Qədim türk yurdunun muxtariyyət statusu

post-img

Naxçıvan Muxtar Respublikası – 100

Son yüzillikdə Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri ötən əsrin 20-ci illərində imperialist dairələrin tarixi torpaqlarımızı hərraca qoymaq cəhdlərinin meydan suladığı  günlərdə qədim türk yurdu Naxçıvanın ərazi muxtariyyəti statusu ilə ölkəmizin tərkibində mövcudluğunu qoruyub saxlaması olmuşdur.

Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında oynadığı yüksək rolu nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında 30 dekabr 2023-cü il tarixdə Sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Naxçıvan diyarı Azərbaycanın çoxəsirlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır. Naxçıvan şəhəri Azərbaycan Atabəylər – Eldəgizlər dövlətinin paytaxtı olmuş, İslam sivilizasiyasının mühüm elm, mədəniyyət və sənətkarlıq mərkəzlərindən biri kimi geniş şöhrət tapmışdır... Strateji mövqeyi ilə seçilməsi tarixən Naxçıvanı vaxtaşırı gərgin siyasi mübarizələr meydanına çevirsə də, bu diyar qarşılaşdığı bütün sınaqları qətiyyətlə dəf etmişdir”.

XX əsrin əvvəllərində Cənubi Qafqazda baş vermiş ictimai-siyasi və hərbi hadisələrin nəticəsində üç müstəqil respublika yarandı. Batum sülh müqaviləsinə əsasən Azərbaycan torpaqlarında 10 min kvadrat kilometr ərazisi olan Ararat (Ermənistan) Respublikası təşkil olundu. Lakin erməni daşnakları bu ərazi ilə kifayətlənməyib Azərbaycana qarşı torpaq iddiaları ilə çıxış etməyə başladı. Onların ərazi iddialarında Naxçıvan diyarı da var idi. 1918 – 1920-ci illərdə ermənilər Naxçıvana mütəmadi olaraq basqınlar edir, şəhər və kəndləri dağıdır, yerli azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirirdi. Bu sahədə böyük dövlətlər onlara hər cür yardım göstərirdilər.

Gümrü müqaviləsinə görə, Naxçıvan ərazisini Türkiyə dövləti öz himayəsinə götürmüşdü və Kazım Qarabəkir paşanın başçılığı ilə buraya türk hərbi hissələri gəlmişdi. Həmin hissələr naxçıvanlılar ilə birgə ərazinin erməni işğallarından qoruyurdu.

Ötən əsrin 20-ci illərinin əvvəllərində Rusiya Sosialist Federativ Sovet Respublikası hökuməti və Türkiyə Böyük Millət Məclisi arasında mehriban münasibətlər yarandı və bu geosiyasi şərait Moskva müqaviləsi ilə nəticələndi. Moskva müqaviləsinin üçüncü maddəsi bilavasitə Naxçıvanla bağlı idi. Bu maddənin şərtinə görə Azərbaycanın protektoratı altında Naxçıvana muxtariyyət statusu verildi və Azərbaycan SSR onu üçüncü dövlətə verməməlidir. Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında Qars müqaviləsi bağlandı və həmin müqavilənin beşinci maddəsinə görə Türkiyə, Azərbaycan və Ermənistan Naxçıvan vilayətinin Azərbaycanın tərkibində muxtariyyət statusunda olmasını qəbul etdilər. Hər iki müqavilə ilə Naxçıvan vilayətinin ərazisi və sərhədləri də dəqiqləşdirildi.

Naxçıvan vilayəti muxtariyyət statusu əldə etsə də, muxtar respublikanın yaranması xeyli vaxt çəkdi. Müqayisə üçün bildiririk ki, Moskva müqaviləsinə görə Acarıstana da muxtariyyət statusu verilmişdi və 1921-ci ilin iyununda Acarıstan Muxtar Respublikası yaradıldı. Əksinə, 1923-cü ilin fevralında Naxçıvanın muxtar respublika statusu muxtar diyarla əvəz edildi. Lakin bu beynəlxalq müqavilələrə zidd idi. Ona görə də Türkiyə hökuməti buna etirazını bildirdi. Nəticədə, RK(b)P MK Siyasi Bürosunun 1923-cü il 23 avqust qərarı ilə Naxçıvan Muxtar Respublika statusunun bərpa edilməsi haqqında qərar qəbul edildi. Buna müvafiq olaraq Naxçıvan MİK 1924-cü il yanvarın 18-də Naxçıvan diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında qərar qəbul etdi. 1924-cü il fevralın 9-da Naxçıvan MSSR yaradıldı.

Naxçıvan Muxtar Respublikasının muxtariyyət statusu və onun siyasi-hüquqi xarakteri digər muxtariyyətlərdən fərqlənirdi. Naxçıvan muxtariyyətinin siyasi səlahiyyətlərə malik olması, milli və beynəlxalq müqavilələrlə rəsmiləşdirilməsi, parlamentə malik olması ilə fərqlənir. Muxtariyyətlər əsasən milli-etnik amilə əsasən yaradılır. Bu amil Naxçıvana aid deyil, Naxçıvanın muxtariyyəti işğal təhlükəsinə yol verməmək üçün beynəlxalq müqavilələr və xarici dövlətlərin razılığı ilə yaradılıb.

Naxçıvanın statusu Azərbaycan SSR-in Konstitusiyalarında öz əksini tapmışdır. Naxçıvanın muxtariyyəti Azərbaycanın unitar dövlət quruluşuna xələl gətirmir.

 

             Muxtariyyətin hüquqi statusu

 

Naxçıvanın muxtariyyəti tarixi zərurətdən irəli gəlib. Belə ki, 1918–1920-ci illərdə bölgədə çox mürəkkəb tarixi şəraitin yaranması, Zəngəzurun qərb hissəsinin itirilməsi nəticəsində Naxçıvan ərazisinin Azərbaycandan ayrı düşməsi uzun illərdən bəri xarici havadarlarının köməyi ilə bu diyara sahib olmağı arzulayan erməniləri cəsarətləndirdi. Lakin Naxçıvanı Ermənistana birləşdirmək cəhdi yerli əhalinin kəskin etirazı ilə qarşılaşdı. 1921-ci ilin yanvarında Naxçıvanda onun Azərbaycan SSR tərkibində olması barədə referendum keçirildi, rəy sorğusunun nəticəsində əhalinin 90 faizindən çoxu Naxçıvan diyarının muxtar respublika hüququnda Azərbaycan SSR-in tərkibində qalmasına tərəfdar çıxdı.

         Naxçıvanın Azərbaycanın tərkibində muxtariyyət kimi siyasi-hüquqi statusu öz xarakterinə görə Avropa ölkələrinin tərkibindəki digər tanınmış muxtariyyətlərdən fərqlənir. Məsələ burasındadır ki, Naxçıvan öz statusunu Cənubi Qafqaz regionunun bir neçə ölkəsinin beynəlxalq hüquqi razılaşmaları nəticəsində əldə etmişdir. Həm Naxçıvan, həm də Acarıstan beynəlxalq müqavilələrlə muxtar ərazi statusuna malik olmaq hüququ qazanmışdır. Buna qədər və bundan sonra da dünya təcrübəsində muxtariyyətlər xarakterinə görə müxtəlif formalarda olmuşdur: milli-mədəni muxtariyyət, siyasi-ərazi muxtariyyəti, muxtar respublika, muxtar vilayət, muxtar diyar, muxtar dairə, muxtar mahal və b. 

        Hətta eyni xarakterli muxtariyyətlər arasında da müxtəlif fərqlər mövcuddur. Gürcüstanın Acarıstan Muxtar Respublikası və Finlandiyanın Aland adaları beynəlxalq müqavilə ilə yaradılsa da, Naxçıvan Muxtar Respublikasının statusu, buradakı muxtariyyətin siyasi statusu qeyd olunan hər iki muxtar qurumdan fərqlidir. Acarıstanın siyasi səlahiyyətləri məhduddur və daha çox inzibati-iqtisadi səlahiyyətlərə aiddir. Millətlər liqası tərəfindən yaradılan Aland adalarındakı muxtariyyət isə dövlət statusuna malik deyil.

        Naxçıvanın muxtariyyəti aşağıdakı əlamətlərə görə seçilir:   

       – Naxçıvan Muxtar Respublikasının siyasi səlahiyyətlərə malik muxtar dövlət statusunda fəaliyyət göstərməsi; 

        – bu statusun dəyişdirilməsinin müqaviləni imzalayan dövlətlərin razılığı ilə ola bilməsi; 

         – muxtariyyətin həm milli, həm də beynəlxalq müqavilələrlə müəyyənləşdirilməsinin konstitusion səviyyədə əksini tapması; 

          – Naxçıvan muxtariyyətinin daxili qanunvericilik, sərbəst büdcə siyasəti sahəsində, mərkəzi hakimiyyətlə əlaqələr mexanizminin istər siyasi, istərsə də hüquqi cəhətdən heç yerdə təkrarlanmaması;

       –  prezidentlik üsul-idarəsi olan dövlətin tərkibində parlamentli respublikanın mövcud olması və s.

         Beləliklə, bir daha aydın olur ki, Naxçıvan Muxtar Respublikası eksklav xarakterli muxtariyyət modelidir. Bütün siyasi muxtariyyətlərin meydana gəlməsi üçün başlıca amil olan milli-etnik amil dünya təcrübəsində yeganə olaraq Naxçıvan muxtariyyətində tam istisnadır. Hazırda dünyada müxtəlif səbəblərdən yaranmış 283 anklav ərazi mövcuddur. Dünya təcrübəsində bu tip ərazi quruluşlarının yaranması tarixi, siyasi və coğrafi səbəblərlə əlaqədardır. Naxçıvan eksklavının yaranması daha çox siyasi-tarixi proseslərin nəticəsidir.

         Naxçıvanın muxtariyyəti, daha dəqiq desək, Azərbaycanın tərkibində beynəlxalq-hüquqi tanınması və onun xüsusi siyasi-hüquqi statusunun təmin edilməsi ermənilərlə azərbaycanlılar arasında etnosiyasi münaqişə nəticəsində yaradılmışdır. Bu münaqişə faktı və region ölkələrinin Birinci Dünya müharibəsindən sonra onun lokallaşdırılması və minimallaşdırılması istiqamətində səyləri daxili siyasi yox, daha çox xarici siyasi mənşəyə malik olan Naxçıvan muxtariyyətinin unikal xarakterini müəyyən etmişdir. Demək olar ki, 1920-ci ilin əvvəllərində konkret tarixi şəraitdə Naxçıvanın muxtariyyəti bir etnosun milli-siyasi hüquq və mənafelərinin digər birinin təcavüzü şəraitində və hər iki ölkənin dövlətçiliyinin əldə edilməsi ərəfəsində öz dövrü üçün orijinal beynəlxalq hüquqi qorunma forması oldu. 

         1921-ci ildə Naxçıvan muxtariyyəti başqa bir dövlətin tərkibində ilk dövlət ərazi subyekti olmuşdur ki, onun siyasi-hüquqi statusu, yurisdiksiyasına verilmiş metropoliya dövlətinin bilavasitə iştirakı ilə xaricdən müəyyən edilmişdir. Şübhəsiz ki, bundan əvvəl də bəşəriyyət tarixində xarici dövlətlər növbəti silahlı qarşıdurmanın nəticələrinə əsaslanaraq beynəlxalq müqavilələr vasitəsilə məğlub olan ölkənin müəyyən bir hissəsinin hüquqi statusunu kollektiv şəkildə müəyyən­ləşdirdikləri nümunələri olmuşdur.

         Naxçıvanın muxtariyyəti məsələsində isə vəziyyət tam əksinə idi. Burada muxtariyyətləşmə siyasəti Azərbaycan etnosunun siyasi, mədəni, dini birliyini onun üçün kifayət qədər mürəkkəb, konkret tarixi, milli dövlətçilik şəraitində qoruyub saxlamaq məqsədi daşıyırdı. Naxçıvanda muxtariyyətin yaradılması nəinki Azərbaycan xalqının bir hissəsinin siyasi müqəddəratını təyin etməsini, hətta etnik-dini əlamətə görə ona qarşı edilən təqiblər şəraitində yaşamasını təmin etdi. Naxçıvanın muxtariyyət tarixi yeni dövrün siyasi-hüquqi tarixində bir nümunə oldu. 

         Müəyyən ərazinin dövlət-siyasi cəhətdən gərginləşməsi yalnız separatçı deyil, həm də tamamilə yunionist, inteqrasiya məqsədləri güdə bilər. Etnosun milli birliyinin qorunub saxlanılması ideallarına bu xalqın öz müqəddəratını təyin etməsinin siyasi formalarının və praktiki ifadə üsullarının müxtəlifliyi ilə xidmət edə bilər. 1921-ci il Moskva və Qars müqavilələri yalnız beynəlxalq hüquqi sənədlər şəklində azərbaycanlıların millət kimi öz müqəddəratını təyin etdi, hətta bir etnos nümayəndələrinin formalaşdırdığı iki dövlət subyektinin paralel birgə mövcudluğu formasında oldu.

 

                 Moskva və Qars müqavilələrinin təhlili

 

         Naxçıvanın hüquqi statusu Rusiya Sosialist Federativ Sovet Respublikası hökuməti və Türkiyə Böyük Millət Məclisi hökuməti arasında bağlanmış 16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin III maddəsi və I (C) əlavəsi ilə tənzimlənmişdir. Müqavilə mətninə birləşdirilən əlavənin məzmununda Naxçıvan dairəsinin (müqavilənin rus dilində olan variantında belə adlanır – İ.H.) sərhəddinin Ermənistan istiqamətinə müəyyənləşdirilməsi qeyd edilən müqavilənin ikinci abzastını konkretləşdirdi. Moskva müqaviləsində Naxçıvanla bağlı üç prinsipial məqam öz əksini göstərir. 

         Birincisi, RSFSR hökuməti və TBMM hökuməti “razılaşırlar”, yəni de-yure Azərbaycanın protektoratı altında muxtar ərazinin Naxçıvan ətrafında de-faktonun obyektiv mövcudluğunu etiraf edirlər. Başqa sözlə, hər iki tərəf yalnız Moskva müqaviləsinin bağlanması zamanı obyektiv olaraq mövcud olan tarixi həqiqəti beynəlxalq normativ aktın normativ müddəası şəklində qanuniləşdirirlər.

         İkincisi, nə RSFSR hökuməti, nə də TBMM hökuməti, perspektivin və hətta Naxçıvan muxtariyyətinin gerçəkliyinin nə olacağına dair dəqiq bir mövqeyə malik deyildilər.

         Moskva müqaviləsinin bu məsələ ilə bağlı tərəflərinin qeyri-müəyyənliyi daha yaxşı səciyyələndirir: belə ki, müqavilənin III abzastında Naxçıvan muxtariyyətinin inzibati yurisdiksiyasının coğrafi arealı “Naxçıvan dairəsi” kimi, ikinci abzastında isə “Naxçıvan ərazisi”, I (C) əlavəsində isə “Naxçıvanın ərazisi” kimi müəyyən edilir. Yaxşı məlumdur ki, Moskva konfransının işçi dili Fransız dili idi, hər bir sözün mənasını dəqiqliklə və birmənalı şəkildə işlədilməsi vacib idi.    

         Definsiyaların bu cür uyğunsuzluğu bolşeviklərin və kamalçıların mövqelərinin kompromis kimi və ya vəziyyətin ümumi qeyri-müəyyənliyi nəticəsində, yaxud da tərəflərin qarşılıqlı olaraq Naxçıvan muxtariyyətinin hüquqi statusu məsələsində mövqeyini dəqiq konkretləşdirmək istəməməsinin nəticəsi kimi meydana çıxmışdır. Müqavilənin müddəalarına əsasən, Naxçıvan muxtariyyəti Azərbaycanın protektoratı altında yerləşən suveren ərazi kimi tanınırdı və öz növbəsində üçüncü tərəfin xeyrinə olan bu beynəlxalq-hüquqi öhdəlikdən imtina edə bilməzdi.

Üçüncüsü, Moskva müqaviləsinin III maddəsinin II bəndinə əsasən Sovet Rusiyası özü “Naxçıvan bölgəsi” ilə Ermənistan arasındakı sərhədi müəyyənləşdirmək və sonrakı demarkasiya işində iştirak etməkdən çəkildi. Moskva razılaşmasının tərəfləri, Naxçıvan muxtariyyəti Moskva müqaviləsi ilə qanuniləşdirilən Naxçıvan muxtariyyətinin ərazi ayrılması və sərhədlərinin müəyyənləşdirilməsi ilə bağlı bütün məsələlərin Türkiyə, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət üçtərəfli komissiya tərəfindən həll edilməsinə dair razılığa gəldilər. Rusların bu prosesə “müdaxiləsi” sırf texniki xarakter daşıyırdı. Komissiyanın üzvləri tərəfindən sərhəd direktrisasının təyin edilməsi Rusiya Baş Qərargahının xəritəsində 1/210000-bir düymdə - 5 verst boyunca aparılmalı idi.

Qeyd olunan 3 tarixi-hüquqi aspekt tələb edir ki, bəzi suallara da cavab verilsin.

İlk növbədə Moskva müqaviləsinin mətnində o dövr Azərbaycanın dövlət hüquqi adının qeyri-müəyyənliyi ilə bağlıdır. O, 1920-ci il aprelin 28-də elan edilmiş Azərbaycan Sosialist Sovet Respublikasının artıq mövcud olduğu dövr, 16 mart 1921-ci ildə səlahiyyətli şəxslər tərəfindən imzalanmışdır. Lakin müqavilənin III maddəsində “ASSR” deyil, “Azərbaycan” terminindən istifadə olunur.

Həmin dövrdə “Naxçıvan bölgəsi” anlayışı 1921-ci ilin yazında türk qoşunlarının nəzarətində olan Naxçıvan, Şərur-Dərələyəz və İrəvan mahalının bir hissəsində yerləşən ərazini adlandırmaq üçün Azərbaycan diplomatiyası tərəfindən istifadə edilmişdir. Naxçıvan muxtariyyətinin siyasi-hüquqi vəziyyəti Qars müqaviləsinin V maddəsində də ifadə olunur. Bu maddənin mahiyyəti ondan ibarət idi ki, Türkiyə, Azərbaycan və Ermənistanın səlahiyyətli nümayəndələri “razılıq verirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etsin”.

Hər iki müqavilənin sənəd mətninin müqayisəli təhlili müəyyən fərqi ortaya çıxarır. Moskva müqaviləsində söhbət “Naxçıvan dairəsi” və ya “Naxçıvan ərazisi”, Qars müqaviləsində isə artıq müəyyən edilmiş “Naxçıvan vilayəti”ndən gedir. İki müqavilənin ikinci mühüm mətn fərqi Naxçıvan ilə Azərbaycan arasında münasibətlərin hüquqi definasiyasına aiddir: Moskva müqaviləsində Azərbaycanın Naxçıvan üzərində protektoratı, Qars müqaviləsində isə himayəçiliyi haqqında danışılır. Fikrimizcə, bəhs olunan məsələ kontekstində Moskva və Qars müqavilələrinin məzmununun əsas fərqi məhz bundadır. 

Moskva müqaviləsinin mətnində Azərbaycanın və Naxçıvan muxtariyyətinin tabeliyini göstərmək üçün istifadə edilən “protektorat” termini beynəlxalq hüquq mövqeyindən neytral və daha az müəyyən edilmiş “himayə” termini ilə əvəz edilmişdir. Moskva konfransında TBMM hökumətinin nümayəndə heyəti Türkiyənin Naxçıvanı qorumasını elan etmiş, Qars müqaviləsinin mətninə bu ifadə daxil edilmişdir. “Protektorat” hüquqi termininin “himayə” anlayışı ilə əvəz edilməsi, onun “heç bir üçüncü dövlətə” güzəşt edilməməsi haqqında istisnaya səbəb oldu. Qars müqaviləsinin bu cür ifadəsini qəbul edən Cənubi Qafqaz ölkələri, əslində, Azərbaycanın Naxçıvan üzərində protektoratı dövlət-siyasi suverenliyə çevirdilər.

Naxçıvanla bağlı hər iki müqavilə mətnində başqa fərqlər də özünü göstərir. Moskva müqaviləsinin üçüncü bəndində Türkiyə nümayəndə heyətinin təkidi ilə yazılmış “Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir” müddəası nədənsə Qars müqaviləsində yoxdur. Əksinə Qars müqaviləsinin 5-ci bəndində isə “Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gələn” tərəflər daxil edilib ki, bunlar Türkiyə hökuməti, Azərbaycan və Ermənistan sovet respublikaları idi.

Moskva müqaviləsində Naxçıvan vilayətinin sahəsi 6038 kv. km (bəzi mənbələrdə 5988 kv.km) müəyyən edilsə də, Qars müqaviləsində bu 285 kvadrat kilometr azaldılaraq 5 min 753 kvadrat kilometr olmuşdur.

(ardı var)

İsmayıl HACIYEV, 

AMEA Naxçıvan Bölməsinin sədri, akademik

 





Sosial həyat