Dövlət başçısının bölgəyə səfəri yeni önəmli layihələrə meydan açdı
I yazı
Yolumuz yenə Ağdamadır. Bu dəfə Prezident İlham Əliyevin bölgəyə səfərinin marşrituna üz tutmuşuq. Məqsədimiz dövlət başçısının iştirakı ilə istifadəyə verilən yeni obyektlərdən, təməli qoulmuş yaşayış məntəqələrində başlanan işlərdən, ölkə rəhbəri ilə canlı təmasda olmuş insanların səmimi, unudulmaz təəssüratından qəzetimiz üçün operativ, əhatəli yazılar hazırlamaqdır.
Suverenlik Gününün ikiqat sevinci
Erməni vandallarının 30 il “Qafqazın Xirosiması”na çevirdiyi, daşını daş üstündə qoymadığı, Azərbaycan Ordusunun rəşadəti ilə azadlığına qovuşduqdan sonra yenidən qurulan, dirçələn, inkişaf etməyə başlayan Ağdam hər gün dağıntıları, qəlb ağrıdan mənzərələri bir az da geridə qoyur. Dövlət başçısının istidadəyə verdiyi obyektlər, sanki, bizə bu şəhərin yaxın gələcəkdəki möhtəşəm mənzərəsindən xəbər verir. Qarabağ xanlığının əsasını qoymuş Pənahəli ağanın yadigarı olan “İmarət” kompleksi bu bölgənin xalqımızla bağlı dünənindən soraq verirsə, müasir sənaye parkı, gözəl şəhərlərə layiq mehmanxana, təməli qoyulan yeni obyektlər bizim bu yurdun həqiqi sahibi olmağımızın təsdiqi, Ağdamın əvvəlkindən də böyük, yaraşıqlı, əzəmətli sabahının ilk nişanələri, parlaq timsalıdır.
Prezident İlham Əliyevin şəhərə səfəri günü imzaladığı sərəncamla 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi təsis edilməsi, üstəlik, bu ümummilli bayramın həyata Ağdamda vəsiqə alması şəhərdə ikiqat bayram əhvalı yaratmışdı. İlk görüşdüyümüz Prezident nümayəndəliyinin işçiləri və inşaatçılarla, şəhərin qonaqları ilə bir-birimizi təbrik edirdik. Aşıb-daşan sevincimiz Qarabağı Azərbaycana qaytarmış, ölkəmizin suverenliyini tam bərpa etmiş ölkə başçısına minnətdarlıq duyğumuzu birə-beş artırırdı. Dövlət suverenliyimizi elan edildiyi şəhərdə qeyd etmək, həqiqətən, böyük xoşbəxtlik, bir ömürlük iftixarın başlanğıcı idi.
O ki qaldı Ağdamın dövlət başçısının rəhbərliyi və daimi nəzarəti, dəstəyi ilə sürətlə bərpa edilib dirçəldilməsinə bu mövzu bizim günlərin quruculuq dastanıdır. Şəhər nəhəng bir tikinti meydanını xatırladır. Yaradılan kommunikasiyalar, müxtəlif səmtlərdə boy göstərən tikililər, sanki, işıqlı gələcəyin, inkişafın ilk qaranquşları kimi xarabalıqları sıxışdırıb ermənilərin əbədi lənət ünvanına göndərir. Hər yerdə çoxlu sayda yol və tikinti texnikaları gözə dəyir, tikinti-quruculuq işləri insanın ürəyini dağa döndərir. Sürətlə yeni simasına qovuşmaqda olan Ağdam bizə hər addımda xoş əhval, bol sevinc bəxş edir.
Ağdam Sənaye Parkı – ilk 6 zavod
Ağdama budəfəki gəlişimiz Prezident İlham Əliyevin rayona bir gün əvvəlki səfərinin önəmi və yaratdığı yüksək coşğu ilə bağlı olduğundan biz də dövlət başçısının tarixi izlər qoyduğu ünvanlarda olduq. Dövlət başçısı suverenliyimizin bərpasını şərtləndirən lokal antiterror tədbirlərinin ildönümü günlərində Ağdamda yaradılan regional Sənaye Parkında görülən işlərlə tanış olaraq yeni zavodların, həmçinin yeni tikilən “Aghdam City Hotel”in və əsaslı bərpa edilən İmarət Kompleksinin açılış mərasimlərində iştirak etmişdi. Bundan başqa, ölkə rəhbəri həmin gün Ağdamın Eyvazxanbəyli kəndinin təməlini qoymuşdu, Xıdırlı və Kəngərli kəndlərində aparılan bərpa işləri ilə tanış olmuşdu.
Rayonda son dövrdə aparılmış irimiqyaslı quruculuq işləri ilə tanışlığa Ağdam Sənaye Parkından başladıq. İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov məlumat verdi ki, bu müasir istehsal parkında ilkin mərhələdə 6 sənaye müəssisəsi - “Eel Electric” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyalarının istehsalı, “BAFCO İnvest” MMC-nin müxtəlif təyinatlı ayaqqabıların istehsalı, “Rail Trans Service” MMC-nin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı, “Mister Decor” MMC-nin divar kağızları istehsalı, “Metkons” MMC-nin havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı və “Prof-Dam” MMC-nin dam örtükləri istehsalı zavodları fəaliyyətə başlayıb.
Burada ümumi investisiyaların məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında, ümumilikdə, 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bugünədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb. İşə götürülənlər isə, əsasən, Ağdamın və ətraf rayonların sakinləridir.
Müsahibimiz bir maraqlı faktı da diqqətə çatdırdı ki, Ağdam Sənaye Parkı son illərdə yaradılmasına baxmayaraq, rezident sayına görə, Sumqayıt Kimya-Sənaye Parkından sonra ölkədə ikinci ən böyük sənaye parkıdır. Mətbuat katibinin qeyd etdiyi fakt sahibkarların işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin icrasına maraq göstərmələrini, həmçinin burada onlar üçün əlverişli investisiya mühitinin mövcudluğunu göstərir. Bu isə Qarabağın və Şərqi Zəngəzurun sənaye potensialının reallaşdırılması, sahibkarlığın dəstəklənməsi, həmçinin Böyük Qayıdış çərçivəsində öz doğma yurduna dönən əhalinin istehsal sahəsində məşğulluğunun artırılması baxımından ciddi əhəmiyyətə malikdir.
Yurd dirçəlir, el geri dönür
Ağdam Sənaye Parkında istehsal prosesinə başlamış zavodlar bölgənin qısa müddətdə yenidən qurulmasını, dirçəlişini, inkişafını təcəssüm etdirir. Bəli, yuxu kimi görünsə də, Ağdam Sənaye Parkında istehsal prosesinə başlamış zavodları gəzməyə başlayırıq, özü də “Eel Electric”-dən. Müəssisənin rəhbəri Vüsal Mirzəyev bizimlə söhbətində bildirir ki, investisiya dəyəri 3 milyon manatdan çox olan zavodda Avropa və Türkiyənin qabaqcıl texnologiyaları tətbiq edilib.
Burada 35 kV, 10 Kv və 0.4 kV-luq elektrik paylayıcı qurğuları və elektrik avtomobilləri üçün şarjdoldurma avadanlığı istehsal ediləcək. İstehsal gücü isə belə nəzərdə tutulub: ildə 600 ədəd orta gərginlikli qurğu, 600 ədəd aşağı gərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığı. İstehsal olunan məhsulların 60 faizinin yerli, 40 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.
Yeri gəlmişkən, sonuncu adıçəkilən məhsulun, yəni elektromobillər üçün şarjdoldurma cihazının istehsalı respublikamızda bir ilkdir. Çox sevindiricidir ki, bu ilkə məhz Ağdamda imza atılıb. Dünyada, o cümlədən ölkəmizdə elektriklə işləyən avtomobillərin sürətlə çoxaldığı bir vaxta bu məhsula da tələbin aratacağı şübhə doğurmur. Direktor onu da bildirdi ki, 2022-ci ilin noyabr ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan “Eel Electric” MMC-nin müəssisəsində hazırda 25 nəfər işləyir. Onlardan 18 nəfəri Ağdam sakinidir. Gələcəkdə isə, ümumilikdə, 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub. Onlardan da 50-si Ağdam sakini olacaq.
Söhbət əsnasında daha bir maraqlı faktla tanış oluruq: “Eel Electric” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bugünə qədər 73 min manatdan çox vəsaitə qənaət edib.
Müasir avadanlıqların quraşdırıldığı zavodda xüsusi geyimli işçilər iş başındadırlar. Yaxınlaşıb hal-əhval tuturuq, yeni işlərinin xeyirli olmasını diləyirik. Və təbii ki, təəssüratlarını soruşuruq. Ağdam rayonunun Papravənd kəndindən olan Anar Məhərrəmov Bərdə Peşə Liseyində sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı ixtisası üzrə təhsil alıb. Ağdam şəhərində belə bir zavodun açıldığını eşidəndə müraciət edib və işlə təmin olunub:
– Hazırda elektrik quraşdırıcısı işləyirəm. Çalışıram ki, işimi layiqincə yerinə yetirim. Mən rayondan 2 yaşım olanda çıxmışam. Ona görə də heç nəyi xatırlaya bilmirdim. Ancaq Ağdam hər zaman evimizin əsas söhbət mövzusu olub. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Onların sayəsində torpaqlarımız işğaldan edildi. Neçə ildən sonra doğma yurdumuza qayıdıb burada işləmək hər birimiz üçün böyük bir fəxrdir.
Söhbət etməyə çalışdığım Namiq Məmmədzadə Ağdamın Ətyeməzli kəndinin sakinidir. Burada elektrik quraşdırıcısının köməkçisi işləyir. Ona görə “söhbət etməyə çalışdığım” yazıram ki, nə qədər təəssüratlarını öyrənməyə çalışsam da, sadəcə, “yaxşıdır!”, “gözəldir!” deyir və susur, fikirlərini daha əhatəli ifadə edə bilmir. O susur, ancaq onun yerinə azad Ağdamda işləməyin bəxş etdiyi sevincdən parlayan gözləri danışır sanki, Namiqin yaşadığı fəxarət duyğusunu gözlərindən oxumaq olur...
Aqrar bölgədə sənaye təməli
Sənaye parkı ilə tanışlığımız davam edir. Üz tutduğumuz hər yeni istehsal müəssisəsi öz genişliyi, müasir avadanlıqları, keyfiyyətli məhsulları ilə diqqətimizi çəkir. Diqqətçəkən bir məqam da istehsalına başlanılan məhsullara Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa-quruculuq zamanı tələbatın olmasıdır. Yəni sənaye müəssisələri yaradılarkən Böyük Qayıdışa hazırlıq prosesinin sürətləndirilməsi, zəruri avadanlıqların, cihazların və digər məhsulların yerli istehsal hesabına ödənilməsi kimi mühüm faktorlar da nəzərə alınıb. Məsələn, fəaliyyəti ilə tanış olduğumuz “BAFCO İnvest”-in müxtəlif sahələrdə istifadə üçün nəzərdə tutulmuş uyğun təbii dəridən, xüsusi ucluqlu və altlıqlı qoruyucu işçi ayaqqabılarına, eləcə də xüsusi təyinatlı ayaqqabılarına və poliuretan çəkmələrinə ciddi tələbin olacağı şübhə doğurmur.
Zavodun istehsal müdiri Osman Yaylalı bildirir ki, Almaniyanın ən müasir texnologiyasının tətbiqi ilə istehsal olunacaq ayaqqabılar ilin mövsümlərinə, o cümlədən təhlükəsizlik xüsusiyyətlərinə görə, fərqli modellərə bölünür və ən əsas diqqət yetirilən məqam keyfiyyətdir. Belə ki, ayaqqabıların üst hissəsi təbii dəridən, altlığı isə çoxsaylı qatlanmaya, sürtünməyə və aşınmaya davamlı olan poliuretan materialdan hazırlanır. Üst və alt hissələrin birləşdirilməsi inyeksiya üsulu ilə həyata keçirilir, bu da öz növbəsində möhkəm birləşməni və dayanıqlığı təmin edir. Zavodun istehsal etdiyi poliuretan çəkmələr su, yağlar və müxtəlif kimyəvi maddələrə davamlıdır.
Onu da öyrənirik ki, investisiya dəyəri 10 milyon manatdan çox olan müəssisədə, ümumilikdə, əsasən Ağdamdan və ətraf rayonlardan cəlb olunmaqla 120 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Zavod ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da 350 min cütü təhlükəsizlik ayaqqabıları, 160 min cütü isə poliuretan çəkmələr olacaq. İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.
“BAFCO İnvest”də qızğın iş gedir. Bir tərəfdə iri dəzgahlarda ayaqqabıları hazırlanır, digər tərəfdə isə xanım əməkdaşlar hazır məhsulların təmizlənəsi, yarlıqlarının yapışdırılması və qablaşdırılması ilə məşğul olurlar. Onlardan bir neçəsinə yaxınlaşıb işləri, haralı olduqları ilə maraqlanıram. Xoştar Aynurun valideynləri Ağdam şəhərində yaşayıblar. Ancaq özü ata-babasının doğma yurdunu ilk dəfə bu yaxınlarda, zavodda işləməyə başlayanda görüb. Deyir ki, dağıntılardan sarsılsam da, aparılan tikintilər, yenidənqurmalar mənə təsəlli oldu, sevdim Ağdamı.
Züleyxa Mustafayeva isə Aynurdan fərqli olaraq erməni vəhşiliyini, o qanlı-qadalı illəri az da olsa xatırlayır. Çünki doğma kəndləri Xıdırlıdan məcburi köçkün düşəndə 5 yaşı var imiş: “Top, raket səsləri yadımdadır. Yadıma düşür ki, ermənilər kəndimizi atəşə tuturdular. Biz də qaçıb iri dəmir boruların içində gizlənirdik. Bax, xilasımız üçün qorxa-qorxa içinə sığındığımız o boruları heç zaman unuda bilməmişəm. İşğaldan azad edildikdən sonra bura ilk gəlişimdə həmin xatirələrim yadıma düşdü, kövrəlib ağladım. Ağlamağım həm də sevindiyimdən idi ki, Ağdamımız azad olub. Ailəmiz Bənövşəli qəsəbəsində müvəqqəti məskunlaşıb. Burdan gedib evdəkilərə dedim, gözümüz aydın, azad yurdumuzu görüb gəldim! Allah Müzəffər Ali Baş Komandanımızı qorusun! Onun rəhbərliyi ilə biz bu xoşbəxt günləri yaşayırıq. Allah nur üzlü şəhidlərimizə rəhmət eləsin”!
“BAFCO İnvest” zavodu ilə tanışlığımız başa çatır. Yeni ünvana üz tutmaq vaxtıdır. Əməlli-başlı isti var. Sanki günəş sevindiyindən ətrafındakı payız buludlarını pərən-pərən salıb üstümüzə nur ələyir. Ağdam səfərimiz isə xoş ovqatla davam edir.
Mahir RƏSULOĞLU
XQ
Ağdam