Yaxud Soltan Soltanlının sənət aləmi
Əslində, belə bir xəritə mövcud deyil. Sadəcə olaraq, Ağsu rayonunun Kalva kəndində doğulub böyümüş karikaturaçı rəssam Soltan Soltanlının gəzdiyi ölkələrin, əsərlərinin nümayiş etdirildiyi sərgilərin və iştirak etdiyi, qalib gəldiyi beynəlxalq müsabiqələrin sırasını ardıcıllıqla yazanda yığcam bir dünya xəritəsi alınır.
Mən bu sənət adamının sosial şəbəkələrdə yayılan əsərlərini altı-yeddi ildir ki, izləyirəm. Facebook dostluğumda rəssamlar çoxdur. Amma nədənsə, Soltanın karikaturalarını daha çox bəyənirəm. Bəlkə də ona görə belədir ki, günün reallıqlarına münasibətlərimiz eyni şəkildə, ruhumuz eyni səmadadır. Elə bir zamanda yaşayırıq ki, tənqidsiz keçinmək olmur. Ona görə də mən günün aktual məsələlərini Facebook səhifəmdə sözlə qabardıram, o isə fırça ilə.
Maraqlıdır ki, onun rəssamlıq təhsili yoxdur, mənim isə jurnalistlika. Amma o, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, mən isə Jurnalistlər Birliyinin. Soltan Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin məzunudur. Həmin ixtisas üzrə həmin universitetin magistraturasını da bitirib. Rəssamlığı isə hamıdan fərqli olaraq, bilavasitə özündən öyrənib. Soltanın bütün əsərlərindəki fəlsəfi fikirlər məhz rənglərin dili, çaları ilə ifadə olunur.
Çoxsaylı beynəlxalq müsabiqələrin qalib və mükafatçısı, sərgi və festivalların iştirakçısı olan bu soydaşımızın əsərləri beynəlxalq kataloqlarda yer alıb. Hətta öyrəndik ki, onun əsərləri müxtəlif ölkələrdəki muzeylərdə və özəl kolleksiyalarda da saxlanılır.
Mən onun “Əsir qadın”, “Gəzinti”, “Ağ buludun kölgəsində”, “Gələcəyin şəhəri” və daha bir neçə əsəri haqqında sosial şəbəkədə dəfələrlə söz açmışam. Xatırladım ki, Soltanın “Gələcəyin şəhəri” əsəri bütün böyük şəhərlərin ümdə problemini özündə əks etdirir. “Bülbül və natürmort” tablosu isə ən bəşəri problem olan ekoloji fəsadların son həddə çatmasından yaranan narahatlığın təzahürüdür.
Onun karikaturalarının “Xalq qəzeti”ndə də veriləcəyini eşidəndə isə bu sətirləri qələmə almağı özümə borc bildim.
İ.MİRZƏBƏYLİ