Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə qurumun Parisdəki mənzil-qərargahında azərbaycanlı rəssamların sənət əsərlərinin nümayiş etdirildiyi “Dayanıqlı baxış: Daha yaşıl gələcək üçün incəsənət” adlı sərginin açılışı olub.
Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun, eləcə də rəssamlar Xanlar Əsədullayev, Aqşin Kazımov, Nihad Ağazadə, Çinarə Baxşıyeva-Qafarova, Mahir Qafarov, Aynur Məmmədova, həmçinin gənc rəssamlar Nazilə Fərzullayeva, Məryəm Abdulla və Nərmin Nəsibovanın əsərləri nümayiş olunub.
UNESCO Baş Konfransının 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, UNESCO Baş direktorunun mədəniyyət işləri üzrə müavini Ernesto Ottone, Afrika prioriteti və xarici əlaqələr üzrə müavini Firmin Eduard Matoko, təbiət elmləri üzrə müavini Lidia Brito, habelə təşkilat yanında akkreditə olunmuş ölkələrin səfirləri, daimi nümayəndələri və yerli incəsənət nümayəndələri sərginin açılış mərasimində iştirak ediblər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi səfir Elman Abdullayev sərginin iqlim dəyişikliyinə qarşı mübarizədə ölkəmizin sarsılmaz öhdəliyinin təcəssümü olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın uğurla ev sahibliyi etdiyi COP29 və onun yekununda əldə olunmuş razılaşmalar beynəlxalq iqlim diplomatiyasında dönüş nöqtəsidir.
Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə əhəmiyyətli töhfələr verdiyini qeyd edən E.Abdullayev Azərbaycanın COP29-un iqlim danışıqlarında tarixi nəticələrə imza atdığını diqqətə çatdırıb.
UNESCO-nun rəhbər nümayəndələri də mərasimdə çıxış edərək mədəniyyətin dayanıqlı inkişafda oynadığı mühüm rolu, habelə UNESCO-nun qlobal problemlərin həlli üçün mədəniyyətdən və yaradıcılıqdan dinamik qüvvə kimi istifadə etmək baxışını vurğulayıblar. COP29-a uğurla ev sahibliyi etdiyinə görə ölkəmizə təbriklər də ünvanlanıb, bu uğurun Azərbaycanın iqlim məsələlərinə verdiyi əhəmiyyətin təzahürü olduğu diqqətə çatdırılıb.
Sərgidə nümayiş olunan əsərlər Azərbaycanın zəngin mədəni irsini və bənzərsiz təbiət gözəlliklərini əks etdirir. Yaşıl ekspozisiya incəsənətin təbliği ilə yanaşı, dayanıqlı gələcək naminə qlobal həmrəyliyin vurğulanması nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır.
XQ