Ukraynanın Kurska hücumu hərbi manevrdir

post-img

Ukraynanın Rusiyanın Kursk vilayətinə daxil olması və qısa müddət ərzində böyük ərazini nəzarət altına alması dünya mediasının müzakirə mövzusu olaraq qalır. Bölgədə federal fövqəladə vəziyyətin, antiterror əməliyyatı rejiminin tətbiq edildiyi bildirilir. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, sərhədyanı ərazilərdən 76 mindən çox insan təxliyə edilib. 4 min 400-dən çox sakin müvəqqəti yaşayış yerlərindədir. Ukrayna rəhbərliyi gözləyir ki, bu əməliyyat rus qoşunlarının diqqətini digər cəbhə mövqelərindən yayındıracaq. Eyni zamanda, Ukrayna prezidenti aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, hücumda məqsəd Kiyevin danışıqlarda mövqeyini gücləndirmək olub.

Ötən nömrələrimizdə Ukraynanın Kursk vilayətinə hücumunun dünyada doğurduğu əks-səda barədə yazmışdıq. Həmçinin Kiyevin belə qəfil əməliyyat keçirməsinin arxasında hansı niyyətlərin olduğunu da vurğulamışdıq. Kursk əməliyyatının siyasi nəticələri barədə müzakirələr hələ davam edir. Bəzi mənbələr bunu Kiyev üçün riskli addım hesab etsə də, digərləri onun Rusiya-Ukrayna qarşıdurmasındakı son vəziyyətə təsir göstərəcəyini düşünürlər. Bu tezislərlə bağlı fikirlər, rəylər haçalanır. Amma dəqiq olan budur ki, Rusiya-Ukrayna müharibəsində yeni reallıq yaranıb və tərəflər, eləcə də münaqişəyə bu və ya diqər dərəcədə bağlı olan ölkələr reallığa uyğun davranmağa məcbur olacaq. 

Rusiya gözləmədiyi Ukrayna həmləsinin qarşısını almağa çalışır. Kiyevin nəzarət altına aldığı əraziləri geri qaytarmaq üçün bölgəyə ordu hissələri göndərir. Lakin bu əks-hücumların nə qədər səmərəli olması barədə dəqiq bir söz demək hələlik çətindir. “Financial Times” ötən bazar günü ukraynalı əsgərlərə istinadən yazır ki, Rusiya əlavə qüvvələr göndərməsinə baxmayaraq, Kursk bölgəsindən Ukrayna ordusunu çıxara bilməyib. Rusiya ilə sərhəd yaxınlığında jurnalistlərlə söhbət edən Ukrayna hərbçiləri Rusiya ərazisində qaldıqlarını deyiblər. Ukraynalı hərbçilər iddia ediblər ki, Kiyev qoşunları hələ də üstünlüyə malikdir. Qəzetin yazdığına görə, Ukraynanın Kursk əməliyyatı göstərdi ki, Rusiyanın sərhəd müdafiəsi zəifdir və bu hücum ukraynalılara lazım olan mənəvi ruh yüksəkliyi verib.

Təsdiqlənmiş video və fotolar göstərir ki, Ukrayna qoşunları və texnikası çərşənbə axşamı əməliyyat başlayandan bəri Rusiyanın 30 kilometr dərinliyinə qədər irəliləyib və Kurska yaxınlaşıb. Eyni zamanda, Rusiya sərhədi yaxınlığındakı Suca şəhərində nəzarəti ələ keçirib. Ukrayna prezidenti Volodimir Zelenski şənbə günü axşam beş günlük sükutu pozaraq qoşunlarının Rusiyaya ilk dəfə müdaxiləsini açıq şəkildə deyib. Zelenski bildirib ki, baş komandiri Aleksandr Sırski ona “cəbhə xəttindəki vəziyyət və müharibənin işğalçının ərazisinə keçməsi üzrə hərəkətlərimiz haqqında” məruzə edib. Zelenski Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu daha ətraflı şərh etməyib. Eyni zamanda, o, əlavə edib ki, “Ukrayna döyüş briqadaları həqiqətən də ölkəni səmərəli şəkildə müdafiə edir, işğalçını məhv edir”.

Ukrayna ordusunu ərazidən çıxarmağa çalışan Rusiya bölgədəki əhalinin təxliyəsini də həyata keçirir. Kursk vilayətindən 76 mindən çox insan təxliyə edilib. 7 sub­yektdə 100 müvəqqəti yaşayış məntəqəsinin fəaliyyət göstərdiyi bildirilir. Ukraynanın Kurskla həmsərhəd olan Sumı vilayətində də məcburi təxliyə davam edir. Vilayətin Belovsk rayonunda da vəziyyət gərgindir və yerli hakimiyyət nümayəndələri sakinləri təxliyə etməyə çağırırlar. Sakinlərin könüllü çıxışı həm də sərhədyanı Qluşkovski, Korenevski və Sujansk rayonlarında elan olunur. Bölgənin Rıl və Xomutovski rayonları da Ukrayna ilə həmsərhəddir.

Son məlumatlara görə, Ukrayna və Rusiya bölmələri ərazidə səngərlər qazmağa başlayıblar ki, bu da cəbhə xəttinin tədricən sabitləşdiyini göstərir. Ukrayna mənbələri bildirir ki, istehkamların tikintisi üçün hər iki tərəf sənaye ekskavatorlarından istifadə etməyə başlayıb. Vyanadan olan hərbi analitik Franz-Stefan Hadinin sözlərinə görə, Kursk əməliyyatının növbəti mərhələsi hər bir tərəfin hansı ehtiyatlara malik olmasından və onları necə yerləşdirməsindən asılıdır. Onun sözlərinə görə, Kiyev sürəti saxlamaq üçün əlavə canlı qüvvə və hərbi resurslar yerləşdirməli olacaq, Rusiya isə tez əks-hücuma keçməyə və güclü qanadlı bombalar da daxil olmaqla üstün atəş gücündən istifadə etməyə çalışa bilər. Qadanın sözlərinə görə, “Kurskdakı əməliyyat, xüsusilə piyada qoşunlarının şəxsi heyətində əhəmiyyətli resurslar tələb edir ki, bu da başqa yerlərdə daha təcili lazım ola bilər”. 

S.ELAY 
XQ

 

Dünya