Balakəndə Xurma Festivalı

post-img

Dünən Balakəndə ənənəvi Xurma festivalı keçirilib. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı və Mədəniyyət nazirliklərinin, Aqrar İnnovasiya Mərkəzinin, “Balxurma” MMC-nin dəstəyi ilə  4-cü dəfə gerçəkləşən məhsul bayramı bölgədə xurma istehsalı uğurlarının növbəti nümayişinə çevrilib. 

İştirakçılar əvvəlcə Katex kəndində “Balxurma” MMC-nin fəaliyyəti ilə tanış olublar, rəmzi olaraq ərazidə 150 xurma ağacı əkiblər. Rayon mərkəzinin bayramsayağı bəzədilmiş Heydər Əliyev parkında keçirilən festivalda iştirakçılar xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, yerli məhsulların sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, “Azəryemsənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub. 

Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev iştirakçıları salamlayaraq bildirib ki, xurma istehsalı bu torpağın şan-şöhrətini ­yaxın-uzaqlara yaymış əsas meyvədir. Onu balakənlilərin “çörək ağacı” da adlandırmaq olar. Xurmanın şərəfinə keçirilən bu təntənə xeyir-bərəkəti, şükranlığı, zəhmətə verilən dəyəri təcəssüm etdirir. Festival Balakən məhsullarını xarici bazarlara çıxarmaq baxımından təşviqedici məqsəd daşıyır, məşğulluq ənənələrinin, qonaqpərvərliyin, yerli turizm imkanlarının tanıdılmasına xidmət edir.

Bildirilib ki, Azərbaycanda ildə 187 min tondan çox xurma istehsal olunur. Balakən rayonu xurma istehsalına görə respublikada öncül yer tutur. Bu mövsümdə 773 hektar xurma bağından 15 min ton məhsul yığılıb. İstehsal olunan xurmanın 90 faizi ixrac olunur. Son illərdə rayonda quru  meyvə istehsalı ilə məşğul olan 4 min tonluq “Balxurma” və “Balakan foods” müəssisələri yaradılıb. Ekoloji təmiz xurma məhsullarına daxili və xarici bazarlarda tələbat artır.

Qonaqlar festivalda xurma məhsulları satışı yarmarkası ilə tanış olublar, Balakən mətbəxinin nümunələrindən dadıblar. Folklor kollektivlərinin çıxışı məhsul bayramını daha da rövnəqləndirib.

IV Xurma festivalı tanınmış incəsənət ustalarının iştirak etdiyi konsert proqramı ilə başa çatıb.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

 



Sosial həyat