Milli Kitabxanada “Görkəmli bəstəkar Sevda İbrahimova - 85” adlı ənənəvi  kitab sərgisi açılıb

post-img

Görkəmli bəstəkar, Xalq artisti, professor Sevda İbrahimova 1939-cu il noyabrın 28-də Xalq yazıçısı Mirzə İbrahimovun ailəsində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Piano (M.Brennerin sinfi) və Bəstəkarlıq (Q.Qarayevin sinfi) fakültələrində təhsil alıb.

Sevda İbrahimova iki operanın (“Nənəmin nağılları”, “Biri vardı...”), beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifidir. Əsərləri ABŞ, Fransa, İsveç, Almaniya və digər ölkələrin konsert salonlarında ifa edilib.

Bəstəkarın orqan və simli orkestr üçün konsert (1990), qoboy və piano üçün “Qəmginlik” pyeslər silsiləsi (1991), skripka və kamera orkestri üçün musiqi (1992), 2 piano üçün “Azərbaycan təranələri” pyeslər silsiləsi (1994), tar və simli orkestr üçün “Sənin üçün darıxıram, Şuşam” (1999), səs, tar və simli orkestr üçün “Qurbansız qalan tarım” (elegiya-xatirə, 2000), simli orkestr üçün “Vətən düşüncələri” (2001) və digər əsərləri musiqi mədəniyyətimizin diqqətəlayiq nümunələrindəndir.

O, N.Gəncəvi, M.Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, M.Dilbazi, H.Bülluri və başqa şairlərin sözlərinə qəlbəyatan mahnı və romanslar bəstələyib. Nəğmələri tanınmış müğənnilərin ifalarında ürəklərə yol tapıb.

Sevda İbrahimovanın  Azərbaycan mədəniyyətinin inkişafındakı səmərəli xidmətləri qiymətləndirilib. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən 1989-cu ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 1994-cü ildə professor elmi adını alıb. 2005-ci ildə isə ona “Azərbaycanın xalq artisti” fəxri adı verilib. 

Milli Kitabxanada “Görkəmli bəstəkar Sevda İbrahimova - 85” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə Xalq artisti, professor Sevda İbrahimovanın həyatı, yaradıcılığı, elmi fəaliyyəti haqqında kitablar,  müxtəlif janrlı not-musiqi əsərləri, filmlər və tamaşalar üçün bəstələdiyi not məcmuələri, dövri mətbuatda çap olunan məqalələr və s.  Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Mədəniyyət