Avrostandarta keçid ölkəmizdə “Aİ-95” benzinini ucuzlaşdıracaq

post-img

SOCAR-ın emal kompleksində istehsal olunan məhsulları “Avro-5” standartlarına çatdırmaq məqsədilə Heydər Əliyev adına Neft Emalı Za­vodunda aparılan yenidənqurma və modernizasiya işlərinin ilkin mərhələ­si tamamlanmaq üzrədir.

SOCAR-ın mətbuat xidmətinin bu barə­də yaydığı məlumatda daha sonra qeyd edilib ki, layihənin dizel və benzin istehsalı qurğu­larının inşası üzrə işlər yekunlaşıb, bir sıra ümumzavod təsərrüfatı qurğuları, texnoloji qurğular istismara verilib. Gerçəkləşdirilən layihə nəticəsində NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzin­ləri artıq “Avro-5” standartlarına çatdırılıb. Bununla da 2014-cü ildən hazırkı vaxtadək ölkədaxili tələbatı beynəlxalq qiymətlərlə idxal hesabına təmin olunan Aİ-95 markalı avtomobil benzini daxili istehsal hesabına təmin ediləcək.

“Avro-5” keyfiyyət göstəricilərinə uyğun daxili istehsal olunan Aİ-95 markalı avtomo­bil benzininin 1 litrinin qiymətinin 2024-cü il iyulun 15-dən bazarın konyunkturuna uy­ğun olaraq 40 qəpik ucuzlaşaraq 1,60 manat olması nəzərdə tutulub. Beləliklə, ölkəmizdə avtomobil nəqliyyatında “Avro-5” standart­larının qəbulu sayəsində iqlim dəyişikliyi ilə mübarizə və istixana qazlarının emissiyala­rının azaldılması sahəsində daha bir mühüm addım atılıb. Başqa sözlə, ekoloji standartlara cavab vermək və havanın keyfiyyətini yaxşı­laşdırmaq məqsədilə Azərbaycan özünün Aİ-95 markalı benzin istehsalını yaradıb.

Ekspertlərin sözlərinə görə, bu addım ya­nacağın qiymətinin aşağı salınması ilə yana­şı, həm də nəqliyyatın ətraf mühitə təsirinin azaldılmasına yönəldilib. Aİ-95 yanacağına keçidlə digər yanacaq növləri də tədricən bazardan çıxarılır ki, bu da Azərbaycanın yanaşmalarında əsaslı dəyişikliyi nümayiş etdirir. Respublikamızda emissiyaların azal­dılması və daha təmiz nəqliyyat növlərinin təşviqi ilə bağlı çağırışlar gerçəkləşdirməklə həm ətraf mühitə, həm də iqtisadiyyata mü­hüm töhfələr verilir. Xatırladaq ki, Avropada işlənmiş qazlarda zərərli maddələrin tərkibini təmizləyən birinci ekoloji standart 1992-ci il­dən yaradılıb, 1996-ci ildə isə “Avro-2” stan­dartının tətbiqinə başlanılıb. 

Hazırda Avropa Birliyinə daxil olan ölkələrdə daha mütərəqqi “Avro-5” standartı tətbiq edilir. Avro standartlarında həm yana­cağın tərkibi, həm də avtomobillərin texniki vəziyyəti ilə bağlı yüksək tələb qoyulur. Av­ropa standartlarına görə, 1996-cı ildən sonra istehsal olunan avtomobillərə elə zavodda xü­susi təmizləyici qurğular – katalizatorlar qu­raşdırılır və bu qurğuların işləyib-işləməməsi müəyyən müddətdən bir yoxlanılır. İstehsal tarixi 1996-cı ilə qədər olan avtomobillərə isə belə qurğuların sonradan quraşdırılması məcburi sayılır. Məsələn, Almaniyada avto­mobillərin üzərinə vurulan yaşıl rəngli nişan­la bu avtomobilin standarta uyğun gəldiyi bilinir. Belə nişanı olmayan avtomobil üçün yüksək cərimə tətbiq edilir. 

Azərbaycanda ekoloji problemlərin ya­ranmasına yol açan mühüm məqamlardan biri də avtomobillərdə istifadə edilən benzin və dizel yanacaqlarının standart göstəricilə­rinin aşağı olmasıdır. Problem təkcə Azər­baycanda yox, onun sərhədlərindən kənarda da geniş müzakirə edilir. Bir müddət əvvəl Avropa Birliyi (AB) Dövlət Neft Şirkətinə ünvanladığı tövsiyələrdə benzin və dizel yanacağının keyfiyyətini yaxşılaşdırmağın vacibliyini qabartmışdı. Birliyin tövsiyələri­nin əsasını yanacağın keyfiyyətinin tezliklə “Avro” standartlarına çatdırılması təşkil edir­di.

AB-yə daxil olan ölkələr “Avro-2” stan­dartlarına 1996-cı, “Avro-3” standartlarına 2000-ci, “Avro-4” standartlarına 2005-ci il­dən keçib. “Avro-5” standartlarına keçid isə əsas etibarilə 2009-cu ildən reallaşıb. 

Avropa standartlarına əsasən, avtomobil­lərin sürət qutusunun işçi vəziyyətində ixrac qazlarının tərkibində olan zərərli maddələrin miqdarı qram/kilometrlə ölçülür ki, bu daha düzgün yanaşma hesab olunur. Bu standart­larda, həmçinin avtomobil yanacağının key­fiyyətinə də xüsusi texniki tələblər nəzərdə tutulur.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Azərbaycanda dizel yanacağının qiyməti ilə benzinin qiyməti arasındakı fərqin azaldılması məntiqi bir addımdır. Çünki dizel yanacağı ekologiyanı daha çox korlayır. Bu yanacaq növünün qiy­mətinin benzinin qiymətinə yaxınlaşdı­rılmasını şərtləndirən bir əsas səbəb də odur ki, son zamanlar ekologiyanı daha çox çirkləndirən dizel yanacağı ilə iş­ləyən avtomobillərin ölkəmizə idxalında artım müşahidə olunmaqdadır. Bu isə hökumətin ekoloji təmizliyin təmin edil­məsi istiqamətində müəyyən etdiyi kursa uyğun olmayan bir ənənədir və onun ara­dan qaldırılması şərtdir. Nəzərə alaq ki, dünyanın inkişaf etmiş bəzi ölkələrində dizel yanacağının qiyməti benzinin qiy­mətindən yüksəkdir. Bu seçimin məqsədi də həmin yanacaq növündən istifadənin həcmini minimuma endirməkdir. 

Dünyanın bir çox ölkələrində Aİ-92 markalı benzinin istehsalı və satışı çox­dan dayandırılıb. Yəni indi dünyada av­tomobillər üçün daha çox Aİ-95 markalı benzindən istifadə olunur. Azərbaycanda bu markalı benzin istehsal edilmədiyin­dən biz onu idxal edirdik. İdxal isə baha başa gəldiyi üçün həmin benzinin 1 litri­nin pərakəndə satış qiyməti 2 manat təşkil edirdi. Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı Zavodu­nun yenidən qurulması ilə bu markadan olan benzinin yerli xammal hesabına is­tehsalı onun qiymətini 40 qəpik ucuzlaş­dırmağa imkan verdi. Yaxın gələcəkdə ölkəmizdə avtomobillərin daha çox Aİ-95 benzinindən istifadə edəcəyini nəzərə al­saq, onun qiymətinin 20 faiz ucuzlaşdırıl­masını hökumətin benzinin qiymətlərinin insanlarımızın büdcəsinə uyğunlaşdırıl­ması istiqamətində bir addımı kimi dəyər­ləndirə bilərik. Müqayisə üçün deyək ki, Aİ-95 markalı benzinin yeni qiyməti dün­yanın əksər dövlətlərində və hətta MDB məkanındakı ölkələrin çoxunda həmin markadan olan benzinin qiymətindən çox aşağıdır.

Fikrimcə, Heydər Əliyev adına Neft Emalı Zavodunun aparılan yenidənqur­ma və modernizasiya işləri nəticəsin­də yerli bazarın benzinə olan təlabatı “Avro-5” standartlarına uyğun təmin ediləcək. Keyfiyyətli benzindən istifadə edən avtomobillər havaya daha az zəhərli qaz buraxacaq, avtomobillərin istismarı zamanı yaranan nasazlıqlar aradan qalxa­caq və bütövlükdə, yanacaq sərfi aşağı düşəcək. Ən əsası isə bu, regionda “yaşıl enerji” istehsalının lokomotivinə çevril­məkdə olan, cari ilin noyabr ayında bəşə­riyyəti ciddi narahat edən iqlim problem­lərinin həlli yollarının axtarışını nəzərdə tutan dünyanın ən böyük tədbirinə – COP29-a ev sahibliyi edəcək ölkəmizin bu istiqamətdə müəyyən etdiyi kursa tam uyğun addımdır.

İlham ŞABAN, 
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Hələ 10 il əvvəl Azərbaycan Dövlət Neft Şirkətinin Heydər Əliyev adına Neft Emalı Zavodunda buraxılan bütün yanacaq növlərinin (Söhbət dizel yanacağı, eləcə də AI-92 və AI-95 markalı benzinlərdən gedir) istehsalını “Avro-5” standartlarına keçirilməsi qarşıya mühüm məqsəd kimi qoyulmuşdu. Artıq şirkət bu hədəfə tam nail ola bilib. Yəni biz əvvəllər Avro-2 key­fiyyət standartlarına cavab verən məhsul istehsal edirdiksə, artıq bunu dəfələrlə yük­səldə bilmişik. Bu da ətraf mühitə təsirlər baxımından çox müsbət haldır. Xüsusən də ölkəmizdə keçiriləcək COP29 öncəsi belə bir addımın atılması Azərbaycanın ətraf mühitə, karbon emissiyalarının azaldılma­sına olan töhfəsidir. 

Bir məsələni də nəzərə almaq lazımdır ki, son illər Azərbaycanın paytaxtında av­tomobillərin sayında kəskin artım müşahi­də olunur. Yeri gəlmişkən, Ekolgogiya və Təbii Sərvətlər Nazirliyinin hesabatlarına əsasən, hazırda Bakı şəhərində atmosferin çirklənməsinin məhz 80 faizi avtomobil­lərin yanacağından atılan tullantılar he­sabına baş verir. “Avro-5” standartlarına keçid isə bunun qarşısını əhəmiyyətli dərəcədə azalda bilər. Çünki yeni standart əsasında istehsal olunmuş yanacaq növlə­rində bu tullantılar “Avro-2”-yə nisbətən min dəfə aşağıdır.





Sosial həyat