Gənclik şəhərində təhsil innovasiyaları

post-img

Sumqayıt – 75

Gələn ay Sumqayıta şəhər adı verilməsinin 75 illiyi tamam olur. Gənclik şəhəri adı ilə tanınan və getdikcə cavanlaşan Sumqayıt artıq yubiley ab-havası ilə yaşayır. Küçə, prospekt, park və meydanlar indidən bayramsayağı bəzədilib. Şəhərin əlvan işıq effektləri axşamlar göz oxşayır.

Ayrı-ayrı sahələrdə qazanılan nailiyyətlər məhz bu yubileyə həsr edilir. Şəhər təhsil sisteminin uğurları daha nəzərəçarpandır. Sumqayıt hər zaman bu sahədə öncüllüyü ilə seçilib. Şəhərdə təhsilin maddi-texniki bazası durmadan genişlənir. Yeni məktəblər tikilir, köhnələri təmir olunur. Bütün təhsil ocaqları hər cür müasir texniki tədris avadanlığı ilə təchiz edilib. Bu isə təhsilin keyfiyyətini yüksəldən vacib amildir.

Xatirə cığırları

Qəzetimizdə Sumqayıtın 75 illiyinə şəhər təhsil ocaqlarının töhfələri barədə yazmaq təklifi ürəyimdən oldu. Çünki mən özüm də Sumqayıt təhsilinin yetirmələrindənəm. Düz 60 il əvvəl ilk dəfə bu şəhərdəki 9 nömrəli məktəbin 1-ci sinif şagirdi olmuşam. O vaxtlar yaşadığımız İnşaatçılar qəsəbəsindəki evimizdən bir əlimdə çanta, digərində mürəkkəbqabı və perolu qələm tutaraq dərsə getmiş, adını hörmətlə xatırladığım Zəkiyyə müəllimdən əlifba, hesab öyrənmişəm.

Həmin gün çoxsaylı elmi-publisistik, metodiki məqalənin, 41 kitabın, 10 dram əsərinin müəllifi olan tanınmış pedaqoq, Qabaqcıl təhsil işçisi Əvəz Mahmud Lələdağla görüşdüm.

–Sumqayıta ötən əsrin 50-ci illərindən, yəni tələbəlik dövrümdən gəlib-gedirdim, – deyə bildirdi. – Dayılarım burada baraklarda qalırdılar. Artıq 54 ildir ki, sərasər ürəkdən vurulduğum, cazibəsinə heyran olduğum, qocaldıqca cavanlaşan Sumqayıtda yaşayıram.

Uzun illər Sumqayıtın təhsil sistemində çalışmış, məktəb direktoru olmuş, lap bu günlərə qədər isə SDU-da dərs demişəm. Yetirmələrimin böyük bir qismi indi Sumqayıtın adını ucaldanların sırasındadır.

Hazırda, şəhərimizdə 43 tam orta ümumtəhsil məktəbi, 4 yeni tipli məktəb –3 lisey, 1 gimnaziya, 3 internat, 4 məktəbdənkənar-tərbiyə müəssisəsi, 56 məktəbəqədər tərbiyə müəssisəsi, 4 peşə liseyi, 1 universitet - SDU, 4 kollec fəaliyyət göstərir. Milli təhsilimizin flaqmanı indi də uğurları davam etdirir.

Filoloq-şair Ofelya Babayeva da Sumqayıtın təhsil kapitanlarından olub. Bu gün də o, ictimai fəallığı ilə seçilir. Özü demişkən, ömrünün 45 ili ömürlərə calanıb, məktəb, maarif odunda qalanıb. “Şöhrət” ordenli Əməkdar müəllim, Prezidentin fərdi təqaüdçüsüdür. Sumqayıtın ilk xanım şairi kimi şəhərdə hörmət-izzət sahibidir. Elə söhbətinə də qafiyəli bir cümlə ilə başladı:

–Sumqayıt həmrəylik, birlik, həm dəbilik şəhəridir. Sumqayıtın 25 illiyində mənə Ulu öndər Heydər Əliyevin qarşısında həm Sumqayıt gəncləri, həm də müəllimlər adından, 70 illiyində isə Prezident, Müzəffər Ali Baş Komandan İlham

Əliyevin qarşısında şəhərimizin veteranı kimi danışmaq nəsib olub.

Mən orta təhsilimi Sumqayıtdakı 13 nömrəli məktəbdə almışam. 1971-ci ildə Universiteti bitirdikdən sonra öz doğma məktəbimə müəllim kimi qayıtdım. Anam qədər sevdiyim müəllimim Xeyransa Verdiyevanın qayğısı ilə irəlilədim. O zaman Sumqayıt təhsilində İrina Stark, Baxşalı Yeqanov, Nazim Əhmədov, Mehdi Əliyev, Solmaz İbrahimova və Asif Cahangirov kimi fədakarlar çalışırdılar. Mənə məktəb direktorluğu etibar olundu, sonra şəhər təhsil şöbəsinə rəhbərlik etdim.

Onu da deyim ki, bu yaxınlarda Prezident İlham Əliyevin Xalq şairi, görkəmli ictimai xadim Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncam sumqayıtlıların da sevincinə səbəb oldu. Çünki Nəbi Xəzri Sumqayıtın fəxri vətəndaşıdır. Bu şəhər haqqında ilk monumental əsər olan “Sumqayıt səhifələri” poeması isə Azərbaycan ədəbiyyatına layiqli töhfədir.

Bugünün uğurları

Sirr deyil ki, təhsilin səviyyəsini göstərən əsas barometr göstəricilərindən biri ali məktəblərə tələbə qəbuludur. Gənclik şəhəri bu il də həmin sahə üzrə üzrə ölkə 1-cisi olub. Sumqayıt məktəblərini 3879 şagird bitirib ki, onların da 2543 nəfəri, yəni 65,6 faizi tələbə adını qazanıb. İmtahan verənlərin 243 nəfəri 600 baldan, 88 nəfəri 650 baldan, 17 nəfəri isə 680 baldan yuxarı nəticəyə nail olub. Həqiqətən də, çox yüksək göstəricilərdir.

Sumqayıt şəhərinin rəhbərliyi təhsilə diqqəti prioritet sayır. Ötən ay buraxılış və qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüş xüsusilə yaddaqalan olub. Tələbələrə qiymətli xatirə hədiyyələri verilib. İcra başçısı ayrıca olaraq ali məktəblərə qəbul olunan şəhid övladları ilə də görüşüb, onlara uğurlar arzulayıb və mükafatlar təqdim edib. Bu günlərdə isə Zakir Fərəcov sağlamlıq imkanları məhdud uşaqlar üçün fəaliyyət göstərən xüsusi məktəbə gedib, eləcə də milli elmimizi xaricdə tanıdan SDU-nun professoru Şəfa Əliyevi yubileyi münasibətilə fəxri fərmanla təltif edib.

Gənclik şəhərinin tarixini yaşadan ən “qocaman” təhsil ocaqlarından biri olan indiki Təbiət Elmləri Təmayüllü Gimnaziya 1946–1947-ci tədris ilindən fəaliyyətə başlayıb. Onillərdir ki, uğurları davam edir. Bu il gimnaziyanın məzunlarının universitetlərə 100 faizlik qəbul nəticəsi Sumqayıtın 75 illik yubileyinə əsl töhfədir.

Digər təmayüllü məktəblər də nailiyyətləri ilə öyünə bilirlər. Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin məzunu olan 39 nəfər də eyni uğura nail olub. Onlardan 35-i Azərbaycanda, 4-ü isə xarici ölkələrin nüfuzlu universitetlərində ali təhsil almağa başlayıb. Humanitar və Təbiət-Riyaziyyat Təmayüllü İstedad Liseyinin məzunları da hamılıqla tələbə adına layiq görülüblər, onların da 4-2 xaricdə təhsil almağa başlayıb. Kənan Gərayzadə DİM-in həm buraxılış, həm də ali məktəbə qəbulun nəticələrinə görə (690.2 bal) Prezident təqaüdçüləri siyahısına düşüb. Liseyin riyaziyyat müəllimi Pərviz Musayev Elm və Təhsil naziri tərəfindən səmərəli pedaqoji fəaliyyətinə görə təltif edilib. Yayda Dubayda keçirilən FİSO Beynəlxalq Olimpiadasının qlobal mərhələsində bu liseyin 10 şagirdi medallar qazanıb.

Bütöv siniflərin maksimum nəticə ilə sevindiyi ümumtəhsil məktəbləri də az deyil. Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəb də qəbul sayına görə 100 faiz nəticəyə nail olub: bu təhsil ocağını bitirən 111 məzunun hamısı tələbə adını qazanıb. Eyni nəticəni 28 nömrəli məktəbin məzunları təkrarlayıblar. Buranı 117 şagird bitirib, 86 nəfər tələbə adını qazanıb ki, onlardan da 60 nəfəri 3 eyni sinfin bütün məzunudur.

Vətənpərvərlik tərbiyəsi əsasdır

Gənclik şəhəri öz igidları ilə fəxr edir. Xatırladaq ki, 3 il öncə Bakıda Anım Gününə həsr olunan yürüşdə dövlətimizin başçısı məhz Sumqayıtdakı 14 nömrəli məktəbin məzunu olmuş XTQ baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin fotosu əks olunmuş plakatı qaldırıb. Tovuz döyüşlərində həlak olan Milli Qəhrəman, general Polad Həşimov indi onun adını daşıyan öncül məktəbin şagirdi olub. Elə bu məktəbin ərazisinə çathaçatda “Azərbaycan əsgəri” mahnısının sədalarını eşitdim. Meydanda hərbi geyimli şagirdlər hazırlıq məşğələsi keçirdilər. Bir qədər onlara baxandan sonra məktəbin həyətinə keçdim. Oraya toplaşmış bir qrup idmançı şagird İlham Zəkiyevi alqışlarla yola salırdı. Sən demə, ikiqat Paralimpiya Oyunları çempionu , “Paris-2024” Yay Paralimpiya Oyunlarının bürünc medalçısı, ikiqat dünya çempionu və səkkizqat Avropa çempionu, Əməkdar idman ustası, Əməkdar məşqçi, 7-ci dan sahibi, Qarabağ müharibəsi əlili, “Şöhrət” və hər üç dərəcədən “Vətənə xidmətə görə” ordenli İlhamla görüş təşkil edilibmiş. Əlbəttə, Polad Həşimovun adını daşıyan məktəbdə belə bir vətənpərvərlik ortamının hökm sürməsi təbii idi.

Direktor Araslan Rzayev söhbətimiz zamanı bu amilə ciddi fikir verildiyini vurğuladı və sonra da yubileyə məktəbin töhfələrindən danışaraq dedi:

– Bu il 14 məzunumuz fərqlənmə attestatı alıb. Nurəddin Fərzəliyev (665), Gülbəs Kərimova (657), Məryəm Ağaxanova (646), Aytac Hətəmova (636), Nigar Həsənova (627), Nüsrət Ağazadə (632) və Hüseyn Əliyevdir (612) yüksək balla tələbə olublar. Bu, pedaqoji kollektivimizi ürəkdən sevindirir. Fəxr edirik ki, Sumqayıtın 75 illiyini belə nailiyyətlə qarşılayırıq.

Həmsöhbətimə uğurlar diləyib, ayrıldım. Sonra 2 nömrəli tam orta məktəbə üz tutdum. İşə baxın ki, bu məktəbə də yaxınlaşanda hərbi marş sədalarının ətrafa yayıldığının şahidi oldum. Orada keçirilən hərbi hazırlıq dərsinə valideynlər, ətrafda yaşayan sakinlər də maraqla baxırdılar. Açıq havadakı məşğələdən fotolar çəkmək fürsətini qaçırmadım. Bu yaraşıqlı təhsil ocağı Saleh Nuriyev adına küçənin tinində yerləşir. Cəmi 18 il yaşamış şəhidin xatirəsinə yaradılmış lövhədə yazılanları dəftərçəmə qeyd etdim: “Saleh Nuriyev 18 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Hovuslu kəndi uğrunda döyüşlərdə şəhid olub”. – Yəni, bu gün onun anım günü imiş.

Bütün bunlar təsadüfdürmü, bilmirəm. Direktor Xalid Adıgözəlova söylədim ki, böyük Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsinin 4-cü ildönümü günlərində məktəblərdə ard-arda vətənpərvərlik ovqatı müşahidə edirəm. O deyəndə ki, rəhbərlik etdiyi məktəbin məzunu Natiq Quliyev də şəhidlik zirvəsinə ucalanlardandır, bir daha qürur hissi keçirdim.

Bu məktəbin hazırkı şagirdləri də öz uğurlarını yubileyə həsr edirlər. Məsələn, məktəbimizin 8-ci sinif şagirdi Həsən Osmanov Bolqarıstanda karate üzrə dünya çempionatında həmyaşıdları arasında I yeri tutub, 6-cı sinif şagirdi Mahirə Mirzəyeva Respublika Uşaq Rəsm Yaradıcılıq Turnirində sertifikat əldə edib, 5-ci sinif şagirdi Leyla Həşimzadə Qazaxıstan və Azərbaycanın birgə təşkilatçılığı ilə Bakıda təşkil olunan fortepiano üzrə İnternational Grand Festival müsabiqəsində 2-ci yerə layiq görülüb, 4-cü sinif şagirdi Zəhra Piriyeva isə dogma şəhərin 75 illiyi münasibətilə keçirilən “Miniatür Sumqayıt” müsabiqəsində fəal iştirakına görə Dövlət Rəsm Qalereyasının fəxri fərmanı ilə təltif edilib.

Gənclik şəhərindəki 12 nömrəli məktəbin yetirmələrinin də uğur hekayələri sevindiricidir. Təhsil ocağının direktoru Reyhan Baxşiyevanın dediyinə görə, ötən dərs ilində 108 məzundan 85-i tələbə adı qazanıb, 7 nəfər 600 baldan, onların 6-sı 650 baldan yuxarı nəticə göstərib. Özü də 2 sinif hamılıqla 100 faizlik nəticəyə nail olub. Aydan Əhmədzadə, Sultan Şirinov, Şəms Zəkizadə, Şamil Kərim, Pünar Cəfərova, Mirzə Mirzəyev müəllimlərinin etimadını layiqincə doğrulda biliblər. Şagirdlərin yüksək bilik əldə etmələri üçün var qüvvələri ilə çalışan pedaqoqlar Sevda Nəsirova, Zülfiyyə Novruzova, Natəvan Paşayeva, Leyli Zeynalova və başqaları gənclərə açıq zehin, dərin bilik aşıladıqlarına və zəhmətləri hədər getmədiyinə görə sonsuz fərəh hissi keçirirlər.

Bu məktəbdə çeşidli inkişaf layihələri həyata keçirilir. Artıq 5 ildir ki, icma əsaslı məktəbəqədər layihə özünü doğruldur. Peşə təmayüllü siniflərdə həftədə 2 dəfə kompüter təmirçisi, aşpaz və dərzi köməkçisi peşələrinin sirləri öyrədilir. Ölkəmizdə ilk dəfə 20 məktəbdə proqramlaşdırma təlimləri tətbiq edilib ki, bu təhsil ocağı da həmin sıradadır. Şagirdlərin informatika təmayüllü rəqəmsal bacarıqları onların gələcəkdə bilikli mütəxəssis olacaqlarından xəbər verir. Eyni zamanda, 12 nömrəli məktəb ötən dərs ilində ümumi təhsil müəssisələri üçün “Mikrosoft”un beynəlxalq STEM dərsləri üzrə layihə və problem əsaslı dəstək” adlı öyrədici videoçarxların hazırlanması üzrə qrant layihəsində qalib gəlib.

Ali və orta ixtisas təhsili ocaqlarının nümunəsi

Onu da qeyd edək ki, gənclik şəhərindəki yeganə ali təhsil ocağında – Sumqayıt Dövlət Universitetində (SDU) də builki qəbulun nəticələri fərəhlidir. Rektor Rüfət Əzizovun bildirdiyinə görə, cari tədris ili üçün tələbə qəbulu nəticələri əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ümumilikdə, 1499 tələbə SDU-nun müxtəlif ixtisaslarına qəbul olub ki, bu da keçənilki 1374 tələbə ilə müqayisədə 9 faiz artım deməkdir. Bu il ən yüksək nəticə 633,2 bal olub, keçən il isə bu göstərici 551,9 bal idi.

Sumqayıt həm də xarici tələbələrin həvəslə gəlib, ali təhsil aldığı şəhərdir. Sumqayıt Dövlət Universitetində yeni təqaüd proqramı üzrə daha 100 əcnəbi bakalavr və magistr təhsil üçün şərait yaradılacaq. Gənclik şəhərinin yetirmələri də xaricdə təhsil almaq sahəsində fərqlənirlər. Hər il Avropanın ali məktəblərinə neçə-neçə sumqayıtlı gənc daxil olur. Elə bu yaxınlarda Milli Qəhrəman, general-mayor Polad Həşimovun oğlu Davud 4 xarici ölkədə yerləşən 7 universitetdən qəbul təklifi alıb.

1969-cu ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci özünün 55 illik yubileyini yeni nailiyyətlərlə qeyd edir. Elə Ümummilli liderin adını daşıyan küçədə yerləşən və Səhiyyə Nazirliyinin tabeliyində olan bu orta ixtisas təhsili müəssisəsində tələbələrin müalicə işi, mamalıq, əczaçılıq və tibb bacısı ixtisaslarına yiyələnmələri üçün hər cür şərait yaradılıb. Kollecə tibb elmləri doktoru, Əməkdar həkim olan Rəfayıl Eyvazov bacarıqla rəhbərlik edir, bura şəhər səhiyyə sistemində kadr potensialının gücləndirilməsinə mühüm töhfələr verən layiqli bir ünvandır. Hazırda Sumqayıtın tibb müəssisələrində kollecin 2 minə qədər məzunu fəaliyyət göstərir.

Orta ixtisaslı ağxalatlılar yetişdirən kollecin kollektivi Sumqayıtın ictimai həyatında fəal iştirakı ilə daim seçilir. Gələcək tibb işçiləri hazırda doğma şəhərin 75 illik yubiley tədbirlərinə ciddi hazırlaşırlar. Tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsinə də burada böyük önəm verilir. Bir müddət öncə Vətən müharibəsi qəhrəmanları Mehrab Niftəliyev və Sübhan Cəbrayılovun xatirə lövhəsinin açılışında mən də iştirak etmiş, şəhid ruhlarına necə böyük ehtiramla yanaşıldığının şahidi olmuşam. Bu cür tədbirlər həm də gənclər üçün motivasiya mənbəyidir. Yubilyar təhsil ocağı yubilyar şəhərin adını hər zaman beləcə ucaldır.

Beynəlxalq müsabiqənin sumqayıtlı finalçısı

Gənclik şəhərində təhsil uğurları ilə bağlı material toplayarkən öyrəndiyim ən son məlumat bu oldu ki, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə fizika və STEAM fənnini tədris edən müəllim Aliyə Əhmədova Avropa şəbəkəsinə qoşularaq, “European Schoolnet Academy”nin “Scientix” mükafatı”na layiq görülüb. O, ən müasir tədris vasitələrini, süni intellekt alətlərini müsabiqədə bacarıqla tətbiq edib və 4 qalibdən biri kimi, son mərhələsi Azərbaycanda təşkil ediləcək yarışmanın finalında ölkəmizi təmsil edəcək.

O bildirib ki, uğurunun bir sirri haradansa, kimdənsə fikirləri yox, təşkilat komitəsinin yaydığı meyarları mənimsəyib, sonra bu istiqamətdə işə başlamasıdır. Bu düzgün yanaşma sayəsində Respublika Elektron Təhsil Müsabiqəsinin “Müəllim bloqu” nominasiyasında, “e-Twinning” layihəsi çərçivəsində “İnnovativ layihə” müsabiqəsinin tək qalibi olub. İndi də xoş bir həyəcanla nəticəni gözləyir.

Ötən ayın sonunda Polşanın Belostok şəhərinin meri Tadeuş Truskolyaski növbəti dəfə gənclik şəhərinin qonağı idi. Bir il əvvəl isə Polşanın Təhsil Sisteminin İnkişafı Fondunun nümayəndə heyəti Sumqayıta səfər edib. Müzakirələr zamanı gənclərin, region könüllülərinin Avropa layihələrində iştirak imkanları və region gənclərinin beynəlxalq səviyyədə təmsilçiliyinə dair fikir mübadiləsi aparılıb. Daha öncə Sumqayıtda fəaliyyət göstərən

“Headway Education” xaricdə təhsil mərkəzi Polşa universitetlərində təhsil almaq istəyənlər üçün seminar keçirib. Qeyd edək ki, 2 il müddətində Sumqayıtdan seçilmiş gənclərə Avropa üzrə İttifaqının gənclər proqramlarında iştirak imkanları yaradılacaq və daha çox gəncin cəlb edilməsi üçün layihələr üzərində çalışmalar aparılacaq.

Bəli, Sumqayıt sabaha inamla boylanır. İnanırıq ki, 75 yaşlı gənclik şəhəri həmişə olduğu kimi, dinamik inkişaf edəcək və ölkəmizin parlaq gələcəyinə töhfələrini daha da artıracaq.

Əli NƏCƏFXANLI
XQ









Təhsil