Dünən Bakıda Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası keçirilib. İclasdan əvvəl hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın Bolqarıstan tərəfindən həmsədri, energetika naziri Vladimir Malinovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş olub.
Görüşdə Azərbaycanla Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə, qida təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, turizm sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan–Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxışında bildirib ki, iki ölkə arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Bununla belə, Azərbaycan və Bolqarıstan arasında iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğulayan nazir iki ölkənin iqtisadi potensialını nəzərə alaraq ticarət əlaqələrinin daha da şaxələndirilməsinin, idxal-ixrac əməliyyatlarının artırılmasının vacibliyinə diqqət çəkib. Qeyd olunub ki, birgə təşkil olunan biznes-forumlar, ixracyönümlü və rəqabətqabiliyyətli məhsullarımız haqqında mütəmadi məlumat mübadiləsi, o cümlədən beynəlxalq sərgilərdə qarşılıqlı fəallıq işgüzar dairələrimiz arasında əməkdaşlığı gücləndirəcək.
2020-ci ildə Azərbaycanın tarixi ədaləti bərpa etməklə 30 il işğal altında olan torpaqlarını azad etdiyini xatırladan komissiyanın həmsədri işğal zamanı Azərbaycanın bütün şəhər və kəndlərinin dağıdıldığını, tarixi, mədəni və dini obyektlərin məhv edildiyini diqqətə çəkib. Nazir əlavə edib ki, hazırda yaşıl bərpa prinsipləri və ağıllı konsepsiyalar əsasında işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, bu ərazilərin gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçirilir.
Azərbaycanın Avrasiyanın etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini söyləyən nazir Məcnun Məmmədov Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsi olan dəniz və hava limanlarının, eləcə də dəmir və avtomobil yollarının ticarət əlaqələrini artırmaqda ölkələrimizə böyük üstünlüklər verdiyini diqqətə çatdırıb. Orta Dəhlizin Avropanı Mərkəzi Asiya və Çinlə birləşdirən etibarlı və təhlükəsiz nəqliyyat marşrutu olduğunu vurğulayan nazir yeni yaradılmış Ələt Azad İqtisadi Zonasının da bu dəhlizdə yerləşdiyini xatırladıb. M. Məmmədov qeyd edib ki, burada əsas məqsəd xarici investorları cəlb etməklə müasir sənaye müəssisələrinin yaradılması, ixracyönümlü məhsul istehsalıdır. Hökumətlərarası komissiyanın həmsədri sonda hər iki tərəfdən investorları Azərbaycan və Bolqarıstandakı iqtisadi zonaların işi ilə yaxından tanış olmağa və onların üstünlüklərindən maksimum yararlanmağa çağırıb.
İqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Bolqarıstan tərəfdən həmsədri, energetika naziri Vladimir Malinov ölkələrimiz arasında ikitərəfli əməkdaşlıqda enerji sahəsinin xüsusi yer tutduğunu diqqətə çatdırıb. Ölkəsinin qarşılıqlı maraq doğuran bütün sahələrdə – ticarət və sənaye, investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, müdafiə, turizm, mədəniyyət və bir çox başqa sahələrdə Azərbaycanla əməkdaşlıq üçün mövcud imkanlardan istifadədə maraqlı olduğunu vurğulayan nazir qeyd edib ki, iki ölkə arasında ticarət əlaqələrinin intensivləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində işlərin aparılması vacib əhəmiyyət daşıyır.
Azərbaycanı Bolqarıstanın enerji sahəsində strateji tərəfdaşı adlandıran Vladimir Malinov Bolqarıstana və Cənub–Şərqi Avropa regionuna təbii qazın nəqli üçün mənbələrin və marşrutların şaxələndirilməsi istiqamətində Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Bolqarıstanın Cənub Qaz Dəhlizinin genişləndirilməsinin tərəfdarı olduğunu deyən energetika naziri, Azərbaycandan əlavə həcmdə təbii qazın alınması imkanlarını müzakirə etməyə hazır olduqlarını bəyan edib.
Bolqarıstanın Azərbaycandan Avropaya “yaşıl enerji” ixracı layihəsində mühüm rol oynayacağını bildirən hökumətlərarası komissiyanın həmsədri bərpaolunan enerji mənbələrinin inkişafını əməkdaşlıq üçün əhəmiyyətli potensiala malik mühüm sahə kimi dəyərləndirib. O, həmçinin xatırladıb ki, ötən həftə Bolqarıstan Nazirlər Şurası ölkənin “yaşıl enerji” layihəsi (Azərbaycan–Gürcüstan–Avropa “yaşıl enerji” dəhlizi) üzrə birgə müəssisədə iştirakını təsdiqləyib. Onun sözlərinə görə, layihədə Bolqarıstanın Enerji Holdinqi və onun törəmə şirkətləri iştirak edəcək.
Sonda Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokol imzalanıb. Sənəd iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, informasiya kommunikasiya texnologiyaları, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda, həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.
Eyni zamanda, tərəflər Azərbaycan–Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 7-ci iclasının gələn il Bolqarıstanda keçirilməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin əsası 1992-ci il iyun ayının 5-də qoyulub. Ötən müddətdə ölkələrimiz arasında 65 sənəd imzalanıb ki, bu da bir çox sahələrin, eləcə də iqtisadi əlaqələrin dinamik şəkildə inkişafına imkan yaradıb. Hazırda Bolqarıstanın Avropa məkanında ölkəmizin əsas ticarət tərəfdaşına çevrilməsi də bunu təsdiqləyir. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi vur-tut 15,9 milyon ABŞ dolları təşkil etdiyi halda, 2023-cü ildə bu göstərici dəfələrlə artaraq 510 milyon dolları ötüb. Eyni zamanda, ötən il aparılmış idxal-ixrac əməliyyatlarında ölkəmiz 453 milyon dollara yaxın müsbət saldo əldə edib. Bir maraqlı məqam da ondan ibarətdir ki, 2022-ci ildə Azərbaycanın dünya ölkələri arasında 28-ci xarici ticarət tərəfdaşı olan Bolqarıstan bir il sonra bu göstərici üzrə 18-ci olub.
2024-cü ilin birinci rübündə isə qarşılıqlı ticarət, təxminən, dörd dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb. Hesabat dövründə Azərbaycan Bolqarıstana 146 milyon dollarlıq ixrac həyata keçirib. Beləliklə, bu ölkə Azərbaycanın “TOP10” ixrac bazarı sırasına daxil olub.
Heç şübhəsiz, Azərbaycan və Bolqarıstan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası zamanı səsləndirilən fikirlər, müzakirə olunan məsələlər, eləcə də imzalanmış vacib sənədlər dost və müttəfiq ölkələr arasında bir çox sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsinə səbəb olacaq.