Vətənin qəhrəman oğlu

post-img

Yaxşı deyiblər ki, qəhrəmanlıq şərin üstünə getməkdir. Bəli, o da elə şərin, Vətənimizin ərazi bütövlüyünü təmin etmək məqsədilə erməni vandallarının üzərinə getdi, özü də mərd-mərdanə. O, həyatı üçün təhlükəni ağlına belə gətirmədən qəhrəmanlığı ilə şərə qalib gəldi. Onun bu qəhrəmanlığı elə Vətən Müharibəsi Qəhrəmanı kimi əbədiləşdirildi.

Söhbət döyüş yoldaşlarının “Terminator” adlandırdıqları, Şuşaya ilk daxil olan hərbçilərdən biri olan Xüsusi Təyinatlı Qüvvələrin şəhid baş giziri, kəşfiyyatçı-istehkamçı, 3 övlad atası Mehrab Niftəliyevdən gedir.

Mehrab Söhrab oğlu 1985-ci il mayın 13-də Quba rayonunun Qamqam kəndində anadan olub. 2005-ci ildən 2020-ci ilə qədər Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü kimi Vətənə xidmət edib. “Qafqaz qartalı” və EFES kimi çətin hərbi təlimləri uğurla tamamlayıb. 2016-cı il Aprel döyüşlərində də yüksək şücaət göstərib. Vətən müharibəsinin ilk günündən ön cəbhədə olan Mehrab Niftəliyev Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd, xüsusilə Hadrut qəsəbəsi, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunələri göstərib.

Mehrab Niftəliyev noyabrın 7-də Şuşa uğrunda gedən döyüşlərdə sol ayağından yaralanıb. Noyabrın 8-də elə Şuşada şəhadətə yüksəlib. Noyabrın 11-də Sumqayıtda Şəhidlər xiyabanında torpağa tapşırılıb. “Vətən Müharibəsi Qəhrəmanı” adına, həmçinin “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medallarına layiq görülüb.

Mehrab Niftəliyev üçrəngli bayrağımıza böyük ehtiram bəsləyirdi. Onun bayrağa olan sevgisi Vətənə, xalqa, dövlətə olan məhəbbətinə bərabər idi. Özü də hər döyüş meydanına hər dəfə bayraq ilə atılardı. Yeri gəlmişkən, Mehrab düşməndən azad edilmiş Cəbrayılda bayrağı ilk qaldıran hərbçilərdən biri kimi tarixə düşüb. Qarabağın tacı sayılan Şuşada da üçrəngli bayrağımızı qaldırmaq onun arzusu idi. Şair Ramiz Qusarçaylının sözləri ilə desək, “bayrağımızın kölgəsi düşən torpağı gözünə çəkmək” istəyirdi. Amma şəhid oldu.

Erməni dilini bilən Mehrab dəfələrlə hərbi kəşfiyyata getmişdi. Düşmən Mehrab Niftəliyevi ələ keçirmək məqsədilə onun başına pul qoymuşdu. Düşmənin bu niyyəti ürəyində qaldı.

Döyüş yoldaşlarının sözlərinə görə, Mehrab döyüşlər zamanı yaralı və şəhid hərbi qulluqçuları savaş meydanından çıxarmaqla yanaşı, yaralı silahdaşlarına ilk tibbi yardım da göstərmişdir.

Təkcə döyüş yoldaşlarınamı? Bu məqamda bir faktı da xatırlatmaq istərdim. Qamqam kəndində şəhidlərimizin şərəfinə ucaldılmış xatirə kompleksinin açılış mərasimində çıxış edən natiqlərdən birinin sözləri hamını çox təsirləndirmişdi...

Deməli, belə... Adını unutduğum həmin şəxs öz çıxışında bildirdi ki, Bakının isti yay günlərindən biri idi. İki azyaşlı övladımla dənizdə çimirdik. Birdən-birə dalğa qalxdı. Dalğalar uşaqları ağuşuna alaraq onları dənizin içərilərinə tərəf aparmağa başladı. Onlardan birini birtəhər xilas edə bildik. İkincini isə xilas etməkdə çətinlik çəkdik. Bu zaman əlində idman çantası olan pəhləvan cüssəli bir şəxs özünü dənizə atdı və çətinliklə də olsa həmin uşağın həyatını xilas etdi. Hadisə yerinə təcili yardım maşını da gəldi. Mənim başım onlara və uşaqlara qarışdı. Elə bu səbəbdən həmin şəxsin kim olduğunu öyrənə bilmədim.

Həmin şəxs sonra bunları dedi:

– Sözün düzü, buna görə özümü bağışlaya bilmirdim. Bu hadisədən bir müddət sonra televiziya kanallarının birində, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olanlarla əlaqədar hazırlanmış bir verilişə baxarkən həmin şəxsin fotosunu gördüm və tanıdım. O, mənim uşağımı xilas edən şəxs idi, yəni Mehrab Niftəliyev idi! Təəssüf ki, bu igidi sağlığında bağrıma basa bilməmişəm…

Yeri gəlmişkən qeyd edək ki, Vətən Müharibəsi Qəhrəmanı şəhid Mehrab Niftəliyevin adı Quba və Sumqayıt şəhərlərində küçələrə, o cümlədən Quba Texniki Təmayüllü Liseyinə verilib. Qamqam kəndində isə kənd sakinləri tərəfindən onun, həmçinin torpaqlarımızın azadlığı uğrunda canından keçən digər şəhidlərimizin şərəfinə xatirə kompleksi – kiçik xiyaban, park yaradılıb. Həqiqətən də qəhrəmanlıq ölmür, əbədi yaşayır.

Qəhrəman QASIMOV,
Əməkdar jurnalist





Sosial həyat