Vətən müharibəsinin kəşfiyyatçı qəhrəmanı

post-img

Yurd sevgisinin Orxan Əkbərov örnəyi

Vətən müharibəsində canını qurban verib torpağı düşməndən geri alanlardan daha birinin ömür yolunu vərəqləyirik. Şəkildən boylanan gəncin baxışları insanı titrədir. Biləsuvarlı şəhidin çöhrəsindəki ifadə səni özünə çəkir. “Kimdir, niyə bu qədər tanış gəldi?”– deyə düşünürük. Və axtarıb ömürlülüyünə nəzər salırıq. Bu nədir? Doğurdanmı o bizim illər öncə tanış olub, sonra ayrıldığımız ailənin övladıdır?

Taledən qismətimizə düşən ömrün 5 ilini Saatlıda yaşamalı olmuşuq. Orada bizi “komsomolun ailəsi” kimi tanıyırdılar. Həyat yoldaşımı Saatlı Rayon Komsomol Komitəsinin I katibi vəzifəsinə göndərmişdilər. Mən də analıq məzuniyyətində idim. Kiçik qızımla oğlum orada doğulublar. Məlumdur, bizə yad rayon, kimsəni tanımırdıq. Çox keçmədi ki, Biləsuvardan olan ailə ilə yaxınlaşdıq. Ailə başçısı Nadir Əkbərov müstəntiq, həyat yoldaşı Sevil Abdullazadə ginekoloq-həkim idi. Uşaqlarımız eyni məktəbdə oxumasalar da, yaşıd idilər. Dolu bədənli Taleh də gözümün qarşısındadır, Ənvər də, Orxan da, hətta onların həyətimizdə oyunlar oynadıqları da (kiçik oğlan yadıma gəlmir). Məktəblilərin qış tətili günlərində uşaqların bir yerdə Moskvaya səfərə getdiklərini yaxşı xatırlayıram. Çox yaxın idik. Bilirdim ki, Sevil xanım ailənin tək övladıdır, ərkəsöyün böyüyüb. Sözünün qabağında söz deyən olmayıb. Anası tez-tez qonşu rayondan gəlib ona ev işlərində kömək edirdi.

Kiminsə taleyinin necə olacağını Rəbbimizdən başqa kimsə bilməz. Həyat elə gətirdi ki, biz yenidən Bakıya – evimizə qayıtdıq və həyat yoldaşımın vaxtsız ölümü mənə nəinki dost-tanışı, özümü də unutdurdu. Dostlar ayağını çəkdi, aləm qarışdı, rejim dəyişdi və Azərbaycan müstəqillik qazandı. 5 il sonra təsadüfən Sevillə o vaxt Kirov İnstitutu adlanan Tibbi Bərpa İnstitutunda rastlaşdıq. Evə dəvət etdim, Nadirin müalicə aldığını, çıxa bilməyəcəyini dedi. O vaxt mobil telefonlar da yox idi. Bir dəfə Saatlıdakı tanışlardan biri ilə rastlaşdım, Sevilgilin Biləsuvara köçdüklərini dedi. Əlaqə qurmaq imkanım sıfırlandı.

İndi qarşımda Orxan Nadir oğlu Əkbərovun şəklinin məni niyə bu qədər həyəcanlandırdığını anladım. Bəli, bu həmin 7 yaşlı Orxanın baxışları idi. Həyətimizdə topla oynayan, əlinə keçən taxta parçasını avtomat kimi sinəsinə sıxıb atəş açırmış kimi sağa-sola dönə-dönə heyva ağacının gövdəsinə sığınan, uşaqları “öldürən”, “yaralayan” Orxan. Allah bizi beləmi qarşılaşdırmalı idi, bala? Sənin o vaxt sinənə sıxdığın “taxta silah” illər sonra həqiqi avtomat olub düşmən bağrı yaracaqmış, nə bilərdik?..

Vətən Müharibəsi Qəhrəmanı

Azərbaycan Silahlı Qüvvələrinin polкovniк-leytenantı Orxan Əkbərov 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərimizin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 2-də İlanlı dağda şəhid olub, 6-da Biləsuvar şəhərində dəfn edilib.

Dövlət başçısının sərəncamları ilə Orxan Əkbərova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Sağlığında III və II dərəcəli “Qüsursuz xidmətə görə” medalları, həmçinin “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalları ilə fərqləndirilib.

Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərov ömrünü çətin, lakin müqəddəs və şərəfli hərb peşəsinə ürəkdən bağlamışdı. O, orta məktəbdə oxuyan vaxtlarda peşəkar boksçu kimi respublikamızda keçirilən rayon birinciliyinin dəfələrlə qalibi olmuşdu. Bu nailiyyətlər onun gələcək həyatında lider zabit və bacarıqlı kəşfiyyatçı kimi yetişməsində böyük rol oynadı.

Saatlıda doğulmuş biləsuvarlı qəhrəman

Orxan Nadir oğlu Əkbərov 1982-ci il dekabrın 12-də Saatlı rayonunda ziyalı ailəsində doğulmuşdu. Ailədə 4 qardaşdan 3-cü övlad olan Orxan orta məktəbdə ağlı, zəkası, savadı ilə seçilirdi. O, 1989–1997-ci illərdə Saatlı şəhərində 3 nömrəli tam orta məкtəbdə, 1997–1999-cu illərdə isə Biləsuvar şəhərində 1 nömrəli tam orta məktəbdə təhsil alıb.

Orxan Əkbərov hərbçi olmaq arzusunu həyata keçirmək üçün 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Təhsil aldığı illərdə nümunəvi, hazırlıqlı kursant kimi müəllimlərinin rəğbətini qazanıb. Hərb sənətinin sirlərinə, incəliklərinə dərindən yiyələnib. Məktəbi kəşfiyyat ixtisası üzrə bitirərək leytenant rütbəsində Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissədə tağım komandiri olaraq xidmətə başlayıb. Çox keçmədən onun situasiyanı qiymətləndirmə bacarığını, erudisiyasını görən rəhbərlik Orxanı bölük komandiri təyin edib və o, bu vəzifədə Vətənə, dövlətə, orduya ləyaqətlə xidmətini davam etdirib. Yüksək mənəvi və şəxsi keyfiyyətləri, intellekti, liderlik bacarığı, nizam-intizamı, vətənpərvərliyi, zəngin təcrübəsi, döyüş tapşırıqlarını uğurla yerinə yetirməsi komandanlıq tərəfindən hər zaman qiymətləndirilib. O, həm də hərbçilər arasında peşəkar boks üzrə keçirilən yarışlarda dəfələrlə qalib olub.

Aprel döyüşlərinin təcrübəsi

2016-cı ildə Aprel döyüşlərində o, artıq təcrübəli hərbçi kimi iştirak etməklə qalmır, eyni zamanda, döyüş təcrübəsi əldə edir. Hücum əmri gələndə silaha sarılan peşəkar kəşfiyyatçı əsgərlərinin önündə gedir, Lələtəpə istiqamətində düşmənin alınmaz qala hesab etdiyi beş postun istehkamını başına sovurur. Meşədə 100-ə yaxın xüsusi təyinatlı düşmən əsgərinin məhv edilməsində xüsusi rəşadət göstərir. Aprel döyüşlərində iştirakı zamanı qazandığı təcrübə Orxana Vətən müharibəsində daha düzgün addım atmağa, düşdükləri vəziyyətdən çıxış yolu tapmağa kömək edir. Xidmət boyu ön cəbhədə qulluq etməkdən qürur duyan qorxmaz kəşfiyyatçı Orxan Əkbərovun illər ötdükcə artan zəngin təcrübəsi, cəsarətli xidməti komandanlıq tərəfindən yüksək qiymətləndirilərək çoxsaylı fəxri fərman və diplomlara layiq görülür. Beyləqan və Ağdam rayonlarında “N” saylı hərbi hissələrdə kəşfiyyat rəisi olduğu illərdə nizam-intizamı, vətənpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı peşəkar zabit kimi onu şöhrətləndirir.

Hərbi hissə komandiri

Orxan Əkbərov 2020-ci il yanvarın 5-də Füzulidə “N” saylı hərbi hissəyə komandir təyin olundu. Xidmət dövründə düşmənin kəşfiyyat-diversiya qruplarının törətdiyi təxribatların qarşısının alınmasında xüsusi fəallıq göstərdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı ordumuzun əks-hücum əməliyyatı başlayanda “Hər kəsə şəhidlik qismət olmur, Vətən uğrunda canımdan keçərəm”,– deyərək irəli atıldı. Orxan komandir kimi daim özündən çox şəxsi heyəti düşünürdü. Əsgərlərini döyüşə hazırlayır, dost, qardaş kimi bu ağır sınaq günlərində də onları qorumaq üçün az itkiylə böyük uğur qazanmağın yollarını axtarırdı.

Müharibənin ilk günlərində Orxan Əkbərov əsgərləri ilə birlikdə kənd Horadiz istiqamətində düşmənin çoxlu sayda xüsusi təyinatlı əsgərinin, silah və texnikasının məhv edilməsində, istehkamlarının darmadağın olunmasında, qəhrəmanlıq, fədakarlıq nümunələri göstərir, “Vətən yolunda öldü var, döndü yoxdur”, – deyir. Düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 5 avtomobili, 60 nəfərlik canlı qüvvəsi Orxanın rəhbərliyilə məhv edilir.

Qarşı tərəfin cəbhəsini yararkən, “həyatın ən böyük xoşbəxtliyi budur”, – deyən komandirin qəlbində gəzdirdiyi ülvi bir istək var idi: Şuşada üçrəngli bayrağımızı birinci dalğalandırmaq!

Təəssüf ki, bu arzusu elə qəlbində qalır, Vətənin qəhrəman oğlu Orxan Əkbərov Füzulidə gedən döyüşlərdə ayın 2-də şəhidlik zirvəsinə yüksəlir. Nəşini götürmək mümkün olmur. Neçə gün sonra nəhayət, şəhidlərimizin nəşi döyüş meydanından çıxarılır və Orxan oktyabrın 6-da ata-baba yurdu Biləsuvar şəhərində dəfn olunur.

Şəkillərdən baxan Orxan

Qəhrəmanın mənzilində şəxsi əşyalarından ibarət zəngin xatirə guşəsi yaradılıb. Bu guşədə qorunan hər bir əşya Orxanlı günlərin şirin xatirələrini yaşadır. Hər dəfə guşənin qarşısından keçəndə ananın, eləcə də həyat yoldaşının nələr yaşadığını, ürəklərindən nələr keçdiyini yalnız özləri bilir.

Anası Sevil xanımla görüşmək fikrindən hələlik daşındım. Orxan kimi igiddən sonra, yarası qaysaq bağlamamış, ananın sinəsinə 2024-cü ilin may ayında ikinci övlad dağı çəkilir, gözünün ilk ovu Taleh Əkbərov dünyasını dəyişir. 4 ay sonra oktyabrın 16-da 38 yaşlı sonbeşik Elnur Əkbərovun halı qəfil pisləşir və xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur. Həmin gün Elnur Milli Qəhrəman Mübariz İbrahimovun atasının dəfn mərasimində olubmuş.

Elnurun 40 mərasiminə günlər qalıb, qismət olsa, anası ilə görüşəcəyik. Həyat yoldaşının ölümündən sonra 3 oğul itirmək nə qədər çətin, ağır olsa da, həyat davam edir. Sevil xanım Biləsuvar Şəhər Xəstəxanasında şöbə müdiridir.

Qəhrəmanımız haqqında çəkilən videofilmlərə baxıram. Gənc vaxtı tanıdığım Sevil xanım görünüşcə dəyişsə də, həmişəki kimi məğrur görünür. Qəhrəman oğlundan yana-yana, amma qürurla danışır:

– Uşaqlardan ikisi, Orxan da, Ənvər də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin məzunlarıdır. Orxan hələ ibtidai sinifdə oxuyanda hərb sənəti ilə maraqlanır, gələcəkdə peşəkar hərbçi olmağı arzulayırdı. Müharibə ilə bağlı hansı ölkənin istehsalı olmasına baxmayaraq, çəkilən filmləri izləyirdi. O vaxt disklər yox idi. O atasından da, məndən də daim müharibədən, döyüşdən bəhs edən kasetlər almağı xahiş edərdi. Saatlarla oradakı döyüş qaydalarına baxardı. Çox tərbiyəli, qeyrətli oğul idi. Hansı məkana düşsə, orda hər kəsin hörmətini qazanırdı. Bizə qarşı tamam fərqli davranan bir övlad idi.

Uşaq vaxtı da qeyri-adi uşaq idi. İstedadı, qabiliyyəti ilə yaşıdlarından seçilirdi. Tarix fənnini xüsusilə sevirdi. Rəssamlıq bacarığı da var idi, idmanla da məşğul olurdu. Onun boks müəllimi İmaməli Muradov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun da məşqçisi olmuşdu. Hələ məşqlərin ilk günlərindən onun bacarığına heyran qalmış və demişdi ki, yaxşı boksçu belə cəsarətli uşaqlardan yetişir, Orxan gələcəyin məşhur boksçusu olacaq. Qismət olmadı balama. 20 ilə qədər ömrü hərbin çətin yollarında keçdi. Bilirəm, itkisiz döyüş, şəhidsiz Qələbə olmur. Bu azadlıq uğrunda can verən, qan tökən bütün şəhidlərimizin məkanını Allah cənnət eləsin.

4 il öncə Orxanın məzarına gedib “mənim hərbçi olmağı seçib özünü Vətənə qurban edən balam, 20 ilin yuxusuzu, yorğunusan, yat, dincəl, anan ölsün”– deyən Sevil xanım indi qəbiristanlıqda hansı oğlunun məzarına öncə gedəcəyini, hansını necə oxşamağı, necə əzizləməyi, necə dindirməyi bilmir. Allah səbr versin.

Orxanın qardaşı, mayor Ənvər Əkbərov Vətən müharibəsində Murov, Füzuli, Cəbrayıl istiqamətində döyüşlərdə iştirak edib. Azərbaycan Prezidentinin sərəncamı ilə “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Ənvər qardaşından danışır:

– Atalar məsəli var: “Qardaşını tanıyırsanmı?” Deyir: “Yoldaş olmamışam”. Mən qardaşımı müharibədə bir daha tanıdım. Orxanın hərbi xidmət yolu yalnız ön xətdə keçmişdi. Kəşfiyyat bölməsi komandiri vəzifəsindən hərbi hissə komandiri vəzifəsinə kimi yüksəlmişdi. O həqiqətən də ordumuzun yetişdirdiyi mükəmməl kəşfiyyatçılardan biri idi. Vətən müharibəsi zamanı kənd Horadiz istiqamətində Orxan döyüşçüləri ilə birlikdə düşmənin xüsusi təyinatlı qüvvələri ilə qarşı-qarşıya gəlmişdi. Mühasirəyə düşmüşdülər. Orxanın yüksək döyüş bacarığı sayəsində mühasirə yarılmış, üstəlik, düşməndən xeyli silah-sursat hərbi qənimət olaraq götürülmüşdü. O, bir komandir olaraq döyüşə şəxsi heyətin önündə gedirdi. Hər ikimiz eyni istiqamətdə Vətənimizin bütövlüyü uğrunda döyüşə qatılmışdıq. Mən təmas xəttindən aralıda fəaliyyət göstərirdim.

Lakin Orxanın danışıqlarını çox eşidirdim. Onun bir həftəlik döyüşünün şahidi oldum. Orxan döyüşü komanda mərkəzindən də idarə edə bilərdi. Lakin düşmən postlarına hücum edirdi. Orxan elə bir kəşfiyyatçı idi ki, düşməni özündən zəif hesab etmirdi. Onu bütün detallarına – əlaqə yolları, əlavə dəstəyinə kimi incələyirdi. Hansısa tapşırığı icra edəcəkdisə, öncədən hazırlaşırdı. Artıq orada uğur əldə etməmək qeyri-mümkün idi. Lakin itkisiz müharibə, şəhidsiz Vətən olmur. Oktyabrın 3-də mənə zəng gəldi ki, Orxan şəhid olub. Həmin günləri yada salmaq çətindir...

Hərbçi olmaq istəyi məndə Orxanı hərbi mundirdə görəndən sonra yaranmışdı. Ona hərbi forma o qədər yaraşırdı ki, görəndə qürur hissi yaşayırdım. Qardaşımın yolu ilə getməyi qərara aldım. Orxan məndən iki kurs yuxarıda oxuyurdu. Fiziki cəhətdən çox sağlam, güclü, xaraktercə çox sadə idi. Xüsusi liderlik bacarığı vardı. Orxan və onun kimi oğullar heç zaman ölmür, xalq qəlbində onları daim yaşadır.

Ailəsi

Şəhidin Sevil və Çingiz adlı iki övladı Vətənə əmanət qalıb. Qızı Sevil 12, oğlu Çingiz isə 11 yaşındadır. Orxan Əkbərovun həyat yoldaşı Nuranə Əkbərova ET Mamalıq və Ginekologiya İnstitutunun qəbul şöbəsində mama vəzifəsində çalışır. 10 illik ailə həyatının xoş günlərindən, xatirələrdən söhbət açır:

– Orxanla həmişə qürur duymuşam. Bu gün şəhid xanımı adını məsuliyyətlə, şərəflə daşıyıram. Yadigarlarını onun adına layiq böyüdüb arzularına çatdırmalıyam. Uşaqlar “Zirvə” liseyində təhsil alırlar. Atalarının necə qəhrəman olduğunu anlayır və onun adı ilə fəxr edirlər.

Oğlumuz Çingiz atasının yolunu davam etdirmək istəyir. Deyir ki, o da hərbçi olacaq. Mənə Orxanla bağlı keçmiş zamanda, yox kimi danışmaq ağır gəlir. O, hərbçi sərtliyini evə gətirmirdi. Övladlarına on dəqiqədə on günün sevincini yaşadırdı. Bu gün bizi yaşadan onun xoş xatirələridir. Orxan mənim fəxarətimdir. Həyatına həsr olunmuş “Əfsanəvi kəşfiyyatçı” adlı kitab nəşr olunub. Bu yaxınlarda təqdimatını edəcəyik.

Orxanla son dəfə oktyabrın 1-də danışdıq. Onlara İlanlı dağı azad etmək tapşırığı verilmişdi. Əhval-ruhiyyəsi yaxşı idi. “Uşaqlardan muğayat ol”– dedi. Ertəsi gün şəhidlik məqamına ucaldı, nəşini həmin gün götürmək mümkün olmadı.

Çingiz eynilə atasının mən gördüyüm uşaqlığına bənzəyir. Sevil isə anasına çəkib. Çingiz “Mən atamla fəxr edirəm. O, Qarabağımız, torpaqlarımız uğrunda şəhid olub, həmişə mənim ürəyimdə yaşayacaq”– deyir. Sevil isə atasının arzusuna uyğun nənəsinin davamçısı olacağını, həkim olub onun kimi ailələrə sevinc bəxş edəcəyini söyləyir: “Atam evə gələndə öncə dərslərimizlə, qardaşımın idman hazırlığı ilə maraqlanardı. Biz də atamızın adına layiq övlad olacağıq. Vətənimizi, torpağımızı, anamızı atamız kimi sevəcəyik”.

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun xatirəsinə vaxtilə yaşadığı evin önündə abidə kompleksi ucalır. Biləsuvar şəhər Musiqi və İncəsənət məktəbi onun adını daşıyır. Bakı şəhəri Nizami rayon Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseyin 3d sinfinə qəhrəmanın adı verilib, şəhid haqqında videoçarx hazırlanıb. Sinif otağında şəxsi əşyalarından ibarət guşə yaradılıb. Ailəsi dövlət tərəfindən 3 otaqlı mənzillə, təqaüdlə təmin olunub.

Ruhun şad olsun, Orxan, sən sancmasan da, Azərbaycan Bayrağı Şuşada dalğalanır.

Zərifə HÜSEYNOVA
XQ









Sosial həyat