Azərbaycan Dövlət Pedaqoji Universitetində İrəvan Azərbaycan Pedaqoji Texnikumunun 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Məclisdə elmi ictimaiyyətin nümayəndələri, Milli Məclisin deputatları, ali məktəblərin professor və müəllim heyəti, tanınmış ziyalılar iştirak ediblər.
Konfransı ADPU-nin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova açaraq 1924–1948-ci illərdə İrəvanda bu təhsil ocağının Azərbaycan dilində fəaliyyət göstərən təhsil müəssisələrimiz üçün müstəsna xidmətlərindən danışıb.
O, təsisçisi və baş redaktoru olduğu “Yurdun səsi” qəzetinin ilk nömrəsinin çapdan çıxmasını da sevinc hissilə qeyd edərək vurğulayıb ki, bu nəşrin amalı Qərbi Azərbaycana qayıdışın ruporuna çevrilməkdir.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali məktəbdə “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin səmərəli fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, burada qiymətli elmi araşdırmalar aparılır.
Sonra məruzələr dinlənilib. Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Hikmət Babaoğlu, Ramin Həsənov, Səyyad Aran, akademik Abel Məhərrəmov, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova, iqtisad elmləri doktorları Vahid Novruzov, Əvəz Ələkbərov və başqaları çıxış edərək İrəvanda vaxtilə təhsil alan yaxın və doğmaları barədə xatirələrini danışıblar.
Konfransda sərgilənən İrəvan Azərbaycan Pedaqoji Texnikumunun 100 illik yubileyinə həsr olunmuş foto-stend və Qərbi Azərbaycanın mədəni irsini tədqiq edən kitablar iştirakçılarda böyük maraq doğurub. Onlara “Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi” kitabı hədiyyə edilib.
Kəmalə ABDİNOVA,
Elşən AĞALAROV (foto),
XQ