Moskva Azərbaycanın qələbəsinə sevinir

post-img

Həyat qəribə təsadüflərlə doludur. Moskva keçən əsrin böyük qismini dünyaya yeni şəkil verən inqilabın ildönümünü hər il noyabrın 7-də böyük təntənə ilə qeyd edirdi. Son 30 ildə bu bayram müxtəlif bəhanələrlə tarixin arxivinə atıldı. Bu ilin 7 noyabrı isə Moskvanın dəbdəbəli salonlarından birində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərinin 4-cü ildönümü caz-müğam konserti ilə yaddaşlara yazıldı.

Marşal Malinovski küçəsində yerləşən müasir konsert mərkəzi “Millətlərarası münasibətlərin inkişafına yardım fondu”nun (“Poliloq”) təşəbbüsü ilə hazırlanmış tədbirə ev sahibliyi etdi. Son vaxtlar az qala zorla unutdurulmağa məhküm edilən millətlərarası dostluq bu gecə yeni çalarlarla qayıtdı. Salonda müxtəlif millətlərin nümayəndələri, Moskvada yaşayan azərbaycanlılar toplaşmışdılar.

Səhnədə Azərbaycan Respublikasının əməkdar artisti Sevda Ələkbərzadənin, “Böyük (Bolşoy) teatr”ın solisti, xalq artisti Dinarə Əliyevanın, müəllif mahnılarının ifaçısı Ramil Hacıyevin, Elman Həsənlinin rəhbərlik etdiyi “Buta” triosunun ifaları salonda coşqu, üzlərdə sevinc yaradır, arxa fonda nümayiş etdirilən şanlı döyüş səhnələri isə qürur hissi doğururdu.

Rəsul Həmzətovun “Durnalar”ı, Ramiz Rövşənin “Nə var Allahdan yuxarı” şeirinə bəstələnmiş kompozisiya Dinarə Əliyevanın ifasında çox böyük rəğbət qazandı. Sevda Ələkbərzadənin klassik müğamla cazın sintezindəki orijinal ifa tərzi, Azərbaycan və türk xalq mahnılarının özünəməxsus təqdimatı, səhnə ilə tamaşaçılar arasında yaratdığı səmimiyyət dəfələrlə alqışlarla qarşılandı.

Azərbaycan müsiqisini respublika hüdudlarından kənarda layiqincə təbliğ edən, yaxalarında igid şəhidlərimizin rəsmləri olan kiçik yaşlı ifaçılar salonu riqqətə gətirirdilər.

Tədbirin təşkilatçıları Vətən müharibəsi iştirakçılarını misilsiz xidmətlərini orijinal şəkildə qeyd etdilər. “Poliloq” fondunun rəhbəri Ramil Kərimov və fondun fəalları –əsasən Moskvada fəaliyyət göstərən gənc həkimlər Qarabağ müharibəsinin iştirakçılarından bir neçə nəfərə mükafat təqdim etdilər. Rejissor Rodion İsmayılov Qarabağ həqiqətlərini əks etdirən çəkilişlərə görə sertifikata layiq görüldü.

30 illik, əslində isə iki yüz illik Qarabağ düyünü Azərbaycan xalqının, şanlı ordumuzun, müzəffər Ali Baş komandanın əzmi, rəşadəti sayəsində möhtəşəm qələbə ilə nəticələndi. Bu barədə çox yazılıb, hələ illər uzunu çox məqalələr, monoqrafiyalar, kitablar yazılacaq, filmlər çəkiləcək. Bu yolda ilk monumental monoqrafiya hazırlayan tarix elmləri namizədi Eldar Abbasovun elmi axtarışlarına dəstək məqsədilə fond onu yüksək məbləğdə pul mükafatına layiq gördü.

Eldar Abbasovun bu münasibətlə çıxışı uzun sürən alqışlara səbəb oldu. Gözləmədiyi “mükafat” üçün səhnəyə çıxan tədqiqatçı alim həyəcanına həqiqətən hakim ola bilmirdi və təşkilatçılara diqqətlərinə görə təşəkkür edərək mükafatdan şəhid ailələrinə yardım fonduna verilməsi üçün imtina etdi.

Fond Moskvada keçirdiyi ilk böyük tədbirini “Həyatın təkamülü, rəngarəng təzahürlər” kimi fəlsəfi metafora ilə adlandırıb. Əslində, bu qeyri-adilik günümüzlə bilavasitə bağlılığıdır. Belə ki, nankor qonşular tərəfindən torpaqları, sərvətləri talanmış, uzun illər məşəqqətlərə sinə gərmiş xalqımızın 44 gündə qazandığı şanlı qələbə artıq bütün dünyada haqqın zəfəri kimi əks-səda verməkdədir.

Cəfər SADIQ
Moskva

Sosial həyat