ABŞ-də hazırda prezidentliyə namizədlər arasında seçkiqabağı rəqabət sərt ritorika ilə səciyyələnir. Belə ki, hər iki iddiaçı bir-birinin ünvanına ağır ittihamlar səsləndirməkdən çəkinmir, hətta kobud ifadələr işlətməyi belə özlərinə rəva görürlər. Keçmiş prezident, milyarder Tramp bu sahədə xüsusilə “fərqlənir”.
Seçki texnoloqlarının fikrincə, budəfəki seçkilər Amerika tarixinin ən gərgin seçki kampaniyalarından biri ola bilər. Görünən budur ki, ölkə vətəndaşları artıq özlərini kəskin fikir ayrılıqları burulğanında hiss edirlər. Cəmiyyətdə ideoloji bir parçalanma yaranıb və bu neqativ proses güclənir.
Bəli, dünyanın super dövlətinin vətəndaşı ciddi seçim qarşısındadır. O təbii ki, ölkəsinin gələcəyi, özünün və ailəsinin rifahını düşünərək səs verməlidir. Sual oluna bilər: kim qarşıdakı 4 il üçün Amerika dəyərlərini təmin etməyə daha çox qadirdir: Tramp, yoxsa Harris?
5 noyabrda ölkə seçiciləri bu iki namizəddən birinə üstünlük verməli olacaqlar. Bunu vətəndaşlıq borcu tələb edir. Maraqlıdır, əgər seçkilər bugün keçirilsəydi, o zaman kimin daha çox qələbə qazanmaq şansı olardı? Bu suala cavab tapmaq üçün vaxtaşırı rəy sorğuları keçirilir. Sorğular, təbii ki, həqiqəti tam əks etdirmir, amma xeyli dərəcədə ümumi seçici əhval-ruhiyyəsini təcəssüm etdirir.
Məsələn, iki gün əvvəl nüfuzlu “The New York Times” qəzetinin apardığı rəy sorğularının nəticələrinə əsasən, ABŞ-nin hazırkı vitse-prezidenti, demokrat namizəd Harris builki prezident seçkilərinin nəticələrinə mühüm təsiri olacaq üç ştatda – Viskonsin, Pensilvaniya və Miçiqanda – 4 xalla keçmiş prezident Trampdan öndədir.
Bütövlükdə, Harrisin 42-nin 37-yə səs fərqi ilə ölkə boyu Trampdan öndə olduğu bildirilir. Xatırladaq ki. ABŞ-də rəy sorğularında səhv nisbəti təxminən 3 faiz qəbul olunur. Unutmayaq ki, cəmi 3 həftə əvvəl Co Bayden rəy sorğularında Trampdan xeyli geri qalırdı.
Bəllidir ki, Prezident Co Bayden bu il iyunun sonunda Trampa qarşı teledebatda zəif performans sərgiləyib. Sadə dildə desək, Ağ evin hazırkı sahibi rəqibinə dialoqu uduzub. Kifayət qədər yaşlı olan Bayden bundan sonra partiya rəhbərliyində yaranmış giley-güzarı nəzərə alaraq, iyulun 21-də namizədliyini geri çəkib və Tampa qarşı vitse-prezident Harrisi dəstəkləyib.
K.Harris mənsub olduğu Demokratlar Partiyasından dərhal ciddi maddi və mənəvi dəstək alıb. Xanım vitse-prezidentin namizədliyinin irəli sürülməsi seçkiqabağı kampaniyaya güclü bir dinamizm gətirib. Bu hadisəyə qədər Tramp qələbəni sanki öz cibində hiss edirdi.
İndi seçki yarışında vəziyyət kəskin dəyişir. Nisbətən gənc və enerjili Harrislə mübarizə aparmaq Tramp üçün heç də asan olmayacaq. Lakin çoxları Donaldı “kənək qoz” sayırlar. Nəzərə alaq ki, o, uduzmağı heç bir vəchlə qəbul etmir. Görünür, məhz bu səbəbdən, onun dilindən ara-sıra xanım rəqibinə qarşı kobud ifadələr yer alır.
ABŞ mediası yazır ki, 78 yaşlı Tramp Harrisi durmadan tənqid edərək onu intellektual baxımdan “dayaz” və “radikal solçu” kimi təsvir edir. Rəqibinin adını tez-tez bilərəkdən səhv tələffüz edən respublikaçı milyarder Harrisi seçicilərdən uzaq olan bir siyasətçi kimi qələmə verməyə çalışır: “O, müsahibə verə bilmir, səriştəsi azdır. Onun mətbuat konfransı keçirməyə ağlı çatmır."
Bu günlərdə Tramp Harrisi “Baydendən daha pis və daha az ağıllı” kimi təsvir edərək bildirib: “Söhbət ondan getmir. Söhbət onun pis siyasətindən gedir”.
Qarşı tərəf də Trampın ünvanına kinayəli sözlər işlətməkdən vaz keçmir. Harrisin komandası şübhəli Trampı daha çox məhkəmə çəkişmələrində günahlandırır. Bu günlərdə Harris noyabrda keçiriləcək seçkilərdə Minnesota ştatının qubernatoru Tim Valsla (Tim Walts) birgə mübarizə aparacağını bəyan edib. Qubernator seçkiqabağı kampaniya zamanı parlaq çıxışlarının birində deyib ki, son illər ərzində ölkədə qanun pozuntuları Trampın cinayətləri nəzərə alınaraq daha da artıb. Tim Vals gözəl natiqdir. O, auditoriyaya təsir göstərməyi yaxşı bacarır.
Bu günlərdə belə bir fakt da məlum oluib ki, Harris iqtisadi etimad sorğusunda da rəqibi Donald Trampı geridə qoyub. “Financial Times” nəşri bu barədə Miçiqan Universitetinin Ross Biznes Məktəbi ilə birgə sorğunun nəticələrinə istinadən yazıb. Respondentlərin 42 faizi iqtisadi məsələlərdə Harrisə güvəndiyini bildirib. Tramp rəqibindən cəmi 1 faiz az səs toplayıb.
Bu arada Trampın seçkiqabağı kampaniyasından mediaya bildirilib ki, prezidentliyə namizədin internetdəki məlumat sisteminə haker hücümü olub. Trampın komandası iddia edir ki, bir çox İran hakerləri həssas daxili sənədləri oğurlamaq və yaymaqda iştirak ediblər.
İranın Birləşmiş Millətlər Təşkilatındakı missiyası Tramp kampaniyasının iddiası ilə bağlı suala cavab olaraq, iştirakını rədd edib. Missiya “Associated Press” agentliyinin əməkdaşına deyib: “Biz bu cür xəbərlərə inanmırıq. İran hökumətinin ABŞ-dakı prezident seçkilərinə müdaxilə etmək niyyəti və ya motivi yoxdur”.
Yeri gəlmişkən, Harris və Tramp 10 sentyabrda “ABC News” telekanalı tərəfindən təşkil olunacaq debatda iştirak etməyə razılıq veriblər. Ümumi razılığa görə, iddiaçılar 3 dəfə “telerinqə” çıxmalı olacaqlar.
ABŞ-də teledebatlar seçici simpatiyası qazanmaq üçün geniş imkanlar açır. Hər iki namizəd özünü daha müdrik və səriştəli saydığı üçün, teledebatı udacağını düşünür. Hər şeyin düzünü isə əlahəzrət Zaman göstərəcək.
Məsaim ABDULLAYEV
XQ