Hamının yadındadır. Ulu öndər Heydər Əliyev ölkəmizdəki ictimai-siyasi proseslərin ən qaynar dövründə – 1994-cü il aprelin 29-da DİN-in rəhbər işçilərinin iştirakı ilə keçirilən müşavirədə demişdi: “Daxili İşlər Nazirliyinin hər bir əməkdaşının sosial müdafiəsini təmin etməliyik. Bu əməkdaşlar, ilk növbədə, öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, ikinci növbədə isə onların mənafeyi müdafiə olunmalıdır”.
Mən məhz həmin tezisdən çıxış edərək deyirəm ki, polisə əl qaldıranın əli qırılmalıdır. Polisin gərgin vəziyyətdə cinayətkara, caniyə, quldura, terrorçuya atəş açmaq hüququ olmalıdır. Əgər belə hüquq olmasa, onda Şüvəlanda baş verən dəhşətli hadisə təkrar oluna bilər. Polis bizi – xalqımızı, dövlətimizi, əmlakımızı, həyatımızı, əmin-əmanlığımızı qoruyursa, biz də onu qorumalıyıq.
... Şüvəlanda bir cinayətkarın – ona insan deməyə də adamın dili gəlmir – gülləsinə tuş gələn polis əməkdaşları haqqında nə isə yazmaq istəyəndə yadıma düşən ilk məqam Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən daxili işlər orqanları əməkdaşlarının siyahısı ilə maraqlanmaq oldu. Doğrusu, vaxt az olduğuna görə, dəqiq sayı tapa bilmədim. Ancaq Daxili İşlər Nazirliyinin elektron resurslarından birində oxudum ki, ölkəmiz öz dövlət müstəqilliyini bərpa edəndən 1994-cü ilədək canını Vətən naminə fəda edən daxili işlər orqanları əməkdaşlarının sayı 398 nəfərdir.
Hələ qarşıda neçə qanlı hadisələr, Aprel döyüşləri, 44 günlük İkinci Qarabağ müharibəsi, 2023-cü ildəki antiterror əməliyyatı, mina faciələri, narkomafiyalarla mübarizə tədbirləri – polisin itki verdiyi çox hadisələr, proseslər dayanırdı. Bir tərəfdən də kimlərinsə əlində alətə çevrilmiş insanların törətdikləri vəhşiliklər polis əməkdaşlarının həyatını təhlükə altına alır.
Bundan başqa, Azərbaycan polisi yuxarıda sadaladığım faktlar və hadisələr zamanı dövlətçiliyi, milli maraqlarımızı qoruyurdusa, Şüvəlandakı hadisə zamanı sadə, kasıb bir ailənin qadın və uşaqlarının həyatını qorumaq üçün qaniçən quldura atəş açmayıb. Yəni cani öz həyatını qorumaq üçün qadın və uşaqların arxasında gizlənib. Cinayətkarlığı yüz faiz məlum olan canininn uşaqlarını və ailəsini qorumaq üçün canını fəda edən mərd kişiyə heykəl qoyulmalıdır. Onun adı Azərbaycan polisidir.
Adı Rövşən (işıqlı) olan qaranlıq bayquşu yenidən həbsxanaya qayıtmaq üçün polis kapitanı Eldəniz Məmmədovun, polis serjantları Mahir Ağayev və Mirəli Heydərovun həyatına qıydı. Rəsmi məlumatlarda deyilir ki, həmin vəhşi əvvəllər də dəfələrlə məhbəs həyatı yaşayıbmış. İndi sual yaranır. Yaşı o qədər də çox olmayan bu cani dəfələrlə həbs edilibsə və islah olunmayıbsa, nə üçün nəzarətdən kənarda qalıb? Üstəlik, hələ tam sübut edilmədiyinə görə adını çəkmədiyim adamlarla onun əlbir olaraq, külli miqdarda vəsait ələ keçirilməsində iştirakı da söylənilir.
Azərbaycan polisləri öz ölümləri bahasına da olsa, bir kimsəyə xətər yetirmədilər. Vəzifə borclarını sədaqətlə yerinə yetirərək dünyaya gözlərini yumdular. Ancaq cinayətkar aləm unutmasın ki, kiminsə qadın arxasında gizlənməsinə həmişə imkan olmayacaq. Bəli, olmayacaq. Azərbaycan polisinin gözü açıq, fəhmi aydındır. Ölkəmizdəki ictimai sabitliyə heç kəs xələl gətirə bilməyəcək.
Mən bu məqamda deputat Ceyhun Məmmədovun Milli Məclisdəki çıxışında məlum məsələyə münasibət bildirərkən səsləndirdiyi fikirləri dəstəkləyirəm: “İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların qəza törətmək ehtimalı daha çoxdur”.
İttifaq MİRZƏBƏYLİ