Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) görüşündə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi imkanları və Ukraynaya dəstək üçün “dron koalisiyası”nın işi nəzərdən keçiriləcək.
AZƏRTAC-ın məlumatına görə, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin cümə axşamı Brüsseldə Ukrayna Müdafiə Təmas Qrupunun 23-cü iclasının açılışı zamanı deyib.
“Ukrayna səmalarını qorumaq üçün təcili olaraq daha çox hava hücumundan müdafiə imkanlarına ehtiyac duyur”, - deyə Ostin bildirib.
Nazirin sözlərinə görə, “Ramştayn”ın iştirakçısı olan ölkələr Ukraynanın hava hücumundan müdafiə imkanlarını gücləndirməkdə davam etməli, eyni zamanda Ukraynanın uzunmüddətli təhlükəsizliyini dəstəkləməyə çalışmalıdırlar.
“Biz Ukraynanın uzunmüddətli təhlükəsizliyini dəstəkləyəcəyik. Bunu Ukraynanın Belçika, İslandiya, Norveç, Portuqaliya, İspaniya və İsveçlə imzaladığı yeni ikitərəfli təhlükəsizlik müqavilələrində də görə bilərsiniz. Bu təmas qrupu, həmçinin uzunmüddətli perspektivdə Ukraynanın Silahlı Qüvvələrinin gücləndirilməsi və modernləşdirilməsi üzrə işini dəstəkləyir”, - deyə ABŞ Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Ostin deyib ki, Təmas Qrupunun görüşü zamanı Ukraynaya dəstək verən pilotsuz təyyarələr koalisiyasının son məlumatları də dinləniləcək.
Qeyd edək ki, “Ramştayn” görüşü NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü çərçivəsində keçirilir. Tədbirlər proqramına əsasən, iyunun 13-də Ukrayna-NATO Şurasının müdafiə nazirləri səviyyəsində iclası da baş tutacaq.
“Ramstayn” formatı adlanan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu Ukraynaya dəstək səylərini əlaqələndirmək üçün 50-yə yaxın ölkəni birləşdirir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev