COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mediaya müsahibəsində iqlim konfransına qədər Azərbaycan şəffaflıq hesabatını hazırlayacağını bildirib.
Nazir onu da əlavə edib ki, COP29 çərçivəsində respublikamızda bir çox “yaşıl” layihələri təqdim olunacaq. Bunların xeyli hissəsi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlı olacaq. Ölkəmizin digər bölgələri ilə əlaqədar “yaşıl” layihələri də iştirakçıların diqqətinə çatdırılacaq.
Muxtar Babayev daha sonra qeyd edib ki, karbon bazarını tənzimləyən maddələrin razılaşdırılması məsələsi də gündəlikdə olacaq: “Bu məsələ Paris sazişinin 6-cı bəndində öz əksini tapıb. Bir neçə istiqamət üzrə proqress var. Amma müzakirələr davam edir”.
M.Babayev söyləyib ki, müzakirə olunan məsələlər sırasında içməli su problemi, buzlaqların əriməsi də əsas mövzulardan olacaq. Bu mövzular ciddi narahatlıq doğurduğundan ölkələr müvafiq adaptasiya tədbirləri görməlidir. Çünki istiləşmə davam etdikcə bu proses daha da gərginləşəcək. Ona görə də sudan düzgün istifadəyə xüsusi diqqət yetirilməlidir.