Fars körfəzinin Kral Fəhd körpüsü

post-img

25 kilometrlik suüstü yolda süni ada, gömrük və sərhəd postları var 

Azərbaycanın diplomat və  jurnalistlərinin Səudiyyə Ərəbistanına səfəri zamanı təşkilatçılar bizi  bu dost ölkənin qonaqlar üçün maraqlı olan çox ünvanına aparmışdılar. Müqəddəs yerləri ziyarət edəndən sonra Mədəniyyət və İnformasiya Nazirliyinə, ali məktəblərə, müasir dünya standartlarına cavab verən səhiyyə müəssisələrinə, İslam İnkişaf Bankına, İslam İnformasiya Mərkəzinə, bir neçə qəzet redaksiyasına, “ARAMKO” neft şirkətinin müəssisələrinə getmiş, Peyğəmbər Məscidinin sərinlik qurğuları və həmin müqəddəs məkanı içməli su ilə təmin edən yeraltı təbii soyutma kompressorları ilə tanış olmuşduq. Həmin səfər haqqında “Salam, qibləm olan diyar!” adlı kitabda ətraflı söhbət açmışdım. 

Bu yaxınlarda isə (istinin evdən çıxmağa imkan vermədiyi günlərdə) Rusiyadakı həmkarlarımızın dünya ölkələrindən hazırladıqları maraqlı məlumatlarla tanış olarkən (https://irap.org/ru/2024/07/king-fahd-causeway-achieves-4-star-safety-certification/) Səudiyyə Ərəbistanını Bəhreyn ölkəsi ilə birləşdirən körpü haqqında geniş məlumata rast gəldim. Yadıma düşdü ki,  ərəb dostlarımız bizi həmin körpüyə də aparmışdılar. Təbii ki, vizamız olmadığına görə oradan Bəhreyn tərəfə keçə bilməmişdik. 

 Körpünün tən ortasındakı süni adada tikilmiş  65 metr hündürlüyündə qüllənin sonuncu mərtəbəsində qocaman həmkarımız Fazil Abbasın, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Qabil Köçərlinin və AzTV-nin əməkdaşı Akif Təvəkküloğlunun fotolarını məhz “Xalq qəzeti”nin foto aparatı ilə mən çəkmişdim. 

Xatırladım ki, inşası 1986-cı ildə başa çatmış Kral Fəhd körpüsü   Səudiyyə Ərəbistanını Bəhreyn ada dövləti ilə birləşdirir. Fars körfəzi üzərində (ona İran körfəzi, Ərəb körfəzi və hətta Bəhreyn körfəzi də deyirlər) inşa edilmiş bu qurğu  Asiyada ən uzun – 25 kilometrlik –  7 torpaq bənddən və onları birləşdirən 5 körpüdən ibarətdir.  Su  üzərindəki körpünün ümumi uzunluğu 12,5 kilometrdir.

Rus həmkarlarımız yazırlar ki, dövlət rəhbərləri – yəni Ər-Riyad və Manama ilk dəfə bu məsələni  1970-ci ilin ortalarında müzakirə etsələr də, layihənin reallaşdırılması 15-16 il davam etmişdir.  Bildirilir ki, nəhəng qurğunun layihəsi  Səudiyyə Ərəbistanı–Danimarka müştərək şirkəti tərəfindən hazırlanmış və tikintini  Hollandiya şirkəti icra etmişdir. Bu nadir mühəndis qurğusunun başa çatması isə Səudiyyə Ərəbistanının kralı  Fəhdin adı ilə bağlıdır. Söhbət nəhəng körpüdən getsə də, Ər-Riyadda ona “Məlik Fəhd yolu”da deyirlər. 

Yolun ortasındakı süni adada  hər iki dövlətin gömrükxanaları və sərhəd xidmətçilərinin məntəqələri, digər inzibati binalar, məscidlər, restoranlar yerləşir. Qüllədəki sürətli liftlər bizi  65 metr hündürlüyü olan sonuncu qata bir göz qırpımındaca çatdırmışdı.  Oradan həm Səudiyyə Ərəbistanının, həm də Bəhreynin səhra və  sahillərini seyr etmək olurdu. 

Mən həmin 65 metr hündürlüyündəki qüllədən körfəzin gəmilərlə, körpünün isə avtomobillərlə dolu olan mənzərəsini izləməkdən məmnun idim.  Rus həmkarlarımızın yazısından isə  öyrəndim ki, gediş haqqı o qədər də baha olmayan  bu körpüyə ağırlığı 45 tonu keçən yük maşınları  buraxılmır. 

İttifaq MİRZƏBƏYLİ

 





Sosial həyat