“Biz qan görəndə qorxmuyoruz, “nabarot”, qızışıyoruz”
Elə bu oktyabr günlərindən biri idi, hava da nisbətən soyuq. ”Xan bağı”nda çinarlardan ara-sıra tökülən quru yarpaqlar ətrafa səpələnir, sanki bir qədər də büzüşür, ayaqlar altında qalıb xışıldayırdı...
– Bax, insan da belədir. Həyatdan nə vaxt ayrılacağını özü bilmir. Bir də gördün səssiz-səmirsiz bu yarpaqlar kimi üzülüb düşdü və ...
Bayaqdan mənimlə yanaşı, sakit, asta yerişlə az qala parkı dörd dolandığım Tariyel Şahverdiyev bu sözləri deyib susdu və sonra da sanki mövzunu yayındırmaq üçün başını yuxarı qaldırıb uca çinara baxdı, “görəsən, bunun neçə yaşı var?” dedi.
Bu dəfə sualını mən cavabsız buraxdım, “yenə nə olub?”, – deyə əvvəlki sözünə işarə etdim. Baxışlarını yerdən çəkməyib “bilirsiniz, müəllim, axır vaxtlar ürəyimdəki bu zəhrimar məni yamanca incidir” dedi. Sonra da əlavə etdi ki, cərrahi əməliyyat zamanı ayağındakı, bədənindəki qəlpələrin hamısını çıxardılar, ona toxunmağa risk etmədilər, ürəyə çox yaxındır dedilər...
–Gedək bir çay içək...
Tezcə də razılaşdı. Parkın giriş tərəfindəki şüşəli çayxanada, küncdəki stollardan birində əyləşdik. İçəridə adam az idi. Cavan oğlan armudu stəkanlara çayımızı tələsik süzüb getdikdən sonra “heç indiyədək soruşmamışam, necə oldu ki, məni görən kimi tanıdın?” deyərək əhval -ruhiyyəsini bir qədər yaxşılaşdırmaq istədim.
Sualı verərkən onunla uzun illərdən sonra, yəni 2020-ci ildə, aradan az qala 30 il keçdikdən sonra yenidən görüşməyimi nəzərdə tuturdum. Oktyabrın 5-də, gündüz saatlarında Ermənistan tərəfi ikinci dəfə Gəncəni raket atəşinə tutmuş, bu dəfə əhalinin daha çox toplaşdığı sosial obyektləri hədəfə almışdı. Berd rayonu ərazisindən atılan raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, “Yevlax avtovağzalı” kimi tanınan əraziyə və Mərkəzi bazara düşmüşdü. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmiş, şəhərin infrastrukturuna külli miqdarda ziyan dəymişdi.
Həmin vaxt dostları ilə şəhərdə gəzişən Tariyel Şahverdiyev dəhşətli gurultunu eşidən kimi bazara tərəf qaçmışdılar, yaralanan, mağazalarına, mallarına ziyan dəyən adamlara kömək göstərməyə başlamışdılar. Elə Tariyeli də bütün ölkəyə tanıdan ondan müsahibə alan “TRT- Haber” kanalının müxbirinə dedikləri olmuşdu: “Gəncə əhalisi, ümumiyyətlə, Azərbaycan əhalisi, qan görəndə qorxmuyor, “nabarot”, qan görəndə qızışıyor”. Yəni bu qədər sadə və bütün Azərbaycan əhalisinin o ağır günlərdə yumoruna, eyni zamanda ruh yüksəkliyinə səbəb olan üç dildə bir cümlə.
...Həmin gün raket düşdüyü yerlərə gedə bilməmişdim. Ertəsi gün, oktyabrın 6-da “Təzə bazar”a getdim. Baxdım ki, axşam televiziya kanalına müsahibə verən kişi də buradadır. Ətrafına da xeyli adam toplaşıb. Artıq onu hamı tanıyırdı. Mən də yaxınlaşdım. Başı qarışmışdı. Birdən diqqətlə üzümə baxıb “Biz sizinlə 1991-ci ildə “Çaykənd əməliyyatı” zamanı Hackənddəki “Beş ulduz” təpəliyində bir neçə dəfə görüşmüşük. Axşamlar oradakı qərargaha gəlirdiniz. Siz də qəzetə hər gün ermənilərə qarşı keçirdiyimiz döyüş əməliyyatlarından “Kommunist” (indiki “Xalq qəzeti” o zaman belə adlanırdı-H.Q) qəzetinə xəbərlər verirdiniz, biz də ertəsi gün onları həvəslə oxuyurduq”.
Donub qalmışdım. Bu ki, o zaman şəhər komsomol komitəsində işləyən, Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilini yarımçıq qoyub könüllü şəkildə cəbhəyə yollanan Tariyel idi! 1991-ci il aprel ayının 30-da Göygöl rayonunun (keçmiş Xanlar) Çaykənd kəndinin erməni işğalçılarından azad edilməsi ilə əlaqədar antiterror əməliyyatlarında OMON-un tərkibində “Gəncə” taboruna rəhbərlik edirdi. Əməliyyatın adı da yadıma düşdü, “Halqa”. Mayın 4-də uğurla tamamlanan “Çaykənd əməliyyatı” antiterror məqsədli, yəni sözügedən ərazidə yerləşən erməni separatçılarının təmizlənməsi niyyəti ilə keçirilirdi. Pasport rejiminin yoxlanılması xarakterli əməliyyatda qeyri-qanuni yollarla Azərbaycana gələrək Çaykənddə məskunlaşmış terrorçular, axtarışda olan cinayətkarlar tərksilah edilmiş, zərərsizləşdirilmişdi...
Sonralar Tariyeli görmürdüm. Amma bir neçə il sonra eşitdim ki, yenə Ağdam, Kəlbəcər istqamətində döyüşlərdə iştirak edib və ermənilərin atdıqları snayper gülləsinə tuş gəlib və qəlpələr ayağına, bədəninin müxtəlif yerlərinə dolub. Əməliyyat zamanı cərrahlar qəlpələrin hamısını təmizləsələr də, ürəyə yaxın yerdə olan qəlpəni götürməyə cəsarət etməyiblər və elə o vaxtdan da onu bədənində gəzdirir.
...Sualım deyəsən gözlənilməz olmuşdu. Bir qədər ara verib “necə oldu ki, sizi görən kimi tanıdım?”, – deyə sualımı təkrar elədi. Sonra da astaca “ora kim gəlirdi, hamısının sifəti, xüsusilə gözləri yadımda qalırdı. Sevinirdim ki, heç kim bizə qarşı laqeyd deyil, elə siz də”.
Çay içə-içə xeyli söhbət etdik. Dedi ki, mən xalqımın qorxmazlığını, mübarizliyini göstərmək üçün Türkiyə jurnalistinə o sözləri dedim. Ertəsi gün telefonum susmurdu. Hansısa televiziya kanalından bir qız zəng edib, “Tariyel müəllim, siz nə etmisiniz, bütün Azərbaycanı ayağa qaldırmısınız” deyəndə, düzü, çaşdım, “qızım mən nə etmişəm ki?”, – deyə günahkar adamlar kimi cavab vermişdim.
Mən həmin cümləni Gəncə sakinlərinin, Azərbaycan xalqının adından söyləmişdim. Bu xalq heç vaxt qorxan xalq olmayıb. Mərd, qəhrəman xalq olub. Özünüz fikirləşin, son 30 il ərzində nə üərkdən sevinən, nə bir gülən olub. Gəncə Cavad xanın vətənidir. Gəncəlilər də onun kimi mərd, dəyanətlidir. Gəncənin tarixi hər kəsə bəllidir, amma mən ayrı-seçkilik etsəm, günah işlətmiş olaram. Azərbaycan xalqı, bütövlükdə, çox dəyanətlidir, dözümlü, hər şeyə yerində qiymət verən, qəhrəman xalqdır. O 44 gün bunu bir daha təsdiq etdi.
– O ki, qaldı bayaq yerə düşən quru yarpaqlarla bağlı dediyimə, fikir verməyin, sadəcə, son günlər görürəm ki, yatarkən mənə deyir “qalx, vaxtdır gedək”.
Gördüm ki, Tariyel sağlamlığı ilə bağlı ciddi bir məsələni də yumorla qarşılayır, dözə bilmədim, “yox, belə də olmaz axı, o qədər yaxşı həkimlərimiz var ki... məsləhətləşmək lazımdır” dedim.
...Qarşmda 2022-ci ildə, “facebook” səhifəmdə ürəkağrısı ilə paylaşdığım bir status var, siz də tanış olun: “Birinci Qarabağ müharibəsi qazisi, ürəyinin başında qəlpə gəzdirən, lakin bir dəfə də olsun “uf” deməyən, həmişə ədəb-ərkan gözləyən, düşmənlə üzbəüz dayanıb onların neçəsinin axırına çıxmağından heç vaxt danışıb öyünməyən, lovğalıq etməyən “Gəncə” taborunun komanduri Tariyel Şahverdiyev səssiz-səmirsiz bu dünya ilə vidalaşdı. Qalan xoş xatirələri, bir də şirin söhbətləri oldu. O ağır günlərdə dediyi “Azərbaycan əhalisi qan görəndə qorxmuyor, nabarot, qızışıyor” sözləri ilə nəinki Gəncəni, bütöv Azərbaycanı bir növ sakitləşdirdi, üzümüzə təbəssüm qondurdu, qorxmaz, döyüşkən olduğumuzu bütün dünyaya bəyan etdi.
Dünən kaş eşidəydiniz döyüş yoldaşları onun dəfnində nələr danışdılar. Birinin dediyi cümlə isə xüsusilə yadımda qalıb: “O bir qazi nümunəsi idi...”
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə