Sumqayıt
Gənclik şəhərində Zəfər Günü əsl el bayramı kimi qeyd olunur.
Heydər Əliyev Mərkəzində Abşeron–Xızı Regional Mədəniyyət İdarəsinin “Söz və Səda“ adlı yeni layihəsi çərçivəsində “Zəfər nəğməli Azərbaycan” adlı mərasim, eləcə də İdrak Liseyinin təşkil etdiyi “Şanlı Zəfər tariximiz” adlı ədəbi-bədii gecə xüsusilə yaddaqalan olub. Öncə mərkəzin foyesində rəsm sərgisinə baxış olub. Tədbirin aparıcısı Əməkdar artist Cəlal Məmmədov Vətən müharibəsi və Zəfərimizlə bağlı məlumat verdikdən sonra xanəndə Məlahət Hüseynova, gənc ifaçılar Kənan Məmmədli, Aydan Salahova və Nicat Məsimov vətənpərvərlik ruhlu ifalar səsləndiriblər. Şairlər Zəfərə həsr olunan şeirlərini söyləyiblər.
Digər tədbirdə 2020-ci il noyabrın 8-də Şuşa şəhərində həlak olan şəhid Səbuhi Həsənquliyevin anası Maisə xanımın müəllifi olduğu “Zəfər” poemasını oxuması tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın azad olunması haqqında xalqa müraciəti bir daha təqdim edilib. Tədbir liseyin xor kollektivinin ifası ilə yekunlaşıb.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzində də Zəfər Günü sevinclə qeyd olunub. Dörd il öncə “Dəmir yumruq” əməliyyatı ilə işğal altındakı ərazilərimizin azad edilməsi tariximizin ən parlaq səhifəsi kimi qeyd olunub. Bayram mərasiminə qatılan Vətən müharibəsi iştirakçıları döyüş əməliyyatlarından, əsgərlərimizin qəhrəmanlıqlarından danışıb, müharibə ilə bağlı xatirələrini bölüşüblər. Sonda 44 günlük Vətən Müharibəsindən bəhs edən “Zəfər yolu” adlı videoçarx nümayiş olunub.
Mingəçevir
“Nur şəhəri”ndə Zəfər günü münasibətilə təntənələr bir neçə gündür ki, davam edir.
Dünən ümumşəhər bayram tədbirinin iştirakçıları əvvəlcə Zəfər Parkında olub, “Şəhidlərin xatirə lövhəsi”nin qarşısına gül dəstələri qoyaraq torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Vətən övladlarını yad ediblər.
İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhid ailələri üzvlərinin, qazilərin, müharibə veteranlarının, ictimaiyyət nümayəndələrinin, idarə və müəssisələrin rəhbərlərinin iştirak etdiyi tədbiri açan şəhər rəhbəri İlham İsmayılov geniş məruzə ilə çıxış edib. O bildirib ki, ölkə Prezidentinin rəhbərliyi ilə yaranan xalq–dövlət–ordu birliyi sayəsində “Qarabağ Azərbaycandır!” şüarı real həyatda öz təsdiqini tapıb və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız azad olunub. 44 gün davam edən müharibə nəticəsində erməni ordusunun məğlubedilməz olması mifi darmadağın edilib.
Qeyd edilib ki, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı, Azərbaycanın dünyada siyasi nüfuzu da artıb. Azərbaycan bölgədə yeni reallıqlar yaradıb. Artıq dünya dövlətləri Azərbaycanı qalib və diktə edən bir ölkə kimi qəbul edir. Böyük Zəfər tariximizdə Mingəçevir şəhərinin də payı var. Hələ I Qarabağ müharibəsində 985 nəfər mingəçevirli döyüşlərdə iştirak etmiş, qəhrəmanlıq göstərən 322 igid şəhidlik zirvəsinə ucalmışdır. Aprel döyüşlərində 5 mingəçevirli igid şəhid olmuşdur. Vətən müharibəsi başlananda isə 1041 nəfər Mingəçevir gənci könüllü olaraq cəbhəyə getmiş, şücaətləri ilə müharibədə iz qoymuşdur. Vətən müharibəsində 54 nəfər mingəçevirli şəhidlik zirvəsinə ucalmış, 100 nəfərdən çox döyüşçü yaralanmışdır.
Bu gün Mingəçevir özünün 5 Milli Qəhrəmanı, 2 Vətən Müharibəsi Qəhrəmanı ilə, eləcə də çaxsaylı orden və medallar almış yetirmələri ilə fəxr edir. Şəhid ailələri və qazilər dövlətimizin daimi himayəsindədirlər. “YAŞAT” fondu tərəfindən şəhid ailələrinin sosial problemlərinin həllinə müvafiq dəstək göstərilir, qazilərin müalicəsi təşkil olunur.
Şəhər rəhbəri fərəhlə bildirib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpağı işğaldan azad olunduqdan sonra orada genişmiqyaslı quruculuq və bərpa işlərinə start verilib və indi də bu işlər planlı surətdə davam etdirilir. İnam böyükdür ki, çox tezliklə bütün keçmiş məcburi köçkünlər özlərinin Qarabağ və Şərqi Zəngəzurdakı yurd-yuvalarına qayıdacaqlar.
Mərasimdə Vətən müharibəsi qəhrəmanı Elnur Gebidov, şəhid anaları Azadə Abdullayeva və Qumru Məmişova, 3-cü qrup Vətən müharibəsi əlili Ramil Həsənov, YAP şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, ictimaiyyət nümayəndələrindən Nurcamal Əsgərova, Mayıl İsmayılov çıxış edərək şəhid adlarının daim uca tutulmasından məmnunluqlarını ifadə edib, Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb, qazilərə, veteranlara cansağlığı arzulayıblar.
Lənkəran
“Cənub mirvarisi” adlanan Lənkəranda Zəfər Günü ilə bağlı bir sıra maraqlı tədbirlər təşkil olunub. Məktəblərdə, mədəniyyət ocaqlarında anım mərasimləri, bədii kompozisiyalar, sərgilər keçirilib.
Lənkəran Dövlət Dram Teatrında yazıçı Qafar Cəfərlinin "Şəhid bayrağı” pyesi əsasında hazırlanan eyniadlı tamaşa xalqımızın 44 günlük Vətən müharibəsində keçdiyi şanlı zəfər yolunu əks etdirib. Teatrsevərlərin maraqla baxdığı tamaşanın quruluşçu rejissoru Emil Əskərov, rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor assistenti Nuranə Nəcəfovadır.
Lənkəran Dövlət Universitetində LDU-nun nəzdində fəaliyyət göstərən Sosial Aqrar-Texnoloji Kolleclə birgə Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə musiqili-nəğməli bayram tədbiri keçirilib. Zəfər ovqatlı, vətənpərvərlik ruhlu mahnılar, şeirlər səslənib. LDU tələbələrinin Zəfər Gününə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin, ictimaiyyətin nümayəndələri isə noyabrın 7-də Milli Qəhrəman Əsgər Əliyevin doğum günü ərəfəsində abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Milli Qəhrəmanın atası Ələkbər Əliyevlə söhbət edən icra başçısı dövlət və dövlətçiliyimizin müdafiəsi uğrunda canından keçən Vətən oğullarının xatirəsinə hörmət və ehtiramın göstərilməsinin mənəvi borcumuz olduğunu vurğulayıb. Qəhrəmanın atası göstərilən diqqət və qayğıdan məmnun olduğunu, dövlət tərəfindən bütün problem və qayğılarının daim diqqətdə saxlanıldığını ifadə edib, bütün bunlara görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını vurğulayıb.
Onu da qeyd edək ki, Lənkəran şəhər rəhbərliyi sentyabrın 27-dən başlayan Vətən müharibəsinin bütün şəhidlərinin anım mərasimlərində yaxından iştirak edir. Son günlərdə şəhidlər Əbdülhəsən Həsənzadə, Röyal İbrahimov, Valeh Əkbərzadə, Taleh İsmayılov, Şəhriyar Həbibli, Emil Qurbanov və Baloğlan Əhədlinin məzarı ziyarət edilib, Taleh Qaraşov onların ailə üzvlərinin qayğı və problemləri ilə yaxından maraqlanıb.
Göyçay
8 Noyabr Zəfər Günü münasibətilə Göyçay Gənclər evi, rayon üzrə gənclər və idman sektoru və Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Zəfər tariximiz” adlı gecə keçirilib.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Zivər Zeynalova 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə və Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində rəşadətli ordumuz tərəfindən torpaqlarımızın qarı düşməndən azad edilməsi ilə Azərbaycan tarixinə yazılan möhtəşəm Zəfərin bayramını bu gün bütün dünya azərbaycanlıları qürur hissi ilə qeyd edirlər.
Sonra çıxış edən Vətən Müharibəsi şəhidi Xəyyam Hüseynin atası Hüseynağa Hüseynov və Vətən müharibəsi iştirakçısı Fazil Mehdiyev ordumuzun gücü ilə ərazi bütövlüyümüzün tam təmin olunmasından söz açıblar və dövlət tərəfindən onlara göstərilən diqqətə görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildiriblər.
Gənclər şanlı zəfərimiz haqqında şeirlər, mahnılar səsləndirib, rəqs nümunələri ilə çıxış ediblər.
Hazırladılar:
Əli NƏCƏFXANLI,
İlqar HƏSƏNOV
XQ