İyunun 25-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirildi. Sədr dedi etdi ki, iyunun 26-da ölkəmizdə Silahlı Qüvvələr Günü qeyd ediləcək. 106 il öncə yaradılmış Azərbaycan Ordusu şərəfli inkişaf yolu keçərək bu gün dünyanın ən güclü orduları sırasında yer alır.
S.Qafarova Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində milli hərb tariximizə yazdıqları şanlı səhifələrin xalqımızın qürur mənbəyi olduğunu bildirdi.
Spiker dedi ki, Silahlı Qüvvələr Gününü bayram edərkən, Azərbaycan xalqı hərbi nailiyyətlərindən qürur duymaqla yanaşı, ölkənin müdafiə potensialını daha da möhkəmləndirməyə, regionda daimi sülh və sabitlik yaradılmasına kömək göstərməyə sadiq olduğunu da təsdiq edir.
O, Azərbaycan Silahlı Qüvvələrinin qarşıdakı illərdə daha da inkişaf edəcəyinə və dünyanın qüdrətli orduları sırasında öz yerini möhkəmləndirəcəyinə əminliyini bildirdi.
S.Qafarova Milli Məclis adından Silahlı Qüvvələr Günü münasibəti ilə müzəffər Ali Baş Komandan, ordumuzun qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçuları təbrik etdi, onlara yeni uğurlar arzuladı.
Sonra deputatlar cari məsələrlə münasibətlərini bildirdilər və yenilməz ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan söhbət açdılar.
Spiker gündəliyə 17 məsələnin daxil edildiyini və ilk 3 məsələnin büdcə zərfindəki qanun layihələrinin olduğunu dedi. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanunda edilmiş dəyişikliklər barəsində məlumat verdi. Onun sözlərinə görə, dəyişikliklərdə 3 milyard 796 milyon manat məbləğində yeni xərclərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin xərclərin bir sıra prioritet istiqamətlərə yönəldiləcəyini deyən komitə sədri bura işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işləri, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, infrastruktur və digər layihələrin maliyyə təminatı, beynəlxalq fəaliyyət üzrə tədbirlərin maliyyələşdirilməsi və digər zəruri xərclər, təmir və s.-in daxil olduğunu bildirdi.
Komitə sədri qeyd etdi ki, yenidən baxılma ilə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 39 milyard 707 milyon manat məbləğində, dövlət büdcəsinin gəlirləri isə 36 milyard 353 milyon manat həcmində proqnozlaşdırılır. 2024-cü ilin dövlət büdcəsinin kəsiri 764 milyon manat artaraq, 3 milyard 354 milyon manata çatdırılır.
Sonra Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2024-cü il büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə məlumat verdi.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edildi.
Gündəlikdəki digər qanun layihələri də müzakirələrdən sonra səsə qoyularaq təsdiqləndi.
Əliqismət BƏDƏLOV
XQ