Atasının döyüşdüyü yerdə şəhid olan oğul

post-img

– Heç kim bizə azadlıq verə bilməz. Heç kim bizə işğal olunmuş torpaqlarımızı qaytarmayacaq. Əgər cəsarətimiz varsa, əgər torpaq qeyrəti çəkiriksə, ölümün gözünə dik baxaraq yurd yerlərimizi qaytarmalıyıq. Bu sözləri tez-tez təkrar edirdi Fərid. Dedi də, elədi də.

Abışov Fərid Əlfayım oğlu 1996-cı il noyabrın 28-də Yevlax rayonunun Qoyunbinəsi kəndində anadan olub. Şəhid Rövşən Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbində təhsil alıb. 2015-ci ildə hərbi xidmətə yola düşüb. Füzulidə hərbi xidmətdə olarkən Aprel döyüşlərində igidliklə döyüşüb. Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif yerlərdə çalışıb. Öz çalışqanlığı, əməksevərliyi ilə həmişə seçilib.

Yağı düşmən yeni torpaq sevdasına düşən zamandan Fərid könüllü olaraq 29 sentyabr 2020-ci ildən döyüşlərə qatılıb. Ballıqaya döyüşlərində igidliklər göstərib. Tərtər istiqamətində – ən qızğın nöqtədə şüçəaətlə vuruşub. 18 saat fasiləsiz döyüşüb və ayağından yaralanıb. Yoldaşldarı nə qədər təkid etsələr də, döyüş bölgəsindən ayrılmayıb, yarasını sarıyıb, döyüşə davam edib. İgidlərimiz cəsarətlə Suqovuşan istiqamətində ermənilərin qurdugu 24 postu darmadagın edib irəliləyiblər. Fərid məharətli snayper idi, nişan aldığı hec bir hədəf gülləsindən yayınmazdı.

Çox igid, qoçaq oğlan idi.Torpaqlarımızı mənfur düşmənlərin tapdağından azad etməmiş şəhid olmaq yoxdur, –söyləyirdi Fərid. Amma güllə yağışı, dayanmadan atılan düşmən topları igidin arzusunu yarımçıq qoydu. Fərid 13 oktyabr 2020-ci ildə Ağdərə döyüşləri zamanı şəhid olub. O yerdə ki, I Qarabağ müharibəsi zamanı atası Əlifayım döyüşmüşdü. Fərid dəfn olunan gün anasının ürəyi dəlik-deşik olub, sızıltısını dünya duyub, sanki. Dağ-daş dilə gəlib, Günəş şəhid anasından qaçıb gizlənib. Və ana ürəyi fəryad qoparıb... Nə gözəl deyib sevimli şairimiz Telli Pənahqızı:

Gül üzlü, şəhid balam,
Nuruna qurban olum,
Qibləgahıma dönən,
Goruna qurban olum,
Atəşinə yandığın
Qoruna qurban olum,
Sən indi qeyrət qalam,
Sən mənim Kəbəm, pirim,
Qərənfillər qoynunda
Uyuyan ilk and yerim.

Fərid bütün elin-obanın gözyaşları ilə Yevlaxın Şəhidlər xiyabanında dəfn olunub.

Bu günlərdə şəhidin valideynləri Əlifayim kişi və Gülşən xanımla əlaqə saxladım. Əlifayım Abışov 1-ci Qarabağ müharibəsinə könüllü getmişdi, ürəklə vuruşmuşdu və vuruşduğu məkanda oğlu şəhid olmuşdu. O dedi ki, oğul itkisi ağırdır, amma təki Vətən yaşasın, oğul Vətən üçündür.

Ailənin 3 övladı olub. 3-ü də oğlan – Fərid, Nurlan, Fəqan. Nurlan indi Yevlax şəhər Polis İdarəsində serjantdır. 2 övladı var. Fəqan isə 10-cu sinifdə təhsil alır.

Vətəndən söz düşəndə Abışovlar ailəsi həmişə gözəl oğulları Fəridi göz önünə gətirirlər.

İgid, qoçaq, necə deyərlər, sözü özündə, özü özündə, kənddə hər kəsin hörmətini qazanmış bir oğul idi. Öz şəhid izini torpağa salan Fərid Əlifayım oğlu Abışov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Əminə YUSİFQIZI,
Əməkdar jurnalist

Sosial həyat