Şuşada əbədi izi qalıb...

post-img

Şəhid Rəşad Rəhimovun ailəsi ilə ilə tez-tez əlaqə saxlayıram. Yaxşı yadımdadır ki, “Biz Vətən üçün doğulduq” kitabını hazırlayanda Rəşad Rəhimov məhz 2020-ci il noyabrın 8-də Şuşa uğrunda gedən döyüşlərdə Daşaltıda şəhid olmuşdu.

Həyat yoldaşı İlahə xanıma zəng edib hal-əhval tuturam. Nə gözəl ki, artıq şəhidin yadigarları – Fatimə “İdrak” liseyində 3-cü sinifdə təhsil alır, oğlu Ömər isə bağçaya gedir.

Dövlətimiz onları qayğı ilə əhatə etmiş, Sumqayıtda mənzillə təmin olunmuşlar. Şəhidin valideynləri İlqar və Solmaz isə digər övladları ilə ömürlərinə davam edirlər. Amma heç birininin nisgili zərrə qədər də azalmayıb. Dərd həmin dərddir, ağrı həmin ağrıdır.

“Şuşa indi azaddır. Biz Şuşaya qayıtmışıq. Biz bu tarixi qələbəni döyüş meydanında qazanmışıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır.” Bu sözləri Ali Baş Komandandan eşitmək üçün, bayrağımızın Şuşada dalğalanması üçün nə günəşlərimiz söndü. Anaların ürəyində odlu silahlar açıldı. Dözdülər, “Təki Vətən yaşasın”, – dedilər.

Millət olaraq hər şəhidlə öldük, yenidən şəhidlərlə dirildik. Rəşad Rəhimov sağlığında həmişə döyüş yoldaşlarına deyirmiş: “Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün müqəddəs torpaqdır, qaladır, abidədir”.

Rəşad 1985-ci il iyulun 16-da Tərtər şəhərində anadan olmuşdu. O, 1991-ci ildə Yevlaxın Qoyunbinəsi kəndində Rövşən Rzayev adına tam orta məktəbin birinci sinfinə gedib. 2002-ci ildə məktəbi bitirib və həmin ili ailə Bakıının Zabrat qəsəbəsində məskunlaşıb. Rəşad o vaxtlar fəaliyyət göstərən Beynəlxalq Universitetin hüquq fakültəsinə daxil olub, 2006-cı ildə oranı bitirdikdən sonra 3 aylıq kurs keçərək hərbi xidmətə zabit kimi yollanıb. Əsgəri xidmətini Gədəbəydə keçərkən nümunəvi və peşəkar xidmətinə görə Müdafiə Nazirliyi tərəfindən baş leytenant hərbi rütbəsi ilə dəyərləndirilib. Əsgərlikdən sonra “Azərpoçt”da mühafizə xidmətində çalışıb.

2011-ci ildə sevib-seçdiyi İlahə xanımla evlənib, özünə xoşbəxt yuva qurmuşdu. İki gül balası dünyaya gəlmişdi. 2020-ci ilin sentyabrında xalqımızın başladığı “Dəmir yumruq” mübarizəsinə Rəşad birincilər sırasında qatıldı. Qara buludları yox edib, böyüyən övladlarına işıqlı sabahlar açmaq istəyən Rəşad bir neçə gün əvvəl səfərbərlik üçün qeydiyyatdan keçib və çağırış gəlməyincə, özü komissarlığa gedib oradan hərbi hissəyə yollanıb. Hərbi peşəkarlığı olduğu üçün ilk gündən tağım komandiri kimi döyüş əməliyyatlarına başlayıb. Qubadlı, Zəngilan, Şuşa və Daşaltı döyüşlərində iştirak edib, qəhrəmancasına döyüşüb.

Son döyüşü Daşaltı əməliyyatında olub. İgidliklə, mərdliklə vuruşub. Döyüşçülər oranı azad etdikdən sonra noyabrın 7-də Şuşaya daxil olublar. Tez-tez döyüş yoldaşlarına təkrar edirmiş: “Şuşanı almadan şəhid olmayacağam. Dediyini də elədi. Şuşanın alınmasında qəhrəmanlıqlar göstərdi”.

Noyabrın 8-də Şuşanı azad edən qəhrəman Ordumuz Xankəndi istiqamətində irəliləyirdi. Döyüşçülər arasında Rəşad yenə də misilsiz şücaət göstərirdi. Lakin həmin gün İsa bulağı ərazisində gedən döyüşlərdə Rəşad şəhadətə yüksəldi. Noyabrın 22-də Bakıda İkinci Fəxri xiyabanda dəfn olundu.

O gün dünya ağır yük olub üzərinə çökdü İlahənin. İgidi, aslanı, uşaqlarının atası, baş yoldaşı bayrağa bükülü tabutda gəlmişdi evinə. Bir gerçək vardı, nə onun göz yaşları quruyacaqdı, nə bu amansız dünya Rəşad kimi oğulları aparmaqdan yorulacaqdı...

Tək yolu var gənc qadının: Rəşadın ən qiymətli əmanətlərini – Fatiməni və Öməri ona layiq böyütmək və qəhrəmanını son nəfəsinədək ruhunda yaşatmaq. Yuxarıda qeyd etdiyim kimi, o, bütün bunları sədaqətlə yerinə yetirir.

Öz şəhid izini torpağa salan Rəhimov Rəşad İlqar oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur. Rəşadın uğrunda canından keçdiyi Qarabağ Azərbaycandır!

Əminə YUSİFQIZI,
Əməkdar jurnalist

Sosial həyat