Füzulidə qayıq yarışı

post-img

Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi keçirilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə bu cür idman tədbirlərinin təşkilinin tarixi hadisə olduğunu bildirib. O, İkinci Qarabağ müharibəsindən sonra Füzulidə Prezident İlham Əliyevin göstərişi ilə abadlıq işləri görüldüyünü vurğulayıb. E.Hüseynov yarışın keçirildiyi Aşağı Köndələnçay su anbarının Ümummilli Lider Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edildiyini xatırladıb.

Gənclər və idman naziri Fərid Qayıbov isə reqatanın əhəmiyyətindən danışıb və idmançılara uğurlar arzulayıb.

Yarışda Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.

Oktyabrın 16-da Mingəçevirdə start götürən reqata dünən Aşağı Köndələnçay su anbarında davam edib. Yarış oktyabrın 18-də başa çatacaq.

Leyla QURBANOVA
XQ

İdman