri “Arazı adlayan məktublar” adlı kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.
Görkəmli ədib Mir Cəlal Paşayevin böyük qardaşı, Cənubi Azərbaycanda yaradılmış Milli Hökumətin qurucularından və Seyid Cəfər Pişəvərinin ən yaxın silahdaşlarından biri olan Mir Xəlil Mir Ələşrəf oğlu Xəlilinin ömür yolundan bəhs edən kitab əsasən xatirə üslubunda yazılsa da, əhatə dairəsi və fakt zənginliyi ilə diqqət çəkir. Ailəsini və uşaqlarını Arazın o tayında qoymaq məcburiyyətində qalan Mir Xəlil Mir Əli Ələşrəf oğlu Xəlilinin həsrət və intizar dolu məktublarının fotosurəti də kitaba daxil edilib.
Şair Musa Ələkbərlinin kitabda yer alan, Mir Xəlil Mir Ələşrəf oğlunun ağrılı həyatından bəhs edən “Ayrılığın sonu yoxmuş” lirik poeması “Arazı adlayan məktublar”a poetik ovqat gətirir.
Bu kitaba qədər Mir Xəlil ağanın işıqlı obrazı ilə oğlu – Musa Ələkbərlinin tələbəlik dostu Hacı Ələddin Xəlilinin “Bir axşam taksidən Təbrizə düşdüm” məqaləsi və Dəyanət Səlimxanlının tanınmış nəslin fəzilətindən bəhs edən “İlahi nur” poeması vasitəsilə ötəri tanış olmuşduq. Onun şücaətindən, xeyirxahlığından, kasıblara əl tutmasından, onları ərbabların zülmündən müdafiə etməsindən, Milli hökumət zamanı Culfadan üzü bəri Sofyan, Zəncan əyalətlərinin fərmandarı olmasından müəyyən qədər məlumatlı idik, amma “Arazı adlayan məktublar” kitabı, xüsusilə də Musa Ələkbərlinin poeması bilgilərimizi, unudulmaz şəxsiyyətlə bağlı duyğu və düşüncələrimizi daha da dolğunlaşdırdı.
Kitabı oxuya-oxuya öyrəndik ki, Cənubi Azərbaycanda Milli Hökumət (1945–1946) yaradılanda Stalinin iki Azərbaycanı birləşdirmək vədinə inananlardan biri də Mir Xəlil olub. Lakin Sovet qoşunları oradan çıxarılandan sonra, İrandakı şah üsul-idarəsi süqut edən Milli hökuməti öz qanında boğanda, fəalları dar ağaclarından asanda “Qara atlı” qəhrəman Mir Xəlil də doğma ocağını tərk edərək Arazı keçməli olub, bu tayda alim qardaşı Mir Cəlala sığınıb. Burada Hüseyn Ciddi, Seyidağa Onullahi, Əbülfəz Hüseyni, Qafar Kəndli ilə məslək yaxınlığını davam etdirib. Balaş Azəroğlu, Söhrab Tahir daim onun – Milli Hökumətin “bel sütunu” olmuş polkovnikin, fədailərin mənəvi atasının ehtiramını saxlayıblar.
Mir Xəlilin adının uca tutulmasının bir səbəbi də milli mücahidlik xidmətləri ilə bərabər, seyid övladı kimi sadə camaata sıx bağlılığı olub. Pak xilqəti, saf ürəyi həmişə onu haqqın, ədalətin yanına, doğruluğun, düzlüyün keşiyinə çəkib.
Araza üz tutur Mir Xəlil ağa,
Araz səssiz-səssiz, Araz lal axır.
Fikri, düşüncəsi dirənir dağa,
Suların qoynunda bir xəyal axır...
Poemada yer alan həsrət bayatıları da ürək sızladır:
Araz, ara sərindi,
Yu, köynəyim sər indi.
Suyun çox dayaz axır,
Heyif, yaram dərindi...
Dar günündə kiçik qardaşı Mİr Cəlal ona həyan olub, pasibanlıq edib. Poemada bu barədə belə yazılıb:
Qardaş məhəbbəti, qardaş qayğısı
Ona taqət verdi çətin anında.
Dünyaya dəyərdi onun sayğısı,
Böyük Mir Cəlalı gördü yanında.
Əsərin ən təsirli yerlərindən biri də qəhrəmanın Təbrizdə qalan zövcəsi Aliyənin Bakıdakı ömür-gün dostuna məktub yazmasıdır:
Onunla birlikdə, onunla bahəm
Keçən xoş həyatı yazır Aliyə.
Mədinə ünvanlı hər məktubuna
“Miri amanatı” yazır Aliyə.
Əsərdə Mir Xəlilin ömrünün quzey Azərbaycan səhifələri, oğlunun, qardaşı oğlanlarının nəslin adına layiq əməlləri, elmə, mədəniyyətə xidmətləri də oxunaqlı bir dillə qələmə alınıb.
Ələddin gecəni-gündüzə qatdı,
Zəhmətlə qovuşdu alim adına.
Arif müəllim onda güvənc yaratdı
Özünə, sözünə, istedadına...
Musa Ələkbərli böyük istedadla yazdığı poemanı bu misralarla bitirib:
Mir Xəlil, Mir Cəlal... bu qoşa adda
Qədim bir şəcərə, ünvan yaşayır.
Onlar olmasa da bu gün həyatda,
Qardaşlıq, doğmalıq hər an yaşayır!
Ümumi məlumatlar və kövrək xatirələrlə başlayan, sonra “Ayrılığın sonu yoxmuş” poeması verilən kitabı daha da bitkinləşdirən cəhət ardınca Mir Cəlal müəllim və onun dövrünün ədəbi cameəsi barədə qeydlərin, Hacı Ələddin Xəlilinin atası ilə bağlı özəl düşüncələrinin, onu tanıyanların ürək sözlərinin, xoş anımlı duyğularının burada yer almasıdır. Akademik Arif Paşayevin uğurlaması ilə “İlahi nur” və “Soy ağacı” kitablarının müəlliflərinin Güney Azərbaycana – Təbriz, Sofyan, Andabil, Tehran arası səyahətə getmələri də maraqla oxunan səhifələrdir.
“Arazı adlayan məktublar” bölümünü, orada çap olunan məktubları həyəcansız oxumaq mümkün deyil. Mir Xəlilin o tayda qalan Aliyəsi və övladları ilə yazışmaları, kitab mübadilələri kövrək, həzin duyğuların izharı kimi oxucu könlünü ələ alır.
İnanırıq ki, tanınmış bir nəslin yetirməsi olmuş Mir Xəlil Mir Ələşrəf oğlu Xəlilinin ömür yolundan bəhs edən sanballı kitab oxucuların böyük marağına səbəb olacaq.
Əli NƏCƏFXANLI
XQ