Milli oyanışı istiqlal mübarizəsinə hazırlamış xalq xadimi

post-img

28 noyabr Həsən bəy Zərdabinin xatirə günüdür

Bu gün Azərbaycan maarifçilik hətəkatını ədəbi-estetik məcradan əməli fəaliyyət relsinə keçirməklə ümummilli oyanışa təkan vermiş, istiqlal mübarizəsi üçün ideya-məfkurəvi zəmin hazırlamış təbiətşünas alim Həsən bəy Zərdabinin əbədiyyətə qovuşmasından 117 il keçir.

1907-ci il noyabrın 28-də milli mətbuatımızın, teatrımızın, sivil təhsilimizin, xeyriyyəçilik hərəkatının banisinin, bir sıra digər fəaliyyət sahələri üçün təməllər yaratmış Həsən bəy Məlikzadənin xalqın azadlığı və tərəqqisi yolunda şam kimi əritdiyi ömrünün son şöləsi də söndü.

Sağlığında çox da qədrini bilmədikləri, çağırışlarına o qədər də məhəl qoymadıqları, dediklərini axıradək eşitmədikləri, göstərdiklərinə göz dolusu baxmadıqları bu azman insanın yoxluğu bir anın içində xalqı diksindirib ayağa qaldırdı. Bu acı xəbər məhəllədən-məhələyə yayılıb insanları küçələrə çıxardı, bir saatın içində dərya kimi dalğalanan izdiham yaratdı, çevrəsi anbaan artan milli hüznə çevrildi.

Milli ziyalıların mənəvi atasının cənazəsinə dua oxunduğu Əjdər bəy məscidində, yaşadığı kasıb, darısqal mənzil ünvanı olan kommunal evinin qarşısında və uzun illər deputatı olaraq şəhərin ümumi inkişafına xidmət etdiyi Dumanın qarşısında keçirilən mitinqlərdə Həsən bəy Zərdabinin əzəmətli obrazı qarşısında möhtəşəm təzimlər edildi.

Həsən bəyin açdığı milli mücadilə cəbhəsinin öndə gedən publisistlərindən Əhməd bəy Ağayev matəm mərasimində öz ustadının cansız bədəninə “Ey ali Ruh!” deyə xitab etdi. Onun məslək dostu Əli bəy Hüseynzadə dedi ki, müsəlman dünyasının qaranlığında ilk şamı bu möhtərəm zat yandırdı. Pedaqoq-publisist Haşım bəy Vəzirov redaktoru olduğu “Tazə həyat” qəzetində çap etdiyi nekroloqda bildirdi ki, 70 yaşa çatmış bu millət fədaisi öz xalqı yolunda bu qədər ki zəhmət və əziyyətlər çəkmişdi, gərək çoxdan ölmüş olaydı.

Vəfalı həyat yoldaşı, məsləkdaşı və silahdaşı, milli ziyalı qadınların mənəvi anası Hənifə xanım Abayeva-Məlikzadə sonralar həmin anlarda düşündüklərini belə ifadə etmişdi: “Bu vaxtadək Azərbaycan türkləri arasında belə bir xadim olmamışdır. Öz xalqını belə fədakarlıqla sevən başqası nə vaxtsa olacaqmı – kim bilir?!”. Həsən bəyin pedaqoq qızı Qəribsoltan Məlikzadə isə atası barədə xatirələrində yazmışdır: “Dərin qırışlarla örtülmüş üzlərdə böyük ehtiyac, ümidsizlik və ağır iztirab hissləri bir-birinə qarışmışdı. Bu kasıb insanlar öz qızğın, atəşli müdafiəçiləri və sədaqətli oğulları ilə vidalaşırdılar”.

Həsən bəy Zərdabi Azərbaycan tarixində yeni epoxaya vəsilə yaradan nadir şəxsiyyətlərdəndir. O, maarifçiliyi inqilabi demokratiya mərhələsinə qovuşdurmuş, istiqlal mübarizəsinə yol açmış, azərbaycançılıq ideologiyasının ilkin qaynaqlarını formalaşdırmışdır.

Müasirlərinin xalq xadimi statusu daşımış bu insanı özləri ilə yanaşı, millətin də mənəvi atası adlandırması tamamilə təbiidir.

Bu böyük məslək və əməl adamı həyat yoldaşı Hənifə xanımın yazdığı ilk bioqrafiyaya görə,1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində dünyaya gəlmiş və 1907-ci il noyabrın 28-də Bakıda vəfat etmişdir (bəzi mənbələr 1837-ci il tarixini 1842-ci il kimi qəbul etmişdir). İlk təhsilini Zərdab mollaxanasında alan balaca Həsən sonra Şamaxı qəza məktəbində rus dilində oxumuşdur. Bundan sonra isə bilik mənimsəmə uğurları nəzərə alınaraq Tiflis gimnaziyasında və Moskva İmperator Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almışdır. Zərdabi Rusiyada ali təhsil alan ilk azərbaycanlı və müsəlman olmuşdur. O, Tiflisdə və Bakıda məmurluq və pedaqoji fəaliyyət göstərmiş, özünə xalqa xidmət missiyası yaradıb bu yolda ömrünü şam kimi əritmişdir.

Həsən bəy hökumət idarələrində uzunmüddətli xidmətinə görə “Müqəddəs Anna” qızıl medalı ilə təltif olunmuşdur. Lakin bu yabançı fəxri nişanı heç zaman yaxasına taxmamışdır. Hətta Qafqaz canişini Bakıya gələndə xaçşəkilli medalı döşünə taxmamaq üçün özünü xəstəliyə vurmuşdur. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixində əhəmiyyətli bir mərhələni təmsil edir və cəmiyyətdəki rolu dövrün ictimai-siyasi mənzərəsini dərindən əks etdirir. Bir insan kimi yalnız bir həyatı olan Zərdabinin ömür yolunun tarixi isə onlaca fəsillərdən ibarətdir.

Həsən bəy Zərdabi uzun müddət Azərbaycan dilində qəzet nəşr etmək arzusunu reallaşdırmağa səy göstərmiş və ömrünün önəmli bir hissəsini bu yolda sərf etmişdir. Qəzeti millətin intibah göstəricisi kimi dəyərləndirən Zərdabinin ideallarından danışan mətbuat tədqiqatçısı Həmid Vəliyev onun maraq göstərdiyi xarici mətbuat orqanlarından ən birincisinin Böyük Britaniyanın “Tayms” qəzetinin olduğunu yazır. Alim fikirini əsaslandıraraq qeyd edir ki, “Əkinçi” öz problemlərindən yazanda “Times”ı müsbət nümunə kimi göstərirdi. Doğrudan da, Zərdabinin özünün də yazdığı kimi, “Bizim müsəlman tayfasının nə qədər geri qaldığını "Əkinçi" qəzetinə və Londonda nəşr edilən “Tayms” qəzetinə baxmaq ilə bilmək olar”.

Həsən bəy qəzet nəşr etmək kimi böyük amalın həyata vəsiqə alması üçün bütün çətinlikləri inadla aradan qaldırmışdır. O, “Əkinçi” qəzetini nəşr etmək üçün türk dilinə uyğun ərəb əlifbalı şrifti İstanbula gedib oradan əldə etmişdir. Bu işdə ona türk dünyasının məşhurları sırasında önəmli yer tutmuş, Şeyx Şamilin ideya rəhbəri Şirvanlı İsmayıl Əfəndinin oğlu, Osmanlı dövlətində yüksək dövlət vəzifələrində çalışmış, müxtəlif illərdə Şam və Suriya valisi, maliyyə və daxiliyyə naziri və nəhayət, Sultan Əbdüləzizin hakimiyyəti dövründə Osmanlı dövlətinin Baş naziri vəzifəsinə qədər yüksəlmiş Şirvanzadə Məhəmməd Rüşdü Paşa yardımçı olmuşdur. Mətbəə avadanlığı Bakıya çatan kimi Həsən bəy Azərbaycan dilində ilk qəzet olan “Əkinçi”nin ilk nömrəsini hazırlayıb 1875-ci il iyulun 22-də Bakı quberniya mətbəəsində nəşr etdirmişdir.

Qəzetə “Əkinçi” adı təsadüfi verilməmişdir. Bu adda qəzetin kənd təsərrüfatı təmayüllü olmasını düşünmək yanlışlıq olardı. Əsas məqsəd həmvətənlərinin qəlbinə, şüuruna maarif, elm, mədəniyyət toxumu səpib cücərtməkdən ibarət idi. Ən əhəmiyyətlisi odur ki, qəzetdə cəmiyyətin geridə qalma səbəbləri və əhalinin maarifləndirilməsi məsələlərinə dair ciddi, ictimai-siyasi, mənəvi-məfkurəvi məqalələr dərc olunurdu. Nəşr böyük əks-səda doğururdu: qısa müddətdə onun nömrələri təkcə Azərbaycanda deyil, Rusiyada da yayıldı.

“Əkinçi” ana dili probleminə ciddi əhəmiyyət verir və onun təkmilləşdirilməsi məsələlərinə kifayət qədər yer ayırırdı. Qəzet sadə, anlaşıqlı xalq dilində nəşr olunurdu. M.F.Axundzadə "Əkinçi"nin nəşr dili haqqında Həsən bəy Zərdabiyə 21 aprel 1875-ci il tarixli məktubunda yazırdı: “Sizin qəzetinizin məziyyətlərindən biri də üslub gözəlliyi, məlumatların şərhinin incəliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyüdür”.

Əlimərdan bəy Topçubaşovun “Azərbaycanın mayakı” adlı xatirə yazısında Həsən bəy Zərdabi və “Əkinçi” qəzetinin dili ilə əlaqədar söylədiyi fikirlər də diqqəti cəlb edir. O göstərirdi ki, Həsən bəy böyük enerji ilə ana dilinin müdafiəsi üçün səylə çalışırdı: “O, "Əkinçi”də fars və ərəb sözlərindən qaçmağa və müstəsna şəkildə türkcə-azərbaycanca yazmağa çalışırdı; imkan daxilində ən sadə və asan başa düşülən xalq sözləri və ifadələri işlədilirdi”.

Qəzetin təsis edilməsi Bakı general-qubernatoru Dmitri Staroselskinin himayəsi sayəsində mümkün olmuşdur. Qubernatorun Həsən bəylə, gürcü əsilli xanımı Yekaterina Quramaşvilinin isə Zərdabinin xanımı Hənifə ilə səmimi münasibətləri olmuşdur. Bu iki ailə arasındakı yaxın əlaqələr nəşri xeyli müddət təzyiqlərdən qorumuş, hətta qubernatorun ailəsi Həsən bəyin layihəsinə maliyyə dəstəyi də göstərmişdir. General Staroselski Bakıdan geri çağırıldıqdan sonra qəzetin fəaliyyəti təhlükə altına düşmüşdür.

Staroselskini əvəz edən vitse-qubernatorun qəzetə və Zərdabiyə xoş olmayan münasibəti çox qısa müddətdə qəzetin vəziyyətini daha da çətinləşdirmişdir. Bu işdə də erməni xəyanəti öz işini görmüşdür. “Əkinçi”nin mürəttibi Minasovun “donos”ları nəticəsiz qalmamışdır. Beləliklə, 1877-ci ilin sentyabr ayında qəzet bağlanmalı olmuşdur. Bu, Həsən bəyin həyatında böyük məyusluq yaratmış və ömrünün son günlərinə kimi nisgil olaraq qalmışdır. Hətta qəzetin bağlanması Zərdabini maliyyə borcu ilə də üzləşdirmişdir. Lakin Həsən bəy maarifçilik işinə olan inamını və həvəsini itirməmişdir.

"Əkinçi" qəzetinin 56 nömrəsi işıq üzü görmüşdür. Lakin bu qısa müddətdə belə Zərdabinin ideyaları cəmiyyətə xeyli təsir göstərmişdir. “Əkinçi” qəzetinin fəaliyyəti dayandırılsa da, onun mətbu yolu və maarifçilik ideyaları davam etmişdir.

“Əkinçi”nin bağlanmasından 20 il sonra – 1897-ci ildə nüfuzlu neft sənayeçisi və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev mətbəə ilə birlikdə rusdilli “Kaspi” qəzetini almışdır. Nəşrin Zərdabinin kürəkəni Əlimərdan bəy Topçubaşova həvalə edilməsi Bakının intellektual elitasının həyatında olduğu kimi, Zərdabinin həyatında da yeni bir hadisə olmuşdur. Bu, Həsən bəyin sevdiyi jurnalistika sahəsinə qayıtmaq imkanı olmuş və o, nəşrin həmredaktoru vəzifəsini üzərinə götürmüşdür.

Moskva Universitetini namizədlik diplomu ilə bitirən Həsən bəy Zərdabi görkəmli ziyalı, naşir və publisist kimi də tanınır. O, yаrаdıcılığındа təbiətin elmi izahına, onun sirlərinin öyrənilməsinə də gеniş yеr vеrmişdir. Bаkıdа dərc оlunаn “Həyаt” və “Kаspi” qəzеtlərində Zərdаbinin məktəb və tərbiyə, еyni zаmаndа, аnаtоmiyа, fiziоlоgiyа, zооlоgiyа məsələlərinə аid və ilk uşаq jurnаlı оlаn “Dəbistаn”dа “Qаrıncа”, “Bаl аrısı”, “Pişiyə dаir”, “Kəsəyənə dаir”, “Qаrа mаlа dаir”, “Su itinə dаir” sərlövhəli təbii-еlmi və kütləvi məqаlələri dərc еdilmişdir. “Şərqi-Rus”, “Məktəb”, “Füyuzаt”, “İrşаd” kimi qəzеt və jurnаllаrdа da еlmi məqаlələri yer almışdır.

Zərdabinin “Yer, su və hava” adlı əsəri coğrafiya və təbiət tarixinə dair mühüm araşdırmaları əhatə edir. Bu əsərdə o, zəlzələ və vulkanların təsirlərini təhlil etmişdir. Xüsusilə, Zərdabi zəlzələnin dağıdıcı təsirinin onun gücündən deyil, davam etmə müddətindən asılı olduğunu müəyyən etmişdir. Sonrakı tədqiqatlar onun əsərindəki bəzi elmi məlumatların dəqiqləşdirilməyə ehtiyacı olduğunu göstərmişdir. Buna baxmayaraq, həmin əsər öz dövrü üçün əhəmiyyətli elmi töhfə hesab olunur.

Həsən bəy Zərdabinin vida mərasimində ailəsinə və övladlarına dəstək olmağq barədə səsləndirilən vədlər unudulmuşdur. Təsəlli burasındadır ki, böyük maarifçilinin yetişdirdiyi milli ziyalıların barmaqla sayılan dəstəsi bu misilsiz, yeri çətin dola biləcək itkini ümummilli matəm kimi qarşılayıb öz müəllimlərinin mübarizə yolunu davam etdirmək üçün qeyrətlə səfərbər olmuşlar. Hənifə xanım isə Həsən bəy vəfat etdikdən sonra Bakı şəhər qadın məktəbinin rəhbəri vəzifəsini həyat yoldaşının arzularına uyğun davam etdirmişdir. O, 1929-cu ildə dünyasını dəyişmiş və milli ziyalıların səyi ilə son mənzilə ehtiramla yola salınmışdır.

Zərdabilər ailəsinin 2 oğlu və 2 qızı olmuşdur. Böyük qız Pərisoltan Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovla ailə qurmuş, 1919-cu ildə həyat yoldaşı ilə Parisə köçmüş və ömrünün sonunadək orada yaşamışdır. Ailənin böyük oğlu Midhət bəy siyasi repressiyaya məruz qalmışdır. Kiçik oğul Səfvət bəy Türkiyədə yaşamış, Ankaranın baş memarı olmuş, ötən əsrin 60-cı illərində orada vəfat etmişdir. Zərdabi ailəsinin kiçik qızı Qəribsoltan Məlikova Azərbaycanda qalan yeganə varisi kimi müəllimlik etmiş, məhrumiyyətlər içində yaşamışdır. O, 1967-ci ildə vəfat etmiş, məzarı indiyədək baxımsız qalmışdır.

Uzun illər Həsən bəy Zərdabinin yubileyləri keçirilməmiş, irsinə layiqli qayğı göstərilməmişdir. Yalnız müstəqillik dövründə ilk dəfə Həsən bəy Zərdabinin 170 illik yubileyi Prezident İlham Əliyevin 4 iyun 2012-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə geniş qeyd edilmişdir.

Böyük maarifçi-demokrat, xalqımız üçün bir sıra sivil özüllər qurmuş Həsən bəy Zərdabinin parlaq əməlləri, misilsiz xidmətləri illər keçdikcə daha dərindən dərk ediləcək, yeni-yeni qiymətlər alacaq. Onun pak və uca adı xalqa təmənnasız xidmətin bənzərsiz örnəklərindən birinə əbədi bələdçilik edəcək.

Namiq QƏDİMOĞLU
XQ



Sosial həyat