Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “İnkişaf” Elmi Mərkəzi və Basqal “Kəlağayı” İpək Mərkəzinin birgə təşkil etdiyi kəlağayı sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyinə həsr olunmuş tədbir keçirildi.
Mərasimdən öncə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin bələdçisi Rəfiqə Həsənzadə 3 mərtəbədən ibarət yaradıcılıq mərkəzi, onun fəaliyyəti barədə məlumat verdi, Xalq yazıçısı Maqsud İbrahimbəyovun həyatı və yaradıcılığından danışdı. Bələdçi qeyd etdi ki, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində həm ədəbiyyat, həm də incəsənətin digər növləri ilə bağlı müxtəlif mədəni tədbirlərin təşkili və keçirilməsi mümkündür. Mərkəzin divarları arasında 20-ci əsrin əvvəlində əfsanəvi ədəbi dərnəklərinin və eyni zamanda, 21-ci əsrin kreativ məkanlarının ab-havası yaradılıb.
Tədbiri giriş sözü ilə açan Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin direktoru Anna İbrahimbəyova qonaqları salamladıqdan sonra dedi ki, kəlağayı mədəni irsimizdir, onun qorunması, yaşadılması zəruridir. O qeyd etdi ki, kəlağayı incəliyinə, gözəlliyinə, tibbi baxımdan xeyrinə görə digər baş örtüklərindən fərqlənir. Kəlağayı baş örtüyü olmaqla yanaşı, ismət və sevgi simvoludur.
Kəlağayı konsepsiyasının həmmüəllifi, professor Rəna İbrahimbəyova kəlağayının tarixindən, konsepsiyasından, mədəni əhəmiyyətindən və milliliyindən söz açdı. Təqdimatla çıxış edən professor bildirdi ki, kəlağayısız Azərbaycan qadınını təsəvvür etmək çətindir. Milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızdan uzaqlaşmağa, ona biganə yanaşmağa haqqımız yoxdur. Onun sözlərinə görə, orta əsrlərdə Azərbaycanda kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub. Bu sənət növü tədricən inkişaf etdirilib. Azərbaycanda ipəkçiliyin inkişafı kəlağayı istehsalı ilə birbaşa bağlı olub. Hazırda kəlağayının yeni məzmunla zənginləşdiyini, rəngarəng olduğunu qeyd edən Rəna İbrahimbəyova diqqətə çatdırdı ki, bu prosesdə Birinci xanım Mehriban Əliyevanın danılmaz əməyi var. Məhz onun səyi nəticəsində kəlağayı dünya mədəniyyətində layiqli yer tutub.
“XQ”yə müsahibəsində sabiq diplomat, alim Həsən Həsənov dedi ki, kəlağayının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyi təntənəli şəkildə qeyd edilir. Mədəni irsimizin tanıdılmasında Heydər Əliyev Fondunun xüsusi xidmətləri var. Azərbaycanın zəngin mədəni irsinin ən gözəl nümunələrindən biri sayılan kəlağayı Azərbaycanda qadının təvazökar və zərif dünyasının təcəssümüdür. Həsən Həsənov təklif etdi ki, universitetlərdə mədəniyyətyönümlü ixtisaslarda kəlağayı tədris proqramına daxil edilsin.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə vurğuladı ki, kəlağayı qədim, milli dəyərləri özündə daşıyır. Dövlət tərəfindən də bu sahəyə diqqət ayrılıb. Heydər Əliyev Fondunu Azərbaycan mədəni irsinin mühafizəsinə yönəlmiş səyləri, kəlağayını yox olmaqdan qorudu.
İncəsənət xadimlərinin, ziyalıların iştirak etdiyi tədbirdə bildirildi ki, kəlağayının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi yalnız zərgərlik sənəti kimi deyil, həm də Azərbaycan xalqının mədəni irsi və kimliyinin ayrılmaz bir hissəsi olaraq dünya səhnəsində tanınmasını təmin edir.
Rizvan FİKRƏTOĞLU
XQ