Çağırışçıların tibbi müayinəsində şəffaflıq və obyektivlik

post-img

Prezident İlham Əliyevin fərmanına əsasən, iyulun 2-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı 4 kateqoriya üzrə qərarlardan birinin qəbul edilməsi üçün onların yekun tibbi müayinəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Bu kateqoriyalara sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında (“B” ka­teqoriyası), sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında (“Ç” kateqoriyası), dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında (“C” kateqoriyası) və həm dinc vaxtda, həm də müharibə zamanı hərbi xidmətə yararsızlıq (“D” kateqoriyası) daxildir.

Yekun tibbi müayinənin aparılması qay­dası ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) şöbə müdiri Tural Qurbanov XQ-yə bildirdi:

– Agentlik yekun müayinəni hərbi-hə­kim komissiyalarının tibbi müayinəsinin nəticələri və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların əyani tibbi müayinə­si əsasında aparır. Həmin müayinə prosesinə hazırlıq məqsədilə nazirlik tərəfindən yekun tibbi müayinə prosedurunun da rəqəmsal inf­rastrukturu qurulub. Bu da qeyd olunan pro­sedurun həyata keçirilməsində şəffaflığın və çevikliyin, obyektiv yanaşmanın təmin olun­masına xidmət edir. 

Nazirliyin “Tibbi şəhadətləndirmə” alt­sistemi hazırlanaraq bununla Səhiyyə Nazir­liyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentli­yi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər aidiyyəti qurumların informasiya bazalarının inteqrasiyası, elekt­ron məlumat mübadiləsi imkanları yaradılıb. Müayinə ilə bağlı məlumatlar müvafiq qu­rumlardan həmin altsistemlə qəbul edilərək toplanır və yekun müayinələrin nəticələri bu altsistemə daxil edilərək rəsmiləşdirilir. Bu­nunla “Vətəndaş qəbulu” altsisteminin tən­zimlənərək “Tibbi şəhadətləndirmə” altsis­teminə avtomatik inteqrasiyası təmin edilib. 

Eyni zamanda, yekun tibbi müayinələrin həyata keçirilməsi üçün DTSERA-nın müasir tibbi avadanlıqlarla təchiz edilmiş Tibbi Qiy­mətləndirmə Mərkəzi də yaradılıb. Müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işləri də aparılıb, müddətli həqiqi hərbi xidmətə çağı­rılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinənin aparılması qaydası Nazirlər Kabineti tərəfindən təsdiq edilib. Bundan əlavə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilərək, hərbi xidmətə çağırılanlarla bağlı tibbi müa­yinələrdə qabaqcıl dünya təcrübəsinə uyğun yeni meyarlar müəyyən olunub. 

Müayinə prosesində iştirak edəcək DT­SERA və digər müvafiq qurumların əmək­daşları üçün təlimlər keçirilib və yekun tibbi müayinə sahəsi üzrə müvafiq bilik və baca­rıqlara malik mütəxəssis heyəti formalaşdı­rılıb. 

Yekun tibbi müayinə proseduru aparı­lan zaman öncə çağırışçıya dair verilmiş rəy Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfin­dən təsdiqləndiyi halda çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün e-sistem üzərindən agentliyin “Tibbi şəhadətləndir­mə” altsisteminə göndəriş (forma 44) daxil edilir. Sonra göndəriş əsasında çağırışçı üçün əyani müayinəyə elektron növbə təyin edilir. Növbəlilik əsasında çağırışçıları agentliyin həkimləri əyani şəkildə tibbi müayinələr­dən keçirirlər. Sonda müayinəyə dair qəbul edilmiş qərar e - sistemə daxil edilir və qərar barədə çağırışçıya elektron qaydada məlumat verilir.

Z.BAYRAM
XQ



Sosial həyat