Bayram günlərində ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

post-img

İyunun ötən dövrü ərzində, iyunun 13-dək bölgələrdə, xüsusilə dağlıq və dağətəyi rayonlarda hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb. Bəzi günlərdə yağıntılar leysan xarakterli intensiv olub, dolu düşüb, əksər bölgələrdə yağıntılar ötən ilin eyni dövrü ilə müqayisədə daha çox qeydə alınıb. Yağıntının miqdarında ən çox artım olan bölgələr Quba-Qusar və Mərkəzi Aran rayonlarıdır ki, bu ərazilərə aylıq normanın 135-155 faizi qədər yağıntı düşüb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisinin sözlərinə görə, ötən ilin iyununda bölgələrdə 43 dolu hadisəsi baş vermişdisə, bu ilin iyunun ötən günlərində 42 dolu hadisəsi qeydə alınıb. Bu da dolu prosesinin intensivliyinin göstəricisidir.

“İyunun ötən dövrü ərzində ölkə ərazisində havanın temperaturu 4-7.2 dərəcə iqlim normasından çox olub. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 36, bölgələrdə isə 39 dərəcə isti olub. Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti saniyədə 27, bölgələrdə isə 34 metrə çatıb”.

N.Mahmudov bildirib ki, qarşıdan gələn bayram günlərində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var: “Bu səbəbdən bayram günlərində bölgələrə səfər edən vətəndaşlara tövsiyə edirik ki, hava məlumatlarını və hava ilə bağlı xəbərdarlıqları diqqətlə izləsinlər və səyahət planlarını hava proqnozlarına uyğun qursunlar. Xüsusilə magistral avtomobil yollarında əlverişsiz havada daha diqqətli olsunlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər”.

Son xəbərlər