Bədii sözə dövlət qayğısı

post-img

İnsanların bədii zövqünün formalaşmasında, daxili aləminin zənginləşməsində, xüsusilə də gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində ədəbiyyatın rolu danılmazdır. İnamla demək olar ki, yazarlarımız daim milli mücadilədə öndə gedib, azərbaycançılıq ideyasını sözün qüdrəti ilə təbliğ ediblər. Elə dövlət müstəqilliyimizin qazanılmasında, Vətən müharibəsində 44 günlük Zəfər Yürüşünün möhtəşəm qələbə ilə başa çatmasında da ziyalılarımızın və qələm adamlarının böyük payı olub. 

Ulu öndər Heydər Əliyev ədəbiyya­ta hər zaman yüksək dəyər verib. Hələ sovetlər dönəmində yazıçıların V, VI, VII, IX qurultaylarında iştirak edib. Şair və yazıçıların yaradıcılıq uğurlarını təqdir edib, onların dövlət səviyyəsin­də yubileylərini keçirib, fəxri adlara, dövlət təltiflərinə layiq görüb. Ölkəmiz müstəqillik qazandıqdan sonra isə bədii ədəbiyyata və yazarlara, həm də ədə­biyyatşünaslıq elminə, alimlərə dövlət qayğısı sözün qüdrətini daha da artırıb. Prezidentimiz İlham Əliyev hakimiy­yətə gəldikdən sonra bu tarixi ənənə – ədəbi prosesin stimullaşdırılması uğurla davam etdirilib. Dövlət başçısının ədə­biyyata qayğısı hərtərəflidir. Söz adam­larına ən böyük etimadlardan biri illik dövlət mükafatlarının ədəbiyyat sahəsi üzrə də verilməsidir. Heydər Əliyev Fondu da bu yöndə çox iş görür.

Ötən ilin sentyabrında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi­nin təşkilatçılığı, Elm və Təhsil Nazirli­yi, Azərbaycan Milli Elmlər Akademi­yasının dəstəyi ilə ölkəmizdə ilk dəfə Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçirildi. Mədəniyyətimizin inkişafında ədəbiyyatın rolu, ana dilinin saflığının qorunması, müasir ədəbi proses, uşaq ədəbiyyatı, gənclər arasında mütaliənin təbliği, teatr və kinoda ədəbiyyat fakto­ru və digər istiqamətlərdə müzakirələr aparıldı. Mütəxəssislərin forum çərçivə­sindəki fikir və təkliflərinin ümumiləşdi­rilərək “Azərbaycan mədəniyyəti-2040” Dövlət Proqramına salınması qərara alındı. 

Prezident lham Əliyev bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530, görkəmli ic­timai-siyasi xadim, AXC banilərindən biri, publisist Məhəmməd Əmin Rəsul­zadənin 140, Nəbi Xəzrinin 100 illiyi ilə bağlı sərəncamlar imzalayıb. İl boyu bir sıra digər yubileylər, xatirə gecələri də keçirilib. Azərbaycan Yazıçılar Birliyi­nin 90 illiyi təntənə ilə qeyd olunub. 

Bu il akademik Rafael Hüseynov, şair Baba Vəziroğlu, publisist Ramiz Əsgərov, şair-jurnalistlər Telli Əliyeva, Rəşad Məcid ordenlərlə təltif ediliblər. Dövlər başçısı, həmçinin apreldə Bakıda dünya şöhrətli qırğız yazıçısı Çingiz Ay­tmatovun abidəsinin açılışını edib.

Ölkəmizin gənc ədəbi qüvvələri üçün də hər cür şərait yaradılıb. Bu gün onlar mötəbər beynəlxalq tədbirlərdə Azərbaycanı uğurla təmsil edirlər. İki həftə sonra Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə türk dünya­sının gənc yazarlarının I Bakı forumu keçiriləcək. Məqsəd türk dünyasının tarixi ənənəsi olan ortaq ədəbi-mədəni əlaqələrin bugünü və gələcəyinə yeni nəsil yazarların verəcəyi töhfələrin mü­zakirəsi, ortaq ideyalar və birgə fəaliy­yətlərin artırılmasıdır.

Bir sözlə, şairlər yurdu adlandırılan Azərbaycanda söz sənəti daim yüksək urvatda tutulur, digər sahələr kimi, ədə­biyyatımızın da inkişafı diqqətdə saxla­nır.

XQ

Sosial həyat