Bu yazının qəhrəmanı Quba rayonunda qabaqcıl iş təcrübəsi ilə fərqlənən, 74 yaşlı fermer İldırım Məmmədovdur. Hazırda Quba rayonunda ailə-fermer təsərrüfatından söhbət düşəndə həmyerliləri həmişə İldırım Məmmədovun adını fərəhlə və iftixarla çəkirlər və “öz işini dərindən bilən əsl zəhmət adamıdır”, – deyirlər.
O, 1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun qiyabi şöbəsini bitirib və alim-zootexnik ixtisasına yiyələnib. Rayonun Nizami adına sovxozunda ilk dəfə ixtisası üzrə zootexnik vəzifəsində işləyib.
Dahi siyasətçi Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin ilk illərində respublikada cins heyvanların artırılması və inkişaf etdirilməsi məqsədilə ölkəmizin regionlarında damazlıq birlikləri yaradılırdı. Hərbi xidmətdən tərxis olunaraq rayona qayıdan gənc mütəxəssis İldırım Məmmədov Xaçmaz–Quba–Qusar rayonları üzrə cins heyvanların damazlıq birliyində əvvəlcə zootexnik, sonra isə baş zootexnik vəzifələrində çalışıb. Bir müddət sonra rayon rəhbərliyi onu Quba Rayon Kənd Təsərrüfatı İdarəsinə əvəlcə zootexnik, sonra isə rəis vəzifələrinə irəli çəkib.
Daha sonra İ.Məmmədov Nizami adına sovxozda zootexnik və direktor vəzifəsində çalışıb. O bu vəzifəyə təyin olunanda həmin müəssisə rayonun ən geridə qalan təsərrüfatlarından idi. İ.Məmmədov zəngin biliyi və təcrübəsi sayəsində qısa müddətdə sovxozu gerilikdən qabaqcıl təsərrüfatlar sırasına çıxarıb.
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Quba Rayon Kökəltmə Kompleksinin bazasında “Şahdağ” aqrofirması yaradılıb. Firmaya ət kombinatı, kökəlmə kompleksi, sovxoz , eləcə də ətin qəbulu və ət kəsmə məntəqəsi də daxil idi. İ.Məmmədov 1995-ci ilə kimi bu firmanın baş direktoru vəzifəsində işləyib. Aqrofirmanın ərazisi çox böyük olduğuna görə həmin müəssisəyə nəzarət işi hava nəqliyyatı vasitəsilə, yəni vertolyotla həyata keçirilirdi.
İ.Məmmədov 1991-ci ildən Quba rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Rəhbərlik etdiyi ailə-fermer təsərrüfatında hazırda onun 10 nəfər ailə üzvü çalışır. Təsərrüfatda, əsasən, taxılçılıq, heyvandarlıq və yemçilik sahələri inkişaf etdirilir. Təsərrüfatın özünün ailəyə məxsus 2,5 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi vardır. 200 hektar dövlət mülkiyyətindən, 200 hektar isə bələdiyyə mülkiyyətindən əkin, otlaq, örüş yeri və s. üçün torpaq sahəsi və tələb olunan texniki vəsaitlər və s. icarəyə götürülüb.
1993-cü il noyabrın 24-də Bakı şəhərində Prezident Sarayında Azərbaycan Respublikasının müstəqillik şəraitində sosial-iqtisadi vəziyyəti ilə bağlı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə torpaq islahatına və respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı iclasda o da fəal iştirak edib. Ona Ulu öndərin qarşısında öz təklifləri ilə çıxış etmək imkanı verilib.
İ.Məmmədov onun çıxışına xüsusi diqqət yetirən Ümummilli liderdən xahiş edib ki, Naxçıvan Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi vaxtda orada kənd təsərrüfatında aparılmış islahat siyasətini və torpaq islahatına dair təcrübəsini bütün respublikada–Azərbaycanın digər bölgələrində də tətbiq edilməsinə icazə versin.
Sonra yenilikçi təsərrüfat başçısı torpaq islahatı və kənd təsərrüfatına aid qanunların qəbul edilməsinə fayda verə biləcək bir sıra təklif və ideyalarla çıxış edib. Onun verdiyi təkliflərin 16-sı respublikamızda torpaq islahatı qanununda öz əksini tapıb.
İ.Məmmədovun ölkənin baş təşkilatlarına ünvanladığı mütəxəssis təklifləri əsasında respublikada mövcud olan kənd təsərrüfatı texnikasının özəlləşdirilməsi, çoxsaylı kənd təsərrüfatı vergilərinin ləğv edilərək təkcə bir növ–torpaq vergisinin saxlanılması, kənd təsərrüfatı üçün yararlı olan torpaqlarda yaşayış evlərinin tikilməsinin dayandırılması və s. kimi məsələlər qanunçuluq yolu ilə tənzimlənərək öz həllini tapıb.
İ.Məmmədov sahibkarlıq sahəsi üzrə dünya təcrübəsini öyrənmək məqsədi ilə 1993-cü ildə ABŞ-də bir aylıq təkmilləşdirmə kursunda olub. Respublikanın keçmiş kənd təsərrüfatı naziri İnam Kərimovla birlikdə Fransada kənd təsərrüfatı sərgisində iştirak edib. Heyvandarlığa aid təcrübə mübadiləsi məqsədilə Almaniyaya, fermerlərin iş təcrübəsini öyrənmək üçün Rusyaya, kənd təsərüfatı texnikası üzrə qabaqcıl təcrübəni öyrənməkdən ötrü və s. məsələlərlə bağlı Türkiyəyə səfər edib.
Respublikamızda kənd təsərrüfatı sahəsində fermer təsərrüfatlarının inkişafına verdiyi töhfələrə görə bu zəhmətkeş insanın əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Quba rayonunun sosial-iqtisadi inkişafı və ictimai-siyasi həyatındakı xidmətlərinə və səmərəli fəaliyyətinə görə İ.Məmmədov ümummilli liderimiz “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdir. Rayonun kənd təsərrüfatının inkişafında uzun illər səmərəli fəaliyyətinə görə isə “Tərəqqi” medalına layiq görülmüşdür.
Fəxrlə qeyd etməyə dəyər ki, İldırım Məmmədov torpaqda izi olan, zəhməti, alın təri ilə ucalan insanlardandır. Vətən məhəbbətindən və torpaq sevgisindən qidalanan, xalqa və dövlətə, dövlətçiliyimizə və qanunlarımıza dərin hörmətlə yanaşan 74 yaşlı torpaq adamı bu gün də gənclik illərində olduğu kimi, yüksək əhval-ruhiyyə ilə çalışır.
Zakir Bayramlı,
şair-publisist