Şirvanda dahi şairə ehtiram

post-img

Füzuli – 530

Şirvan şəhərində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyinə həsr olunmuş “Füzuli dünyasından dünyaya baxış” adlı ədəbi-bədii məclis keçirilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, ictimaiyyət nümayəndələri, qonaqlar, məktəblilər M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında dahi şairin büstünü ziyarət edərək, abidənin önünə tər gül dəstələri düzüblər.

Sonra Şirvan Dövlət Rəsm Qalereyasının təşkil etdiyi Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Şirvan Mədəniyyət Mərkəzində davam edən mərasimdə şəhərin mədəniyyət müəssisələri nümayəndələrinin və məktəblilərin ifasında ölməz Füzuli yaradıcılığından nümunələr səsləndirilib, “Meyvələrin söhbəti” kompozisiyası təqdim olunub, şairin qəzəlləri əsasında muğam parçaları ifa edilib.

Yubiley məclisinin davamında Məhəmməd Füzulinin həyat və yaradıcılığından bəhs olunub, onun əsərlərinin təkcə ölkəmizin deyil, bütövlükdə Şərq və Dünya ədəbiyyatı üçün əhəmiyyəti vurğulanıb.

Fidan SALMANOVA
XQ

Sosial həyat