Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qubadlı-Eyvazlı avtomobil yolunun inşasını yüksək keyfiyyətlə davam etdirir.
AAYDA-nın bu barədə məlumatında bildirilir ki, 28,5 kilometrlik Qubadlı-Eyvazlı avtomobil yolu 2 zolaqlı olmaqla, III texniki dərəcəyə uyğun inşa edilir. Bununla əlaqədar çətin relyefli dağlıq ərazilərdə öncə servis yolları salınır, daha sonra xüsusi texnikaların köməyi ilə pnevmatik çəkiclərdən istifadə edilməklə qaya süxurları dağıdılaraq yol yatağının layihə səviyyəsinə gətirilir.
Digər ərazilərdə yararsız qruntun və torpaq yatağının genişləndirilməsi üçün qazma, əks dolğu, dağ yamaclarının kəsilərək və layihə səviyyəsinə gətirilərək yeni yol yatağının inşası icra olunur.
Yol yatağının profilə salınması və dolğu işləri artıq son mərhələ üzrə aparılır. Lazımi qruntdan istifadə olunmaqla lay-lay kipləşdirilən yol əsasının tikintisi artıq yekunlaşmaq üzrədir.
Yeni inşa edilən yol boyunca müxtəlif diametrlərə malik 91 dairəvi boru quraşdırılıb. Bundan başqa layihə boyunca 16 kilometr uzunluğunda drenaj sistemi də inşa edilir.
Layihə üzrə zəruri yerlərdə düzbucaqlı su keçidləri, körpü tipli müxtəlif təyinatlı düzbucaqlı alt keçidləri, yolun 2,5-ci kilometrində 122,4 metr uzunluğa malik 4 aşırımlı və 21-ci kilometrində 66 metr uzunluğa malik 2 aşırımlı avtomobil körpüləri, həmçinin 1 qovşaq da inşa olunub.
Qubadlı-Eyvazlı avtomobil yolu Qubadlı rayonun Mahmudlu, Xıdırlı, Müskanlı, Məlikəhmədli, Qudanlı, Davudlu, Eyvazlı kəndlərinin ərazisindən keçir.